“Şahin” hərbi idman oyunları üzrə rayon birinciliyi

15 mart 2019-cu il tarixdə rayonun tam orta məktəblərinin VIII və X sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirilib.

Tədbirin  açılış mərhələsi  əsasnaməyə uyğun olaraq Heydər Əliyev Mərkəzi qarşısındakı meydanda, digər mərhələsi isə şəhər 3 nömrəli məktəb-liseyin bazasında keçirilib. İsmayıllı  Rayon Gənclər və İdman İdarəsi  ilə Rayon Təhsil Şöbəsi tərəfindən birgə təşkil olunan birincilik “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1. bəndinin 5.1.9. yarımbəndinin icrasının təmin edilməsi, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, şagirdlərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi və yarışın zona mərhələsində iştirak edəcək komandanın müəyyənləşdirilməsi məqsədi daşıyıb.

Tədbiri Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq yarışın məqsəd və mahiyyəti barədə məlumat verib. Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, İsmayıllı rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev çıxış edərək “Şahin” hərbi idman oyunlarının gənclərin orduya hazırlanmasında, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb etdiyini deyiblər. Sevil Əhmədova rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil Şöbəsinin bu sahəyə xüsusi diqqətlə yanaşdığını qeyd edib, iştirakçılara uğurlar arzulayıb.
İştirakçı komandalar müxtəlif mərhələlər üzrə bacarıqlarını nümayiş etdiriblər. Ən yüksək nəticə ilə I yeri qazanan Diyallı kənd tam orta məktəbinin komandası “Şahin” hərbi-idman oyununun Göyçay şəhərində keçiriləcək zona mərhələsində iştirak etmək hüququ əldə edib. İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin komandası II  yerə, 6 nömrəli tam orta məktəbinin komandası isə III yerə layiq görülüb. Yer tutan komandalar rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

 R.Rəcəbov

 

Şərh Yaz