Müasir dövrdə ümumi təhsilin aktual problemləri

Ulu öndər Heydər Əliyev gənc nəslin təlim-tərbiyyəsinin vacibliyini, onun  həmişə diqqət mərkəzində saxlanılmasını, bu istiqamətdə fasiləsiz, məqsədyönlü fəaliyyətin aparılmasını vurğulayarkən deyirdi ki, “dünyanın gələcəyi elmli insanların çiyinləri üstündə qurulacaqdır”. Ulu Öndərin gənc nəslin təlim-tərbiyəsinə bu cür yanaşması Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin  fəaliyyətində ön plana çəkilmiş, nəticə etibarı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”sənədi meydana gəlmişdir. Bu sənəd müəllim-valideyin, müəllim-şagird münasibətlərinə yeni yanaşmanı zərurətə çevirdi. Təhsil müəssisələrində demokratikləşdirmə, inteqrasiya, humanistləşdirmə, fərdləşmə prinsiplərini əks etdirən yeni təhsil sistemi yaranmış və inkişaf etməkdədir. Bu prinsiplərin reallaşdırılması prosesi öz-özülüyündə  cəmiyyətin inkişaf atmosferasında yeni şəraitdə problemlərlə üzləşməsi qanunauyğundur. Problemlərin çevik, nəticəyönümlü həllində humanizm prinsiplərinə söykənən müəllim-şagird münasibətlərində dioloji mədəniyyət xüsusi yer tutur. Lakin təhsil qanunvericiliyində, təhsil sahəsində dövlət siyasətinin mahiyyətinə əsaslanan planlaşdırma və icra sistemində hər bir fərdin məsuliyyətlə yanaşması, rastlaşdığımız aktual problemlərin tam həllində ləngidici cəhətlər var.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda hazırki dövrdə təhsillə bağlı hədəflərdən biri də şəxsiyyətlərin formalaşmasına yönəlmiş milli-mənəvi, bəşəri dəyərlər ruhunda gənc nəslin tərbiyyəsi öz  aktuallığını saxlayır. Belə ki, məktəb-valideyin, valideyin-müəllim əlaqələrini yeni müstəviyə gətirməklə pedaqoji, psixoloji əməkdaşlıq məktəbin fəaliyyət proqramlarında öz əksini tapmışdır.

Sual olunur: “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin bütün tələbləri çərçivəsində yeni pedaqoji texnologiyaya görə təlimin məqsədi şagirdin fikirlərini, davranışını dəyişməkdir. Şagirdin –şəxsiyyətin hərtərəfli inkişafına mənfi təsir edən amillər nədən və necə peyda olur?. Zaman və mühit amili bu prosesdə qabarıq şəkildə özünü büruzə verir. Zaman – müasir dövrdə cəmiyyətin inkişafı, ölkədə siyasi sistemin dəyişməsi, mühit isə köhnə təfəkkür tərzindən uzaqlaşa bilməyən, yeni təfəkkürə alışa bilməyən ailələr, inkişaf edən texnoloji imkanlar sayəsində yayılan qazet, televiziya, internet kimi informasiya vasitələridir. Təhsilin inkişafı üzrə “Dövlət Strategiyası”nın  bütün kriteriyaları üzrə  dinamiklik müəllim-valideyin, valideyin-şagird, şagird-müəllim zəncirindəki həssas həlqədə zəifləyir, şəxsiyyətin inkişafına əngəl yaradır. Daha çox bu zəncirin valideyin-şagird həlqəsində-ailədə özünü göstərir. Bunun üzərinə mühit amillərini də əlavə etsək (televiziya, internet) problemlər ciddiləşir.  Müəllim bu problemləri nə qədər dərindən başa düşsə də, fəaliyyətində ən yaxşı metodika işləyib tətbiq etsə də, müəllim-valideyin, müəllim-şagird münasibətlərində humanizmm prinsiplərindən yanaşsa da, qarşıya qoyulmuş məqsədə çatmaqda gərginlik yaranır. Ailənin ab-havası  uşağın psixologiyasını formalaşdırır. Sağlam ailə – sağlam nəsil deməkdir. Təəssüflə qeyd edim ki, məktəblərin əksəriyyətində psixoloqların olmaması səbəbindən şagirdlərin hansı ailəyə – səmimi, mehriban ailəyə yoxsa davakar, tüfeyli, qalmaqallı ailəyə mənsubluğunun təyinində çətinliklə üzləşirik. Məhz əksər məktəblərdə psixoloq kadrlarının olmaması səbəbindən təhsildə çətinliklə qarşılaşan, davranışında çatışmazlığı olan uşaqların üzə çıxarılması, onlarla xarakterinə uyğun işin qurulması, siniflərdə sosial-psixoloji mühitin yaradılması, təhsil alanlarla və təhsil verənlər üçün psixoloji inkişaf atmosferinin təmin olunması ləngiyir və yaxud heç olmur. Müəllim sinifdə ayrıseçkilik salmadan humanist münasibət göstərir, yəni şagirdin şəxsiyyətinə maraq göstərir, fikrinə hörmət edir, tədris fəaliyyəinə yüksək  tələbkarlıqla yanaşır, şəxsiyyətin inkişafına qayğı göstərir, şagirdlərə müstəqillik, təşəbbüskarlıq, sərbəstlik verir. Bütün bunların müqabilində necə olur ki, dünən məktəblə vidalaşmış gənclər bu gün ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafındakı böyük dinamizmi görməyən kor insanların təsir dairəsinə (19 yanvar mitinq iştirakçıları) düşür. Bunun başlıca səbəbi yuxarıda qeyd etdiyim ikinci tip ailədə tərbiyyə almasıdır. Bunun kökündə milli-mənəvi dəyərlərin qiymətləndirilə bilməməsi durur. Uşaqlarda  bu dəyərlər ailədə formalaşmalı, məktəblərdə inkişaf etməlidir. Qeyd etmək yerinə düşər ki, qloballaşan dünyada gənc nəsil üçün milli-mənəvi dəyərlər xüsusi rol oynayır. Ölkəmizdə buna böyük əhəmiyyət verilir, təhsilin inkişafı üzrə “Dövlət Strategiyası”nda  bu məsələ geniş və aydın şəkildə öz əksini tapmışdır. Cənab Prezident İlham Əliyevin  milli-mənəvi dəyərlərimizlə bağlı gözəl fikirləri var. Vətənə bağlı olmayan, vətənpərvərlik hissindən kənar  adamlar bu fikirləri heç zaman əxz edə bilməzlər.

Müasir dövrdə ümumitəhsilin aktual problemlərindən danışarkən xüsusi qeyd etmək lazımdır ki,  tədris olunan fənləri əhatə edən elektron resurslar  məhduddur, əksər kənd  məktəblərində isə heç yoxdur. Şagirdlərin vətənpərvər ruhda tərbiyə olunmasında əsas yük Azərbaycan tarixi və coğrafiya, GHÇ  və dil-ədəbiyyat fənlərinin üzərinə düşür. Bu fənlər üzrə hətta sadə elektron resursların (səs, şəkil, video, qrafik) hazırlanması üçün şərait yoxdur. Dəqiq fənnlər üzə yenilikçi müəllimlər şagirdlərin tədrisə marağını artırmaq üçün sadə elektron resursları hazırlaya bilər, lakin bu da belə tədrisdə etdiyi nəticəni qənaətbəxş etməyəcəkdir. Son  dövrlərdə  ciddi problemə çevrilən internet aludəçiliyini də qeyd etmək vacibdir. Bu da tədrisin keyfiyyətinə ciddi təsir göstərir. İndi hamının internetdən istifadə etmək imkanı var. Onun faydalı tərəfləri çoxdur, lakin  müasir gənc, yeniyetmə uşaqların internetdən istifadəsi nəinki onlara  xeyir verir, onların mənəvi-tərbiyəvi, psixoloji durumlarına çox mənfi təsir göstərir. Xüsusən aqressiv döyüş səhnələri  olan internet oyunları şagirdlərin psixologiyasına ciddi təsir göstərir. Belə gənclər cəmiyyətdə düzgün mövqe tutmaqda çətinlik çəkirlər. Ümumdünya Səhiyyə Təşkilatı internet aludəçiliyini alkoqolizm, narkomaniya kimi pis vərdişlərin siyahısına daxil etmişdir.

Son dövrlər məktəblilər üçün zərərli olan və asılılıq yaradan vərdişlərin ən geniş yayılanları onların sağlamlığına, mənəviyyatına, psixologiyasına ən çox təsir edənləri – faydasız televiziya verilişləri, mobil telefonlar, siqaret çəkmək, həddindən artıq yemək, yüksək şəkər istehlakı, az hərəkətlilik və s. göstərmək olar. Məktəbin müvafiq iş planlarında şagirdlərin bu pis vərdişlərə “yoluxmağının” qarşısını almaq üçün bütün vasitələrdən istifadə etməsinə  baxmayaraq onu yaradan ailə ilə bağlı və sosial  səbəblər görülmüş tədbirlərin faydalı iş əmsalını aşağı salır. Bu işdə müəllim-valideyin münasibətlərinin düzgün qurulmasına əks təsir edən uşağa valideyin dəstəyinin kifayət qədər olmaması, uşaqlara həddindən artıq sərbəstlik verməsi, valideyinlərlə uşaq arasındakı ünsiyyətin normal olmaması,  lazımsız ailə intizamı və s. amilləri göstərmək olar. Valideyin ilk  növbədə  uşağın zərərli  vərdişlərlə məşğul olan insanların əhatəsində olmamasına nəzarəti artırmalı, uşaq üçün ciddi faydalı məşğuliyət yaratmalıdır.  Təlim prosesinə mənfi təsir göstərən  bu kimi vərdişlərin qarşısını almaqda təkcə müəllimlərin fəaliyyəti yetərli deyil. Yaxşı olardı ki, tibb işçiləri, həkimlər vaxtaşırı məktəblərdə görüşlər təşkil etsinlər, alkoqolizmə, narkomaniyaya, zərərli vərdişlərə aid maarifləndirici söhbətlər aparsın, müvafiq filmlər nümayiş etdirsinlər. Sağlam nəsil yetişdirmək hamının borcudur.

Müasir dövrdə ümumtəhsilin aktual problemlərinin qısa zaman kəsimində həllinə nikbinliklə yanaşıram. Prezident İlham Əliyevin apardığı iqtisadi, siyasi, mədəni sahələrdəki dinamik inkişaf siyasətinin nəticəsi qüdrətli Azərbaycandır. Çox da uzaq olmayan bir zamanda Azərbaycanın ən ucqar kənd məktəbinin fəaliyyətini xarakterizə edən aspektlərdən biri olan maddi-texniki bazanın vəziyyəti təkmilləşəcək və daim zənginləşdirilərək bununla əlaqədar problemlər öz həllini tapacaqdır.

Nəsimi Mürsəliyev,

Qurbanəfəndi kənd tam orta məktəbinin riyaziyyat müəllimi       

 

Şərh Yaz