Təzəkənd kəndində görüş-qəbul

Tam orta məktəbin foyesində keçirilən görüş-qəbula Təzəkənd inzibati ərazi dairəsinin sakinləri böyük mütəşəkkilliklə gəlmişdilər. Bu onun nəticəsi kimi qiymətləndirilməlidir ki, əhali öz problemlərinin həllini yerli icra strukturlarında görürlər.  RİH-nin başçısı Mirdaməd Sadıqovun Təzəkənd kəndində keçirdiyi görüş-qəbul bir daha deyilən fikrin təsdiqinə çevrilib.
Rayon İcra Hakimiyyətinin başçısı görüş-qəbulu giriş nitqi ilə açıb, 2019-cu ildə rayonda aparılacaq geniş miqyaslı tikinti-quruculuq işlərindən, yeni infrastruktur layihələrinin həyata keçirilməsindən, kənd təsərrüfatı istehsalının daha da artacağından ətraflı danışıb. Həm də özəl təsərrüfatçılıq istiqamətləri, kiçik biznesin qurulması barədə məsləhətlərini verib.
İştirakçıların təklifləri, arzu və xahişləri daha çox özünəməşğulluqla, ünvanlı sosial yardımla, sanitariya qaydalarına hər kəs tərəfindən ciddi riayət edilməsi ilə, həkim məntəqəsi tikintisi, kənddaxili yolların abadlaşdırılması, elektrik enerjisinin gücünün artırılması, məktəbin transformatoruna fərdi abonentlərin müdaxiləsinin aradan qaldırılması ilə bağlı olub.
Mirdaməd Sadıqov hər bir məsələni konkret icraçıya tapşıraraq tədbiri yekunlaşdırıb.

V.Salehov

Şərh Yaz