İşığa bələnmiş ömür

Yaxşı adam haqqında ballada                                            

 

Hər gün yaxşı adam kimi günə başlamaq və yaxşı adam kimi günü başa vurmaq gündəlik vəzifəmiz olmalıdır. Yaxşı adam olmaq dağ başında, tufan qarşısında əlində top saxlamaq kimidir. Bir an unutdunsa, bir an boş buraxdınsa, əlindən düşəcək və sənin əvvəlki vəziyyətinə qayıtmağın üçün nə qədər vaxt, nə qədər güc lazım gələcək. Bəli, həyat dediyimiz şey budur.
Bəzi filosoflar deyirlər ki, yaxşılıq etməkdən yorulmamaq, qarşılaşdığı pislikləri unutmaq üçün insan hər gününü bir ömür kimi yaşamalıdır. Kim nə deyir-desin, bu dünyada ən çətin iş yaxşı adam olmaqdır. Yaxşılıq ya irsən keçir, ya da tərbiyə ilə əldə olunur: bu başqa, həm də çox geniş bir söhbətin mövzusudur. Ancaq biz belə hesab edirik ki, hər ikisinin rolu var, üstəlik də, bir insan yaxşı adam olmağı qarşısına məqsəd qoysa, istəyinə nail ola bilər…

 

***
… Ömür çox qısadır. Bir də gözünü onda açırsan ki, yaş 40-ı, 50-ni keçib, 60-ı haqlayıb, ömrün payızı qocalığına çətir tutub. Ömrün necə keçdiyini, nə zaman bu yaşa gəlib çatdığını onda bilirsən ki, saçlarına dən düşüb, ömür köhlənin yorulub, daha əvvəlkitək şaha qalxa bilmir. Bu ömrü əsl insan kimi yaşayıb, gözəl övladlar tərbiyə edən, cəmiyyət içərisində yaxşı mənada seçilən, yaratdıqları ilə yaşadığı zamana naxışlar vuran insanlar olduğu kimi, Allahın verdiyi ömrü boş və mənasız yerə xərcləyən, özündən sonra xatırlanası heç nəyi olmayan insanlar da olur. Təəssüf ki, zəmanəmizdə belə insanlar da var… Lakin aqillərimizin gözəl bir deyimi var: “Dünya yaxşıların çiynindədir”. Onu tanıyanların xatirəsinə işıqlı əməlləri ilə hopmuş, şəxsiyyət kimi daim hörmətini saxladığımız ziyalı Tahir Nağı oğlu Rəcəbov da məhz yaxşı insanlardandır.. Yaşca məndən böyük olsa da, ona həmişə Tahir, “qardaş” deyə müraciət etmişəm. Qardaş sözünün ağır yükü var. O yükü daşımaq hər kəsə müyəssər olmur…
Sizə bir insan haqqında danışmaq istəyirəm. Lap uşaqlıq dövrümdən tanıyıram. Mən orta məktəbin birinci sinfinə gedəndə o, institutun birinci kursunda oxuyurdu. Haqqında eşitmişdim, qiyabi tanıyırdım. Amma onu da eşitmişdim çox savadlı, çalışqan biridir. Sonralar daha yaxından tanıdım. Doğru deyiblər, ünsiyyət qurmasan, insanı yaxından tanıya bilməzsən. Söhbət etdik və onun dünyagörüşü, hər bir mövzuya çox dərin yanaşması, mədəniyyəti məni heyran etdi. İnstitutu bitirdiyi illər çətin dövrə düşmüşdü (Bu barədə özü söhbət açacaq).
Tahir Rəcəbov Allahın ona verdiyi ömür payından səmərəli istifadə edib, KİŞİ ömrü yaşayıb. Hər görüşümüzdə, söhbətimizdə ondan çox şey öyrənirəm, ibrətamiz hərəkətləri çoxdur. İnsanlara nəcibliyin, sadəliyin və xeyirxahlığın nə olduğunu bir nümunə kimi göstərir. Özünün xəbəri yoxdur, bu yazını hazırlamazdan qabaq dostlarından, onu tanıyanlardan bir neçəsinin fikrini öyrəndim. Bir nəfərin dilindən pis söz çıxmadı. Onun həddən artıq istiqanlı, şirindil insan olduğunu bildirdilər. Öz bildiklərimi təsdiqlətmək, daha da zənginləşdirmək üçün bu addımı atmışdım. Onu da dedilər ki, haqsızlıqdan ağrıyan, əzab çəkən, qovrulan, hətta küsən insandır. Nə qədər emosional, çılğın, şən, gümrah görünməyə çalışsa belə dalğınlığını da gizlədə bilmir. O, duz-çörəyi itirən, dost-tanışa biganə qalmayan, əhdə dönük çıxmayan biridir.
Tahir Rəcəbov incə duyumlu, kövrək qəlbli insandır. Elə bil onda pedaqoqluq, filosofluq, ədəbiyyatşünas, hətta alimlik xüsusiyyətləri də var. Onu heç kəslə müqayisə edə bilmirəm. Tahiri aydın məqsədli, qətiyyətli, təmənnasız, Vətənini, xalqını sevən ziyalı kimi tanımışam.
O, böyük intellektə malik insan kimi, ona müraciət edən hər kəsə həyatın ziddiyyətlərindən baş çıxarmağa yardım göstərib. Tahir təkcə savadı ilə deyil, həm də Vətəninə, millətinə, el obasına sevgisi, əxlaqi dəyirlərə hörməti, ədəbiyyata sevgisi ilə bağlı gözəl ziyalılarımızdandır.
Tahir Rəcəbov insan sərrafıdır. O, həmişə insanların dərdlərini və problemlərini gözlərindən anlayıb, onlara dəyərli məsləhətləri, lazım gələrsə, maddi yardımı ilə dəstək olub. Həmişə də bizə deyib, insan nə qədər çalışsa da, özü-özündən qaça bilməz; həmişə özünüz olun, öz qüsurlarınızı görüb aradan qaldırmağa çalışın.
Rayon mühitində yaşamasına baxmayaraq, o, respublikanın bütün ədəbi-bədii qəzet-jurnallarını alır, oxuyub qeydlər aparır, tənqidi fikirlərini bizimlə bölüşürdü. Ömrü boyu, həqiqətən, böyük ədəbiyyat uğrunda vuruşub, hansı janrda olursa-olsun, ədəbi-bədii əsərlərin yaxşı və pis cəhətlərini görməkdə müstəsna istedada malikdir.
Savadlıdır, həm də onu başqalarından fərqləndirən bir qəlbi var bu insanın. Övlad kimi ən dəyərli övladdır, qardaş kimi, çox insana nümunə ola biləcək qardaşdır. Ata kimi əsl atadır, gözəl ailə başçısıdır.
Çox kövrək qəlbi var, həssasdır. Bilsə ki, kiminsə bir cüzi olsa da, dərdi var, ona kömək etməyə çalışacaq, o dərdi özünə dərd edəcək. Çıxış yolu axtaracaq. Savadlı, oxuyan gəncləri xüsusilə sevir, diqqət göstərir. Şəxsən şahidi olmuşam, neçə-neçə gəncə dayaq olub.
Ömürnaməsindən bəzi məqamları özü bizə nəql edir:
– 1952-ci ilin mart ayında dünyaya göz açmışam. Atam Nağı Əbülfəz oğlu Rəcəbov 1929-cu ildə Lahıc qəsəbəsində kolxozçu ailəsində anadan olub. Üç qardaş, bir bacı olublar. Atam ailənin 2-ci övladı olub. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda babam hərbi xidmətə səfərbər edilib və orada şəhid olub. Ailənin bütün qayğıları nənəmin üstünə düşüb və o, ailəni çətinliklə saxlamalı olub. 1944-cü ildə böyük əmim də hərbi xidmətə səfərbər edilib və beləliklə, ailənin qayğılarını nənəmlə birlikdə atam da çəkməli olub. Bu səbəbdən də o cəmi 5 il məktəbə gedib və 5 il oxuması barədə sənəd almağa müvəffəq olub. Həddi-buluğa çatan yaşlarında atam rayon istehsalat kombinatında işləyirdi. 1949-cu ildə Basqalda kombinatın filialı açılır və atam bu filiala rəhbər göndərilir. Sadə peşə adamı olub. Elə o zamanlar da anamla tanış olub və 1951-ci ildə ailə həyatı qurub. Anam 1931-ci ildə Basqalda anadan olub, 4 il təhsil alıb, Lahıca gəlin köçüb, lakin orada yaşaya bilməyib (Lahıc dilini bilmirdi). Beləliklə, onlar Basqal kəndinə köçüblər və elə o vaxtdan da atam bu qədim məkanda tam məskunlaşaraq basqallı olub. Kiçik əmim Sahibi də o, böyüdüb, əmim də Basqalda məktəbdə oxuyub və elə öz məktəb yoldaşı ilə ailə həyatı qurub. Atam sadə peşə adamı kimi dabbaqlıq, sərraclıq və çəkməçilik peşəsi ilə məşğul olub.
Biz ailədə 6 qardaş və 2 bacı olmuşuq. Mən 1959-cu ildə Böyük Vətən Müharibəsi Qəhrəmanı Kamal Qasımov adına Basqal kənd orta məktəbinin 1-ci sinfinə gedib 1969-cu ildə bitirmişəm. Məndə nədənsə həmişə məktəbə qeyri-adi istək olub. İndinin özündə də hər hansı yaşayış məntəqəsində – şəhərdə və kənddə bir məktəbin yanından keçəndə qəlbim xüsusi ehtizaza gəlir, birtəhər oluram, istəyirəm ki, o məktəbə daxil olam, sinifləri gəzəm, partalarda oturam, yazı lövhəsinin qarşısında durub divardakı coğrafi xəritələrə baxam… Sonradan bilmişəm ki, mən doğulanda ana nənəm uşaq məktəbcanlı (məktəbə həvəsi) olsun deyə göbəyimi məktəbin həyətində basdırıb (bunu nənəm özü mənə danışmışdı və anam da təfsilatı ilə demişdi). Nə deyim, həyat qəribəliklərlə doludur…
Elə bil Tahir danışdıqca mənim də uşaqlıq dövrüm yadıma düşür, mən də eyni illəri yaşayırdım. Bəli, çox maraqlı söhbətimizi davam etdiririk.
– Orta məktəbdə çox yaxşı oxumuşam. Bir cəhətim var ki, fənlərin heç birinə fərq qoymamışam. Ən çox riyaziyyatı, coğrafiyanı və dilləri (Azərbaycan, rus, alman) sevirdim. Rus dilini çox yaxşı bildiyimə görə Siyavuş Novruzovu, riyaziyyata görə Əziz Hüseynovu, kimya fənninə görə Ayaz müəllimi qeyd edirəm. Müəllimlər rayon mərkəzində keçirilən fənn olimpiadalarına məhz məni aparmaq istəyirdilər (riyaziyyat, fizika, kimya). Təbii ki, hamısına gedə bilməzdim və mən riyaziyyatı seçdim. Məktəbi bitirən ili sənədlərimi Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsinə verdim, lakin müsabiqədən keçə bilmədim. Bərk stress və sarsıntı keçirdim. Dəli olmaq dərəcəsinə gəlmişdim (məndən zəif oxuyanlar qəbul olunmuşdu, mən yox). Rəhmətlik atam vəziyyətimi görüb geri qayıtmamağım və xiffət çəkməməyim üçün sənədlərimi digər ali məktəbin axşam şöbəsinə verməyi tövsiyə etdi (təbii ki, əyani şöbədən sonra axşam şöbələrinin qəbulu başlayırdı) və Neft-Kimya İnstitutunun axşam şöbəsinə yüksək qiymətlə qəbul olundum. Lakin mənim profilim olmadığı və bu sənəti istəmədiyim üçün 3-cü kursu bitirdikdən sonra sənədlərimi geri almaq istədim, ala bilmədim. Dedilər təhsilin yarısını keçmisən, niyə çıxırsan?
1972-ci il idi. Mən hərbi xidmətə getdim. Rus dilini yaxşı bildiyim üçün burada böyük hörmət qazandım. Komandir məni hərbi məktəbə məsləhət bildi. Mən başa düşdüm ki, Neft-Kimya İnstitutundan sənədləri geri almaq üçün yaxşı fürsətdir. Hərbi hissənin məktubu ilə sənədlərimi geri götürə bildim və ailə vəziyyətimi bəhanə gətirərək hərbi məktəbə getmədim. Sovet dövrü olduğu üçün hərbi xidmət zamanı birillik Partiya Məktəbini bitirdim və sənəd aldım. Hərbi xidmətdən qayıtdıqdan sonra 1974-cü ildə sənədlərimi Xalq Təsərrüfatı İnstitutuna verdim. Əslində mən müəllim olmaq istəyirdim. Lakin o zamanlar deyirdilər ki, (həqiqətən də belə idi), Xalq Təsərrüfatı İnstitutuna pulsuz daxil olmaq mümkünsüzdür. Məhz ona görə mən həmin məktəbi seçdim, bununla sübut etmək istəyirdim ki, savad, bilik varsa, heç kim pul ala bilməz və mən bunu sübut etdim. Xalq Təsərrüfatı İnstitutunun əyani şöbəsinə yüksəl balla qəbul olundum və 1978-ci ildə oranı qırmızı diplomla bitirdim. Təyinatla İsmayıllı rayonuna göndərildim. Və ixtisasım üzrə rayon statistika idarəsində əvvəlcə iqtisadçı, sonra idarənin rəis müavini işlədim. 1991-ci ildə məni Respublika Statistika Komitəsinə şöbə rəisi vəzifəsinə irəli çəkdilər. Rus dilini yaxşı bilməyim burada da özünü göstərdi, axı sovet dövrü idi. Mən komitəyə gəldikdən sonra şöbəmiz dalbadal 5 il SSRİ üzrə keçici bayraq aldı və ittifaq miqyasında tanındıq. Komitənin ali rəhbərliyində daha yüksək vəzifəyə keçirilməyimə namizəd idim. Lakin ailə vəziyyətimlə əlaqədar rayona qayıtmalı oldum. 1991-ci ildə rayon vergi müfəttişliyində işləməyə başladım.
1992-ci ildə Bakı Maliyyə Kredit Texnikumunun İsmayıllı filialı təsis edildi (o zaman texnikumun direktoru Mirdaməd Sadıqov idi və İsmayıllı filialının açılması məhz onun xidməti idi) və məni filiala direktor təyin etdilər. Test imtahanlarının başlanğıc ili idi. Filialda 5 ixtisas üzrə 125 şagird qəbulu planı var idi. 125 yerə qarşı respublikanın bütün bölgələrindən 430 sənəd verilmişdi. Çox təəssüf ki, cəmi 2 nəfər qəbul olundu. Ona görə də filial ləğv olundu və qəbul olunmuş 2 nəfər texnikumun özündə oxuyası oldu.
Mən yenidən vergi orqanlarında xidmətə qayıtdım və vergi xidməti müşaviri rütbəsində 2017-ci ildə 65 yaşımın tamam olması ilə əlaqədar dövlət qulluqçusu kimi pensiyaya çıxdım.
1983-cü ildə ailə həyatı qurmuşam, Bir oğlum, bir qızım var. Hər ikisi ali təhsillidir. Qızım xarici dil müəllimi, oğlum iqtisadçıdır.
Bir bacım və bir qardaşım ali təhsilli, o biri bacım orta ixtisas təhsillidir.
Tahir qardaşım danışdıqca onun söhbətindən doymaq olmur. Məntiqli, məzmunlu və şirin danışığı, vallah, adamı valeh edir. Bunun özü də bir mədəniyyətdir.

 

***

Çox gözəl bir söz var: hirslə qalxan peşmanlıqla oturar. Ona görə də ən azı bu iki məsələni gündəlik həyatına tətbiq edən insan artıq özünütərbiyə prosesinin çox mühüm bir mərhələsini keçmiş olur. Bəzi filosoflar deyirlər ki, yaxşılıq etməkdən yorulmamaq, qarşılaşdığı pislikləri unutmaq üçün insan hər gününü bir ömür kimi yaşamalıdır. Buna görə də hər səhər yenidən doğulurmuş kimi yatağından qalxmalı, hər axşam məzara girirmiş kimi yerinə girməlidir. Biz məsələni bu qədər fəlsəfi bir müstəviyə daşımaq istəməsək də, onu vurğulamaq istəyirik ki, tərbiyə insan həyatında həlledici amildir, xüsusilə də özünütərbiyə. Üstəlik, bu da bir həqiqətdir ki, özünü tərbiyə edə bilən insan başqalarını daha asan tərbiyə edə bilər. Tahir Rəcəbov kimi!..
Hər gün yaxşı adam kimi günə başlamaq və yaxşı adam kimi günü başa vurmaq gündəlik vəzifəmiz olmalıdır. Yaxşı adam olmaq dağ başında, tufan qarşısında əlində top saxlamaq kimidir. Bir an unutdunsa, bir an boş buraxdınsa, əlindən düşəcək və sənin əvvəlki vəziyyətinə qayıtmağın üçün nə qədər vaxt, nə qədər güc lazım gələcək. Bəli, həyat dediyimiz şey budur. Heç kəs büdrəməkdən, yıxılmaqdan sığortalanmayıb. Ona görə də bu dünya son ana qədər mübarizədir. İstəsək də, istəməsək də… Necə ki Tahir Rəcəbov bu mübarizədədir!..
Mənim tanıdığım Tahir Rəcəbov bərəkətli, işığa bələnmiş bir ömür yaşayır… Deyirəm, kaş cəmiyyətimizdə belə insanların sayı çox olaydı!..

Daşmir ƏJDƏROĞLU,
“Dü
nyanın səsi” qəzeti, 28 fevral 2020-ci il

Şərh Yaz