Peşə borcuna məsuliyyətlə yanaşır

Hər daşı, qayası, gülü, ağacı, mal ayağının izində belə yığılıb qalmış yağış suyundan tutmuş bumbuz bulaqlarına qədər hər bir zərrəsi mənə tanış olan Vaşa kəndində Əzizov soyadlı elə, obaya, yurda bağlı bir nəsil şəcərəsində böyüyüb o. Elə keçən əsrin altmışıncı illərində Müdiri kəndində təhsil aldığım illərdən tanıyıram onu. İstiqanlı, cəfakeş, sadə xarakterlə səciyyələnən bu nəslin hər bir nümayəndəsində saydığımız və saymadığımız insan əxlaqına aid yaxşı nə varsa görmək mümkündür. O, özünə və işinə qarşı tələbkar olmaqla yanaşı, eyni zamanda başqalarından da diqqət tələb edən, öz iradlarını və təkliflərini verməkdən çəkinməyən bir insan, əsl vətəndaşdır. Sadə, savadlı və məntiqli insandır.

Hər bir insan həyatında ömür qismətinə pay düşən illərini yaşayır. Günlər, aylar, illər bir-birini əvəz edir, hər şey ibrətamiz keçmişə, acılı-şirinli xatirələrə çevrilir. Gərək hər kəs qonağı olduğumuz bu dünyada səssiz-səmirsiz keçən günlərin hesabatını versin. Ömür yoluna müəyyən məsafədən dönüb baxsın. Əziz müəllim ömür yolunun yolçusudur. Hər xırda bir işinin də sonda hesabatını verir, onu əsil işi də elə budur.

Əziz Əzizov peşəsini yaxşı bilməklə bərabər, çalışdığı kollektivə də yaxşı rəhbərlik edir. Onun başçılıq etdiyi kollektivdə sağlam psixoloji atmosfer hökm sürür, yoldaşlar arasında səmimiyyət, bir-birinə mehr-məhəbbət, qarşılıqlı hörmət və başqa müsbət əxlaqi fəzilətlərin nümunəsi sayıla biləcək davranış müşahidə olunur ki, bu da Əziz Əzizovun bacarıqlı idarəçiliyinin nəticəsidir.

Hazırda Statistika İdarəsinin rəisi Əziz Qərib oğlu Əzizovun tərcümeyi-halından onu yaxından tanımayanlara bəzi məlumatları vermək istəyirəm. Sizlər də tanış olun:

O, 1959-cu ildə oktyabr ayının 30-da rayonun Vaşa kəndində, kolxozçu ailəsində dünyaya göz açıb. İbtidai təhsilini doğma kəndində, ümumi orta təhsilini Müdiri kəndində, tam orta təhsilini isə 1977-ci ildə İsmayıllı rayon 3 nömrəli tam orta məktəbində bitirib. Həmin ildə İsmayıllıda fəaliyyət göstərən 138 saylı Texniki Peşə Məktəbinə daxil olub, dülgər-xarrat peşəsinə yiyələnib. Gələcəyə inamla qüvvəsini əmək meydanında sınayıb. 63 nömrəli Səyyar Mexanikləşdirilmiş Dəstədə fəhlə işləyib. Onda zəhmətkeşlik ailədən, kökdən gəldiyi üçün tez də nəyə qadir olduğunu göstərir. İnsanlara doğmalaşır, ona xoş münasibət göstərirlər. Təhsilə, elmə marağı, ən əsası bundan sonrakı həyatını elm yoluna bağlamaq niyyəti onu Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hazırlıq şöbəsinə gətirir, 1981-ci ilin iyul ayından həmin institutun kənd təsərrüfatının iqtisadiyyatı və təşkili fakültəsinə əyani daxil olur. 1986-cı ildə institutu fərqlənmə diplomu ilə bitirərək, kənd təsərrüfatı istehsalatının təşkili və iqtisadiyyatı ixtisasına yiyələnir. Həmin ildən 1987-ci ilin sentyabr ayına kimi İsmayıllı Quşçuluq fabrikində baş iqtisadçı vəzifəsində, 1987-ci ilin sentyabr ayından 1991-ci ilin yanvar ayına kimi rayondakı Xanlar adına sovxozda partiya işində çalışır.

1991-ci ilin may ayından 21 aprel 2003-cü il tarixə kimi Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinin müdiri, 2003-cü ildən hal-hazıra kimi isə İsmayıllı Rayon Statistika İdarəsinin rəisi vəzifəsində işləyir.

Əziz Əzizov Vaşa torpağında halal əməyi ilə ad-san qazanan, zaman-zaman gələn nəsillər üçün mənəviyyat, kamillik, müdriklik örnəyi sayıla biləcək, hamının ehtiramla yad etdiyi Qərib kişinin səkkiz övladından biridir. Qərib kişi zəhmətkeş insan və kolxozçu idi. Bütövlüyü, ağsaqqallığı, çörəkli olması Əzizin də daxili aləmində özünə silinməz, əbədi yer etmişdir. Anası Şirinnaz xanım da sayılıb-seçilən, sağlam əqidəli və zəhmətkeş xanım olub. Birlikdə səkkiz övlad – beş oğul, üç qız böyüyüb boya-başa çatdırmış, ailə sahibi etmiş, çoxuna ali təhsil vermişlər.

Əziz Qərib oğlu Əzizov həmişə harada və hansı vəzifədə işləməsindən asılı olmayaraq, səmərəli fəaliyyət göstərmiş, rayon rəhbərliyinin göstəriş və tapşırıqlarını  vaxtlı-vaxtında və səylə yerinə yetirmiş, bütün sahələrdə təşəbbüskarlığı ilə seçilmiş, çoxunun hörmətini qazanmışdır. Əziz müəllim işə məsuliyyəti, öz üzərində daim çalışması, zəhmətkeşliyi, davranış mədəniyyəti ilə də seçilir. O,  vəzifə sahibi kimi bütün sahələrdə kollektivdə çalışan işçilərin qayğısına qalır, tələbkarlıq göstərməklə yanaşı, onların hər birinin problemlərinin həllinə çalışır. Əziz müəllim insanlığı hər şeyin fövqündə görən ziyalıdır. İnsanlıq amili və dövlətçilik onun üçün hər şeydir. Bu da onun qəlbinin saflığından və təmizliyindən irəli gəlir.

Əziz müəllim mənalı, şərəfli ömür yaşayan ziyalılardandır. Allah verən ömrü şərəflə yaşamasının nəticəsidir ki, cəmiyyətdə ona olan hörmətin dairəsi də olduqca genişdir.

Əziz müəllim demək istədiyi sərt sözü incə bir yumorla çatdırmağı bacarandır, qaş-qabağı heç vaxt tutulmayandır, ürəyindəki gözündə, gözündəki dilində olan, yalandan, riyadan, məkrdən uzaqdır.

Söhbət əsnasında o bildirdi  ki, bu il oktyabr ayının 1-10-da Azərbaycanda əhalinin növbəti siyahıyaalınmasını keçirdik. Bu siyasi bir kompaniya idi. Bu işə kollektivin və cəlb olunan şəxslərin hər birisi layiqincə yanaşmışdır. Əhalinin siyahıyaalınması ən kiçik coğrafi ərazi vahidləri belə əhatə olunmaqla bütün rayon ərazisində yaşayan əhalinin sayının və seçilmiş sosial-demoqrafik göstəricilərə dair məlumatların mütəmadi zaman intervalı ilə rəsmi uçotunu aparmağa imkan verən tədbir layiqincə yerinə yetirilmişdir. Siyahıyaalma suallarına verilən dolğun və düzgün cavablar hər şeydən öncə gələcəyə bir inamdır. Odur ki, kollektiv üzvləri işini düzgün quraraq, təlimatlara uyğun iş aparmışlar. Siyasi kompaniya çox uğurla həyata keçirilmişdir.

İsmayıllı Rayon Statistika İdarəsinin rəis müavini Daşdəmir Məmmədovun dediklərindən:

– Əziz müəllim kollektivdə öz səmimiliyi, həssaslığı, məsuliyyət hissi və diqqətcilliyi ilə fərqlənir. Həyata baxışı da çoxlarının baxışlarından fərqlənir. İstənilən yaxşı işi, xeyirli əməli təbliğ edən, sürətləndirmək üçün əlindən gələni əsirgəməyən, istənilən pis işi ləngitməyə çalışandır. Əziz müəllim dərin intellekt sahibi kimi daim axtarır, arayır, öyrənir, öyrədir, ona müraciət edənlərə kömək edir. Buna görə də kollektiv arasında böyük hörmət qazanmışdır.

86 saylı DSK-nın baş məsləhətçisi Eldar Əliyev biləndə ki, Əziz müəllim haqqında yazı işləyirəm çox xahiş etdi ki, onun da ürək sözlərini oxucularımızla bölüşək:

– Əziz müəllim özünü sevdirən və sevilən bir insandır. Peşəsinə olan dərin məhəbbəti, yüksək dərəcəli məsuliyyət, gözəl rəhbərlik qabiliyyətinə malik olması hamı tərəfindən birmənalı qəbul edilmişdir. Əziz Əzizov işinə sadiq adamdır. Seçki zamanı şəxsi keyfiyyətləri hesabına ictimai həyatda nüfuzlu söz sahibidir. Həmişə düşünüb danışır, çox bilsə də məsləhətləşməyi sevir. İstəyir ki, rəhbərlik etdiyi kollektiv sağlam və hörmətli olsun. Buna nail də olub. Yubileyi münasibətilə təbrik edir, ona can sağlığı və işlərində uğurlar arzulayıram.

Əziz Əzizov yaxşı rəis olduğu kimi, nümunəvi ailə başçısıdır. Ömür gün yoldaşı Şəmsiyyə xanım ilə üç qız bir oğlan övladı böyüdüblər. Oğlu Rəşid, qızları Pərvin, Yaqut və Ülviyyə ali təhsillidirlər. O, övladlarını həmişə azərbaycançılıq ideyası ruhunda kökləyir və onların əsl vətəndaş kimi yetişməsinə çalışır. Qızları ailəlidir, üç nəvəsi var.

Yaxşı deyirlər ki, yazılan tarixdir.

Əziz müəllimin 60 yaşı tamam olur. Bu münasibətlə mən də onu təbrik edirəm. Əslində heç inanmağım gəlmir ki, 60 yaşa qədəm qoyur. Onun zəhmətkeşliyi, insanlara münasibəti, öz şəxsi təsərrüfatı ilə məşğul olması, danışığı gənclik şövqündən xəbər verir. Elə buna görə də deyərdim ki, 60 yaş Əziz üçün gənclik yaşadır. Tanrıdan ona möhkəm can sağlığı, işlərində yeni-yeni uğurlar diləyirəm. Ömrü bəslədiyi arıların balı kimi şirin və bərəkətli olsun.

Hacıməmməd Məmmədov

 

Şərh Yaz