Nazir vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq nazirliyin rəhbərliyinin bölgələrdə mütəmadi səyyar qəbulları keçirilir.

Fevralın 5-də Ədliyyə naziri Fikrət Məmmədov İsmayıllı şəhəri Heydər Əliyev Mərkəzində İsmayıllı, Qəbələ, Göyçay, Şamaxı, Oğuz və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edib.

AZƏRTACın verdiyi xəbərə istinadən bildiririk ki, qəbul öncəsi ümummilli lider Heydər Əliyevin İsmayıllı şəhərindəki abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbul zamanı vətəndaşlar diqqətlə dinlənilib, ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Qaldırılan digər məsələlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Yerli sakinlər vətəndaşların bölgələrdə qəbulu ilə bağlı Azərbaycan Prezidentinin göstərdiyi qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Səfər çərçivəsində nazir yerli ədliyyə orqanlarının və məhkəmənin işi ilə tanış olub, regionun ədliyyə işçiləri və hakimləri ilə müşavirə keçirib.

Nazir ədliyyə və məhkəmə fəaliyyətinin dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun təkmilləşdirilməsi üzrə görülən tədbirlərdən danışaraq, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli müstəsna əhəmiyyətə malik Fərmanının bu sahədə mühüm “yol xəritəsi” olduğunu vurğulayıb, o cümlədən məhkəmə fəaliyyətinin müasirləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi, məhkəmə hakimiyyətinə ictimai etimadın və şəffaflığın artırılması, vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı yeni qanunvericilik aktlarından irəli gələn vəzifələrin dürüst icrasının təmin olunması ilə bağlı və digər aidiyyəti məsələləri qeyd edib.

Müşavirədə dövlətimizin başçısının fevralın 3-də regionların sosial-iqtisadi inkişafının yekunlarına dair keçirdiyi konfransda dövlət məmurları qarşısında qoyduğu tələbləri, xüsusilə insanlara qayğılı münasibət göstərilməsi, qanunun tələblərinə ciddi əməl olunması, pozuntulara, özbaşınalığa yol verilməməsi, şəffaflığın artırılması ilə bağlı tapşırıqları diqqətə çatdırılıb, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, sui-istifadə hallarının və korrupsiyanın yolverilməzliyi vurğulanıb.

“İsmayıllı xəbərləri”

Şərh Yaz