Qəssablar əmək haqlarının artmasını hamıdan çox gözləyirlərmiş

Respublikanın bölgələrində, eləcə də İsmayıllıda mal və qoyun ətinin qiyməti artmaqda davam edir. Rəsmi statistika da bu məlumatı təsdiqləyir.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi normaya görə adambaşına il ərzində 85 kiloqram ət tələb olunur. Söz yox ki, adamların bir çoxu üçün bu rəqəm olduqca əlçatmazdır.

Qiymət artımı əhalinin, xüsusən də aztəminatlı ailələrin ətdən istifadə məsələsinə təsirsiz ötmür. Baş verən bahalaşma minimum əməkhaqqı, pensiya ilə dolananların alıcılıq qabiliyyətinin tam aşağı düşməsinə səbəb olur.

İsmayıllıda 1-2 ay əvvəl  9-10 manata  satılan dana əti hazırda 11 manata, 10-12 manata təklif edilən quzu əti isə 13 manata qədər bahalaşıb. Müşahidə və müqayisə aparanlar haqlı olaraq ölkədə bahaçılıq baxımından İsmayıllı bazarının öndə olduğunu söyləyirlər.

Ət satışı ilə məşğul olanlar qiymət artımını iqtisadi baxımdan əsaslandırmağa çalışırlar. Yanacağın və yemin qiymətindəki artımı ətin qiymətinə təsir göstərən amil kimi qələmə verirlər.

Onların fikrincə hazırda kəsilən heyvanlar qışdan bəslənilənlərdir. Ot biçimi mövsümündə 2-3 manat arasında satılan ot bağlamasının qiyməti qışda 4-5 manata qalxır.

Məsələ ilə yaxından tanış olmaq üçün bazara üz tutmalı olduq. Araşdırma zamanı öyrəndik ki, heyvan yemi olduğundan qiymətdə həmişə buğdadan ucuz olan arpa son bir neçə ildə hər kiloqramda buğdadan 8-10 qəpik daha baha satılır. Bunun niyəsinə vaxt ayırmadan, qəssablardan bir neçəsi ilə mümkün qədər səmimi söhbət etməyə çalışdıq:

– Bu işlə məşğul olanlar yaxşı bilirlər ki, istənilən zamanda qəssaba kəsdiyi iribuynuzlu heyvanın hər bir kiloqram ətindən 50 qəpik, qoyun-keçi ətindən isə 1 manatadək qazanc – zəhmət haqqı qalır. Belədə qəssab istəyər əti ucuz və çox satsın ki, gəliri də çox olsun.

Heyvandar xərcini, çəkdiyi zəhməti hesabladıqdan sonra heyvanı bizə satır.  Heyvanı aşağı qiymətə aldığımız vaxtlarda ət də ucuz idi. Gündə 50-60 kiloqram qoyun əti, 100-120 kiloqram mal əti satdığımız vaxtlar da olub.

Heyvan satanın da öz problemləri var. Ot, yem baha başa gəlir. Yer əvvəlki qiymətə şumlanmır, taxıl əvvəlki qiymətə biçilmir. Yanacağın qiyməti bahalaşmasaydı, yəqin ki, sonrakı bahalaşmalar da olmazdı. Həyatda biri-birindən asılı olan məsələlər var…

Yanacaq bahalaşması məsələsi dilə gətirildiyindən anladıq ki, edilən söhbət heç də o qədər səmimi deyil. Tarif Şurası 3-4 il əvvəl yanacağın qiymətini qaldıranda ət satışı ilə məşğul olanlar da dərhal hiss olunacaq dərəcədə bahalıq yaratdılar. Demək olar ki, bu halla istəmədən hamı barışdı da. Bəs indi…

Bir müddət əvvəl ölkə Prezidenti cənab İlham Əliyevin əmək haqlarının artırılması ilə bağlı imzaladığı Sərəncama istinad edib, ət satışında qiyməti qaldırmaq birmənalı şəkildə süni qiymət artımıdır və  bu hal ərzaq və yeyinti məhsullarının, eləcə də satıla bilən digər ehtiyacların qiymət artımına yol açan məsələdir. İnsaf dinin yarısıdır, – deyib atalarımız. Sərəncama görə əmək haqlarında artıma hələ bir neçə ay var axı…

Əminik ki, süni qiymət artımına rəvac verilməsinin qarşısı aidiyyəti qurum və təşkilatlar tərəfindən alınmalıdır və alınacaqdır.

Araşdırma zamanı qəssablar onu da bildirdilər ki, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək, qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq məqsədi ilə yaradılmış Qida Təhlükəsizliyi Agentliyi onlardan əhaliyə səviyyəli xidmət göstərməyi tələb edir. Bunun üçün rayonda “Yaşıl bazar” adlanan ərazidə imkan və şərait də yaradılıb. Heyvanlar müəyyən olunmuş yerdə kəsilib soyulur. Baytar həkim müayinə aparır. Göstərilən xidmətlər də ödənişlidir.

Təəccüblüdür ki, qəssablarımız keyfiyyətli xidmət göstərməyin də bahalaşmaya təsir edən hal olduğunu açıqladılar.

Açıqdan-açığa süni qiymət artımına gedən qəssab həmyerlilərimiz  bizi inandırmağa çalışdılar ki, heç də o fikirdə deyillər. Bu hal mövsümi xarakter daşıyır. Yerli əhalinin alıcılıq qabiliyyəti aşağıdır. Yay aylarında İsmayıllı qonaq-qaralı olur. Əti alanlar da əsasən onlardır. Bu səbəbdən bahalaşma qabarıq görünür. Çox güman ki, tətil və gəzintilərin başa çatacağı sentyabr ayından ət satışındakı qiymətlərdə enmə müşahidə olunacaq.

Şahməmməd Soltanov,

“İsmayıllırləri” qəzetinin baş redaktoru

Şərh Yaz