Tütün və onun fəsadları

Ümumdünya Səhiyyə Təşkilatı hər il 31 May tarixini Ümumdünya Tütünçəkmə Günü kimi  qeyd edir. ÜST insan  sağlamlığını tütünçəkmənin bəlalarından qorumaq üçün mübarizə konvensiyası ilə dünya  ölkələrinə müraciət etmişdir. Ölkəmizdə də “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması  haqqında 01 dekabr 2017-ci il tarixli 887-VQ nömrəli Azərbaycan Respublikası qanunu qəbul edilmiş, buna müvafiq olaraq Nazirlər Kabineti tərəfindən bir neçə tələb və qaydalar hazırlanmışdır.

Yuxarıda qeyd olunan müraciətlərə, verilən qanunlara uyğun olaraq tütünün zərərli təsiri barədə  davamlı olaraq televiziyalarda, dövrü mətbuatlarda maarifləndirici tədbirlər aparılır.

Dünyada ağciyər xərçəngindən baş verən bütün ölüm hallarının 2/3-dən çoxu tütünçəkmə ilə  əlaqədardır: ikincili tütün tüstüsünün təsiri isə tütün çəkməyən insanlarda ağciyər xərçənginin inkişaf  riskini artırır. Ağciyər xərçənginin inkişaf riskini tütünçəkmədən imtina etməklə azaltmaq olar, tütünçəkmədən imtina etdikdən 10 il sonra bu risk təqribən 2 dəfə azalır.

Tədqiqatlarla müəyyənləşdirilmişdir ki, siqaret tüstüsündə 4000-dək kimyəvi maddə vardır. Onların  250-si zərərli maddədir, 50-si isə konserogen (xərçəng törədən) maddələrdir. Tütün tüstüsündə olan  qətran, nikotin kimi maddələr, zərərli qazlar və radioaktiv maddələr insanda ağ ciyər, ağız boşluğu, dodaq, qırtlaq xərçənginin əmələ gəlməsinə səbəb olur. Bundan başqa, tütün çəkənlərdə mərkəzi sinir  sistemi daim gərgin vəziyyətdə olur, beyinə qanın, bununla da oksigenin daxil olması çətinləşir. Ona  görə də tütün çəkənlərin əqli iş qabiliyyəti  aşağı düşür və yaddaşları zəifləyir. Nikotin qan damarlarının   sıxılmasına, arterial təzyiqin yüksəlməsinə, ürək döyüntülərinin artmasına və qan damarlarının  arterosklerozuna səbəb olmaqla miokart infarktına, insultlara, vaxtından tez qocalmaya səbəb olur.

Tütünçəkmə – insanın özünün başına açdığı bəlalardan biridir. Bu insanlar öz bioloji həyat  müddətlərindən orta hesabla 15 il tez ölürlər!

Tütünçəkmə – hər il ürək-damar xəstəliklərindən təxminən 2 milyon insanın ölümünə səbəb olur. (ÜST. 2018-ci il).

Tütün çəkən insanlar arasında bütün ürək-damar xəstəliklərinin 20-25%-i tütütnçəkmənin nəticəsində  baş verir.

Tütün çəkənlər xarici görünüşlərinə görə də fərqlənirlər. Dişlər və dırnaqlar saralır, eləcə də üzdə qırışlar çoxalır və “siqaret çəkən şəxsin sifəti” sindromuna gətirib çıxarır.

Unutmayın ki, yalnız özünüzü deyil, ailənizi, birlikdə çalışdığınız iş yoldaşlarınızı və hətta eyni nəqliyyatda sizinlə birlikdə yol gedən insanları belə tütün tüstüsü ilə zəhərləyirsiniz.

Tütün çəkənlərin əksəriyyəti  tütünçəkmədən həzz almadıqlarını və bu zərərli vərdişdən əl çəkməyə hazır olduqlarını, lakin “iradələrinin çatmadığını” bildirirlər.

Əslində isə bunun səbəbi  məqsədin olmamasıdır. Bu onunla sübut olunur ki, tütünün ağır  fəsadları ilə (miokard infarktı, beyin iflici, xərçəng əlamətləri) həkimə müraciət edən şəxslərin 99%-i tütün çəkməni dərhal unudurlar.

Unutmayın ki, son siqaretdən yalnız:

* 8 saat sonra qanda oksigen həcmi artır və ürəyin fəaliyyəti normallaşır.

* 24 saat sonra zəhərli maddə olan dəm qazı orqanizmdən xaric olur və ağciyərlərdəki bəlğəm azalır.

* 48 saat sonra nikotin orqanizmdə olmur. Dad və qoxu hiss etmə qabiliyyəti  normallaşır.

* 72 saat sonra tənəffüs yolları tüstüdən tam təmizlənir, nəfəs almaq  asanlaşır.

* 2-12  həftə sonra qan dövranı bütün bədəndə bərpa olunur. Yerimək asanlaşır.

* 3-9  ay sonra öskürək, təngnəfəslik aradan qalxır.

* 5-10 il  sonra infarkt  riski  heç  siqaret çəkməyənlə eyni səviyyəyə  enir. Ağciyər xərçənginə tutulma  riski azalır.

Tütünçəkməyə qarşı mübarizə məqsədi ilə qəbul edilmiş göstərilən sənədlərin icrasını təmin etmək bir  sıra dövlət orqanlarına, o cümlədən Səhiyyə Nazirliyinə həvalə edilmişdir. Nazirliyin tədbirlər planına  müvafiq olaraq rayon GEM-nin mütəxəsisləri təhsil və tərbiyə, habelə səhiyyə müəssisələrində, onların ərazilərində monitorinqlərə başlamışlar. Bu araşdırmalar dövlət tabeliyində olan digər təşkilatlarda da davam  etdirilir, tütünçəkmənin insan orqanizminə zərəri  barədə əməkdaşlarımız tərəfindən səhiyyə  maarifi işləri aparılır.

Xanlar Qəmbərov,

İsmayıllı rayon GEM-nin direktoru               

 

Şərh Yaz