Azərbaycan dili bizim varlığımız və sərvətimizdir

“Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir”.

 

Hər il fevral ayının 21-i Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Ümid edirəm ki, Beynəlxalq Ana Dili Gününə həsr etdiyim bu yazıdan həmkarlarım və yuxarı sinif şagirdləri bəhrələnəcəklər.

Azərbaycan dili bizi dünyaya gətirən anamızın dilidir, üzərində boy atıb böyüdüyümüz Vətənimizin dilidir. Azərbaycan Respublikasının dövlət dilidir. Azərbaycan dili həm qüdrətli və gözəl, həm də mənalı və şirindir. Bu dil ən mürəkkəb fikirləri ifadə etməyə, ən obrazlı epizodları çatdırmağa qadir bir dildir.

Dil hər bir xalqın varlığının ən əsas, həm də yeganə təminatçısıdır. Ana dilimiz Azərbaycan xalqının keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Ana dilimiz min illərin müxtəlif burulğanlarından, basqılarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə çatmış ən böyük milli- mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb və bayrağımız kimi müqəddəsdir.

Azərbaycan dilinin indiki dövrə qədər keçdiyi tarixi yola nəzər salaq:  Əsrlər boyu işğallar nəticəsində Azərbaycan dilinin adı dəyişdirilmişdir. Azərbaycan dili uzun müddət “türki”, “türk dili”, “Azərbaycan türkcəsi”, bəzən isə “tatar dili”, “Qafqaz tatarlarının dili” adlandırılmışdır.

XX əsrin əvvəllərində ilk olaraq Türk dillərini təsnifatlaşdıran tarixçi alimlərdən biri Armin Vamberi olmuşdur. Belə ki, onun 1908-ci ildə müəllifi olduğu “Dünya tarixçilərinin dünya tarixi” adlı Londonda nəşr olunmuş çoxcilidlik ensklopediyasının 24-cü cildində Azərbaycan dili Türk dillərinin 3 qrupundan qərb qrupuna aid edilir və dialekt deyil, müstəqil dil kimi göstərilir.

1918-ci ildə Azərbaycan Demokratik Xalq Cümhuriyyəti yaranandan az sonra Azərbaycanda kargüzarlığın türk dilində aparılması ilə bağlı qərar qəbul edilir. 1921-ci ildə Nəriman Nərimanov, Dadaş Bünyadzadə ilə birgə Azərbaycan SSR-də dövlət dilinin türk dili olması ilə bağlı dekret imzalayırlar. 1921-ci ildə Azərbaycan SSR-nin ilk Konstitusiyası qəbul olunur və ora dövlət dili haqqında maddə salınmır. 1924-cü ildə Mərkəzi İcraiyyə Komitəsinin Azərbaycanda dövlət dilinin türk dili olması ilə bağlı qərarı qəbul olunur.

1936-cı ildə Azərbaycanın yeni Konistitusiya layihəsi hazırlanarkən orada Azərbaycanın dövlət dili türk dili kimi qeyd edilir. Amma 1937-ci ilin aprel ayında qəbul olunan əsas qanunda dövlət dili haqqında heç bir qayda öz əksini tapmır. Lakin Konstitusiyada xüsusi maddə olmasa da, 1936-cı ildən sonra bütün normativ sənədlərdə dövlət dili Azərbaycan dili qeyd edilir.

Azərbaycan adı bizim dilimizin adında yaşayır. Azərbaycan xalqının sevimli şairi Bəxtiyar Vahabzadənin şeirindəki misraları yada salaq:

Dil açanda ilk dəfə “ana” söyləyirik biz,

“Ana dili” adlanır bizim ilk dərsliyimiz.

İlk mahnız laylanı anamız öz süylə,

İçirir ruhumuza bu dildə gilə-gilə.

Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Sovet hakimiyyəti dövründə xüsusən də 1920-1960-cı illərdə əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına baxmayaraq Respublikamızda Azərbaycan dili hakim bir dil deyildi. Ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi qeyri-mümkün idi. Dövlət tərəfindən bu məqsədlə heç bir tədbir görülmürdü.

1970-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ  Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Rus dilinin hüdudlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Belə şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox risqli və qorxulu idi. Dil məsələsini qabardanlar həbs edilir, Sibirə sürgün olunurdu. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Tarixi şəxsiyyət, dahi rəhbər SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu, hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədini göstərirdi.

SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya lahiyəsi dərc olunaraq ümumxalq müzakirəsinə verildi. Bu lahiyədə Azərbaycan dilinin hansı statusa malik olması məsələsi öz əksini tapmamışdır. Kommunist ideologiyasının hökmranlıq etdiyi o dövrdə əhalinin iştirakı ilə keçirilən müzakirələr formal xarakter daşıyırdı. Buna baxmayaraq, milli ruhlu ziyalılar layihəyə Azərbaycan dilinin salınmamasından narazılıqlarını bildirmişdilər. Bu zaman Respublikamızın rəhbəri Heydər Əliyev həyatını, vəzifəsini risqə qoyaraq Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınmasına çalışırdı. Lakin Moskvadakı rəhbər xadimlər müxtəlif bəhanələr gətirərək bunun qarşısını alırdılar. Xalqını, millətini böyük məhəbbətlə sevən Ulu öndər inadından əl çəkmirdi. Öz məqsədinə çatmaq üçün fəaliyyətini israrla davam etdirirdi. Ulu öndər yaranmış ağır vəziyyətdə özünün şəxsi nüfuzundan istifadə edərək SSRİ-nin o vaxtkı rəhbəri Leonid İliç Brejnevlə danışdıqdan sonra Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini, nəhayət, birdəfəlik həll edir. Ümumxalq müzakirəsinə verilmiş Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Nəticədə, Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyinin atributlarından birini məharətlə qorudu. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail oldu. Hələ Kommunist ideologiyasının hökmranlıq etdiyi dövrdə Ulu öndər deyirdi: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.

Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının çoxaldılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədini daşıyırdı. Ana dilimizə göstərilən bu qayğı dövlət başçısının fədakarlığı nəticəsində xalqımızın milli ruhu getdikcə yüksəlir, özünə inam hissi artır və müstəqillik düşüncələri daha da güclənirdi. Azərbaycan dilinin inkişafı isə daim diqqət mərkəzində saxlanılırdı.

Azərbaycan müstəqillik əldə etdikdən sonra hakimiyyətə gələn naşı və səriştəsiz şəxslərin idarəetmədəki təcrübəsizliyi müstəqilliyimizi uçuruma aparır. Ölkəni məhvə sürükləyirdi. Azərbaycan Xalq Cəbhəsi- Müsavat hakimiyyəti dövründə bu uçurum özünü daha qabarıq şəkildə biruzə verdi. Onlar heç bir məntiqə, əsasa söykənmədən dövlət dilinin adının dəyişdirilməsini və “türk dili” adlandırılmasını təklif edirdilər. Bununla da Azərbaycanı bir dövlət, xalq kimi xəritədən silməyə çalışırdılar. Uzun mübahisələrdən sonra Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti xalqın rəyini nəzərə almadan, referendum keçirmədən 1992-ci ilin dekabrında “Dövlət dili haqqında” qanunu “müzakirə” edərək Azərbaycanda dövlət dilinin “Türk dili” olması barədə qərar qəbul etdi. Hətta təcili olaraq ana dili dərsliklərini “Türk dili” adlı dərsliklərlə əvəz edərək çapını da həyata keçirdilər. Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin Azərbaycan xalqına qarşı törətdiyi bu əməlinə “milli xəyanətkarlıq” dan başqa ayrı ad vermək olmaz. Çünki hər bir dövləti, xalqı, milləti tanıdan amillərdən biri də onun ana dilidir. AXC-Müsavat hakimiyyəti ana dilimizə böyük zərbə vurdu. Bununla da xalqımızı birdəfəlik olaraq yaddaşdan silmək istəyirdi. Onu da qeyd edək ki, AXC- Müsavat hakimiyyəti dövründə qəbul olunmuş bu qanunun əslində heç bir hüquqi qüvvəsi yox idi. Çünki 1992-ci ildə qüvvədə olan 1978-ci il Konstitusiyasındakı 73-cü maddə hələ hüquqi qüvvəsini itirməmişdi. Konstitusiyanın hər hansı maddəsinin dəyişdirilməsi barədə qərar müvafiq qanunvericiliyə görə üçdə iki səs çoxluğu ilə qəbul edilməli idi. 1992-ci ildə Milli Məclisin dövlət dilinin türk dili olması ilə bağlı qərarının qəbulu zamanı iclasda bu tələb kobud surətdə pozulmuşdu. Dövlət idarəçiliyində zəngin təcrübəsi olan ulu öndər Heydər Əliyev də sonralar bu məsələyə münasibət bildirərkən Milli Məclisin qəbul etdiyi bu qərarı kəskin pisləyərək demişdir: “Bu böyüklükdə tarixi bir qərar Azərbaycan xalqının iradəsi nəzərə alınmadan 26 nəfər tərəfindən qəbul olunubdur. Burada da böyük bir səhv buraxılıbdır”.

Daim müstəqillik arzusu ilə alovlanan istiqlal şairimiz Xəlil Rza Ulutürk “Sağdır dilim, demək sağdır milyard yaşlı məmləkətim” deyərək ana dilində danışmağı bacarmayanlara öz etiraz səsini belə bildirmişdir.

Kim qoruya bilməyirsə öz yurdunu-yuvası                   

Udmasın yurd havası.

Kim qorumur öz dilini,

İtsin mənim gömdən qoy ilim-ilim!

O sahili bu sahilə birləşdirən

Polad körpüm, qıncımdır,

nəşimdir mənim dilim!!!   

Şair Ələkbər Ziyatay isə belə yazırdı:

Doğma dilim! Sənki varsan dünyada,

Mən də “varam” söyləməyə haqlıyam.

Dost ellərə min hörmətim olsa da,

Öz yurduma min köldən bağyam.

Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxladı. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli lider ana dilimizi – Azərbaycan dilini özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olundu. Təkliflərin çox böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılmasını dəstəklədi. Müzakirələrin nəticəsi olaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Bir-birinin ardınca fərmanlar imzalandı, qanunlar qəbul edildi.

Ulu öndər Heydər Əliyev şəxsən özü Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi diqqət yetirmişdir. 2001-ci ilin iyunun 18-də böyük dahi şəxsiyyət “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadı. Həmin fərmanda Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qrumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar konteksində tənzimləmək məqsədi daşıyırdı.

2001-ci il avqustun 9-da Azərbaycan Prezidenti yeni fərman – “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” mühüm bir sənəd imzaladı. Həmin fərmanda deyilir: “On ilə yaxın bir müddətdə latın qrafikası Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram: “Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilsin”.

Müstəqilliyimizin ilk günündə -1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da bu qərar kağız üzərində qalmışdır. Yalnız ümummilli liderimiz Heydər Əliyevin fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə situmul verildi. Məhz bundan sonra respublikada bütün yazılı sənədlər latın qrafikası ilə aparıldı. Artıq latın qrafikalı Azərbaycan əlifbası beynəlxalq aləmə daha da yaxınlaşdı. Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanlar imzalayıb.

Ana dili hər bir millətin, xalqın varlığıdır. Dil millətin özünü isbatı, həyat tərzi, mədəni irsidir. Bunu qərinələr, tarix sübut etmişdir. Dil hər bir ölənlə birgə ölməsə də, hər bir doğulanla birgə doğulan əbədiyaşar bir varlıqdır.

Planetimizin ilk millətlərindən olan latınlar bu gün tarix səhnəsində olmasalar, məhv olsalar da dilləri qalıb. İndi bu dil cahan boyu addımlamaqla dinindən, dilindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün bəşəriyyətin sağlamlığına xidmət edən tibb elminin terminlər dünyasını öz varlığında daşımaqdadır. Ağır xəstəliklərə düçar olub ölən xalqın dili bu gün bütün dünya xalqlarını xəstəliklərdən xilas etməkdədir.

Mənim ana dilim! Bu, o dildir ki, Füzuli eşqi, Nəsimi dözümü, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza hopmuşdur.

Hər bir xalqın öz doğma dili var. Bizim də doğma dilimiz Azərbaycan dilidir. Bu dil zaman-zaman inkişaf edib, zənginləşib. Bu gün Azərbaycan dili təkcə doqquz milyondan artıq Azərbaycan vətəndaşlarının dövlət dili deyil, planetimizin 70-dək ölkəsində yaşayıb-yaradan 50 milyonluq xalqın dilidir.

İftixar hissi ilə qeyd edirəm ki, Azərbaycan dilini onun ahəngini, musiqililiyini, üslub imkanlarını geniş işlənmə, əhatə dairəsini, zənginliyini təkcə azərbaycanlılar deyil başqa millətlərin görkəmli şəxsiyyətləri, elm, mədəniyyət xadimləri də yüksək qiymətləndirmişlər.

X əsr ərəb dilçisi İbn Hövqəl, IX əsr alman şairi və tərcüməçisi Fridrix Bodenşted, alman şərqşünası Veydenbaun, gürcü alimi M.Q.Biltadze Azərbaycan dilinin Zaqafqaziyada ümumişlək “beynəlxalq” bir dil olduğunu vurğulamışlar. XIX əsrdə Azərbaycan dili ümumən Orta Asiyada, xüsusən Qafqazda yaşayan xalqlar arasında ümumi anlaşma vasitəsi olmuş, hətta Qafqazın bir sıra xalqlarından olan aşıqlar öz qoşmalarını Azərbaycan dilində söyləmişlər.

Böyük rus şairi M.Y.Lermontov 1837-ci ildə dostu S.A.Rayevskiyə məktubunda yazırdı: “Tatarca (yəni Azərbaycanca)” öyrənməyə başlamışam. Avropada fransız dilini bilmək nə qədər zəruridirsə burada və ümumiyyətlə Asiyada bu dili bilmək bir o qədər vacibdir.

XIX əsrdə Qafqaza gələn fransız yazıçısı Aleksandr Düma öz qeydlərində yazırdı: “Avropada fransız dili necə əhəmiyyətə malikdirsə Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətə malikdir”.

Varlığımız, sərvətimiz və dövlət dilimiz olan Azərbaycan dilinin saflığını və müqəddəsliyini qorumaq bizim hər birimizin vətəndaşlıq borcudur.

Ucalır bağımda bülbün səsi,

Çay susur, əsməyir çəməndə yel də.

Nə qədər doğmadır onun nəğməsi,

lbül də elə bil ör bu dildə.

Hörmətli şairimiz Nəbi Xəzrinin bu misralarında dilimizin zənginliyi öz əksini bir daha tapmışdır.

İnsanın həyatında dil ünsiyyət vasitəsidir. Çünki məhz dilin köməyi ilə biliklərə yiyələnir, onun vasitəsilə öz sevinc və kədərimizi, qəzəb və nifrətimizi bildiririk.

Çağdaş Azərbaycan ədəbiyyatımızın aparıcı simalarından olan Zəlimxan Yaqub ruhumuza işləyən, qanımıza hopan sazın pərdəsindən süzülən, bayatı beşiyi, layla yuvası olan tarlı, kamanlı dilimizi belə vəsf edir.

zuli zirvəli, Vaqif arxalı,

Mənim qoşqar dilim, Ələsgər dilim.

Ömrün naxışı, bəxtimin xalı,

Dadda, şirinlikdə bal, şəkər dilim.

Xalq şairi Səməd Vurğun ana dilini xalqın namusu, tarixi, vicdanı adlandırırdı.

Bəxtiyar Vahabzadə ana dilində danışa bilməyənlərə belə müraciət edirdi:

Ey öz doğma dilində danışmağı ar bilən,

Bunu iftixar bilən fasonlu ədabazlar!

Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.

Qoy bunlar mənim olsun !

Ancaq Vətən çörəyi,

Bir də ana ürəyi

Sizlərə qənim olsun !

Xatirə Nuriyeva,

İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatıəllimi

Şərh Yaz