Vəzifələr müzakirə və icra olunur

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) təşkilatçılığı və Kənd Təsərrüfatı Nazirliyinin digər yerli qurumlarının iştirakı ilə rayonunun iri taxılçılıq və heyvandarlıq təsərrüfatları olan İvanovka, Mollaisaqlı, Hacıhətəmli, Qalagah, Soltankənd, eləcə də  Ruşan, Xankəndi, Sulut, Quşencə, Tircan, Qoşakənd, Diyallı və Təzəkənd kəndlərində fermerlərlə görüşlər keçirilib.

Görüşlərdə Elektron Kənd Təsərrüfatı İnformasiya sistemində (EKTİS) qeydiyyat, yeni subsidiya mexanizmi, lizinq yolu ilə texnika və damazlıq heyvanların alınması, payızlıq səpinlə əlaqədar istehsalçıların qarşılaşdıqları çətinliklər və çətinliklərin aradan qaldırılması məsələləri, eləcə də zərərvericilərlə mübarizə tədbirləri barədə müzakirələr aparılıb.

Mərkəzin əməkdaşları payızlıq şumun və səpinin gedişi ilə yerlərdə tanış olub, mexanizatorlara və fermerlərə lazımi tövsiyələr verib, onları maraqlandıran sualları cavablandırıblar.

DAİM-in rəhbəri aidiyyəti mütəxəssislərlə N.Nikitin adına kolxozun bağlarında üzüm yığımı ilə yaxından tanış olub, kolxozun rəhbəri ilə qarşıda duran vəzifələri müzakirə ediblər.

Görüşlərdə yeni subsidiya mexanizmi ilə əlaqədar fermerlər təlimatlandırılıb, yeni mexanizmlərin üstünlükləri, səpin zamanı yüksək reproduksiyalı toxumlardan və mineral gübrələrdən istifadənin əhəmiyyəti, eləcə də siçanabənzər gəmiricilərlə vaxtında mübarizənin səmərəliyi  barəsində ətraflı məlumat verilib.

Mütəxəssislər olduqları ərazilərdə payızlıq səpin üçün şumun hazırlanmasının gedişi ilə də tanış olublar.  Səpinin optimal müddətdə başa çatdırılması ilə əlaqədar mexanizatorlara və fermerlərə lazımi tövsiyələr veriblər.

Sentyabr ayının sonlarından başlayaraq rayonumuzda payızlıq səpinə start verilib. Payızlıq səpin üçün 14 oktyabradək 26400 hektar sahədə şum çıxarılıb. 2500 hektar sahədə isə növbəti ilin məhsulu üçün payızlıq səpin aparılıb. Hər gün sahələrə 50-60 ədəd toxumsəpən aqreqat çıxarılır.

Fermerlər yüksək repraduksiyalı toxumlardan istifadə etməklə yanaşı, səpinlə birlikdə mineral gübrələrin tətbiqinə də üstünlük verirlər. Artıq rayonun dağlıq zonası olan Müdiri, Sulut, Xankəndi kəndlərində səpin başa çatdırılıb. Cari ildə 30400 hektar sahədə payızlıq dənlilərin səpini nəzərdə tutulub və səpinin oktyabr ayının sonlarınadək başa çatdırılması hədəflənib.

Sübhan Hüseynzadə

 

Şərh Yaz