Aşkarlanan nöqsanlar həllini tapmalıdır

İsmayıllı Rayon İcra Hakimiyyətinin 2019-cu ilin iş planına uyğun olaraq 30 dekabr tarixdə RİH başçısı yanında növbəti Şura iclası keçirilib.
İclasda RİH başçısı yanında Şuranın üzvləri,  RİH-in şöbə müdirləri, xidmət idarələrinin, gündəlikdəki məsələlər üzrə aidiyyəti təşkilat və müəssisələrin nümayəndələri iştirak edib.
Şura iclasını giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq iclas iştirakçılarını salamlayıb. Onları qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib.  Gündəlikdə duran təşkilatı məsələyə baxılıb.  Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi Xamis Bədəlov başqa işə keçməsi ilə əlaqədar şöbənin yeni təyin olunmuş rəisi  Nəbiyev Əfran Xanəli oğlu Şura üzvlüyünə qəbul  olunub. İsmayıllı Olimpiya-İdman Kompleksinin rəisi Xamis Bədəlovun da Şura üzvlüyündə qalması məqsədəmüvafiq hesab olunub.

İclasın gündəliyindəki növbəti məsələ – “Rayonda aqrar iqtisadiyyatın inkişafı sahəsində  qazanılmış nailiyyətlər və qarşıda duran vəzifələr” barədə RİH başçısının müavini Mahmud Süleymanov məruzə edib.

Məruzənin müzakirəsindən sonra  RİH-nin Memarlıq və tikinti şöbəsinin müdiri Vüsal Abdullayevin “Rayon ərazisində aparılan tikinti işlərinin qanunvericiliyə uyğun olması vəziyyəti və qarşıda duran vəzifələr” barədə məruzəsi dinlənilib. Məsələ ətrafında geniş müzakirə aparılıb, tənqidi çıxışlar səsləndirilib. Bu sahədə ciddi iş aparılmasının təxirəsalınmaz olduğu vurğulanıb.

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq gənclər arasında ailə dəyərləri haqqında və erkən nikahlara qarşı profilaktiki maarifləndirmə işinin gücləndirilməsinin təşkili, həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr” haqqında RİH başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova fikirlərini səsləndirib.

Bu məsələnin gündəlik nəzarətdə saxlanılması, bu sahədə icra edilən tədbirlərin kəsərliliyinə  nail olmağın vacibliyi çıxışlarda əksini tapıb.

Müzakirəyə çıxarılmış məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sonda müzakirə olunan məsələlər üzrə görülmüş müsbət işlərlə yanaşı, nöqsanların da olduğunu qeyd edib. O, aşkarlanmış nöqsanların 2020-ci ildə aradan qaldırılması üçün tövsiyə və tapşırıqlarını verib.
Şahməmməd Soltanov

 

Şərh Yaz