İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı M.M.Sadıqovun Hesabatı

2018-ci  ilin sosial-iqtisadi inkişafın yekunları və 2019-cu ildə qarşıda duran

vəzifələrlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin  başçısı M.M.Sadıqovun Hesabatı

İsmayıllı rayonu 2018-ci ildə ümumi inkişafa inamla qoşulmuş, əsas fəaliyyət möhtərəm cənab Prezidentin tövsiyə və tapşırıqlarından, Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin icrasına yönəlmişdir. Mövcud imkanlardan səmərəli istifadə etməklə rayonda tikinti-abadlıq və quruculuq işlərinin davam etdirilməsi, iqtisadiyyatın inkişafına təkan verəcək infrastruktur və sosial layihələrin icrası, əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması, dayanıqlı inkişaf və sabitliyin qorunması məqsədi ilə ardıcıl tədbirlər həyata keçirilmişdir.

2018-ci il rayonumuz üçün yaddaqalan hadisələrlə zəngin olmuşdur.  25-26 avqust 2018-ci il tarixlərdə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva rayonumuza tarixi səfər edərək rayonun sosial-iqtisadi inkişafına təkan verəcək bir sıra istehsal, infrastruktur və sosial layihələrin, o cümlədən Keyvəndi kəndinin ərazisində “AZZA AGRO” MMC-nin layihəsi olan müasir heyvandarlıq kompleksinin, “Azərxalça” ASC-nin İsmayıllı filialının, İsmayıllı şəhərində yenidənqurmadan sonra istifadəyə verilən 110/35/10 kilovoltluq yarımstansiyanın, Kürdmaşı kəndi ərazisində “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın, Kürdmaşı-Kəlbənd-Girk, Keyvəndi-Bəhliyan və 22  kilometr uzunluğunda Dəmirçi-Lahıc avtomobil yollarının, Lahıc qəsəbəsində yeni inşa olunan 400 şagird yerlik tam orta məktəb binasının və qəsəbədə təbii qazın açılışında iştirak etmişlər. Səfər zamanı cənab Prezident rayonun gələcək inkişafı üçün öz tövsiyə və tapşırıqlarını vermişdir.

2018-ci ildə Gəndov kəndində modul tipli məktəb binasının və Xəlilli kəndində 40 yerlik uşaq bağçasının tikintisi başa çatdırılmış, Cülyan kəndində 40 yerlik uşaq bağçası əsaslı təmir olunmuş və hər üç obyekt istifadəyə verilmişdir. Uştalqışlaq və Girk kəndlərində modul tipli məktəb binalarının quraşdırılmasına, Basqal qəsəbə tam orta məktəbi üçün yeni 432 şagird yerlik məktəb binasının tikintisinə başlanmış və 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulmuşdur.

Heydər Əliyev parkında fəvvarələr əsaslı təmir olunmuş, “Günəşli” yaşayış massivində, Mübariz Orucov, S.Ə.Şirvani, M.F.Axundov və Babək küçələrində hasarlar təmir edilmiş və divarlar rənglənmişdir.

İsmayıllı şəhərinin küçələrinin tikintisi və yenidən qurulması davam etdirilmişdir. Cümhuriyyətin 100 illiyi ərəfəsində  28 may küçəsində kommunikasiya xətlərinin yeri dəyişdirilərək küçə genişləndirilmiş, 1 saylı tam orta məktəbə yaxın ərazidə  avtomobillərin park edilməsi məqsədilə dayanacaq yaradılmışdır.

Şəhərin Kamran Məmmədov, İstiqlal, Nuru paşa, 28 May, “Babadağ”, Füzuli, V.Əliyarov, Səməd Vurğun, Abdulla Şaiq  küçələrində asfaltlanma işləri aparılmış, ümumilikdə qeyd olunan 8 küçə və bir dalana 4377 metr uzunluğunda 26260 kvadratmetr asfalt örtük vurulmuşdur.

Şəhərin Heydər Əliyev prospektində beşmərtəbəli 4 ulduzlu otel binasının, “Nial Construction” MMC tərəfindən hotel-biznes mərkəzinin, Tircan kəndi ərazisində “Bədo” sanatoriya-istirahət mərkəzinin, Talıstan kəndi ərazisində İstirahət kompleksinin və çoxsaylı digər obyektlərin tikintisi davam etdirilir.

2018-ci ildə rayon ərazisində 106 yaşayış evinin və 9 sahibkarlıq obyektinin inşasına razılıq verilmiş, 69 yaşayış evində aparılan yenidənqurma işləri sənədləşdirilmiş, 6 obyektin istismarına icazə sənədi verilmişdir.

İl ərzində əsas kapitala 91 milyon 714 min manat və ya əvvəlki ildən 6,7 faiz çox investisiya qoyulmuşdur. Adam başına düşən investisiya 75 manat artaraq 1069 manata çatmışdır. İnvestisiyanın 53 milyon 382 min manatı (58,2 faizi) özəl sektor tərəfindən həyata keçirilmişdir. Vəsaitin 85 milyon 371 min manatı (93,5 faiz) tikinti-quraşdırma işlərinə sərf olunmuşdur.

2018-ci ildə rayonda faktiki qiymətlərlə 257 milyon 554 min manat məbləğində ümumi məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19 milyon 248 min manat çoxdur. Adam başına düşən ümumi məhsul dəyər ifadəsində 214 manat artaraq 2969 manat təşkil etmişdir. Kənd təsərrüfatında 3,5 faiz, sənayedə 32,7 faiz, tikinti-quraşdırma işlərində 61 faiz, informasiya və rabitədə 10,3 faiz, ticarətdə 3 faiz artım əldə olunmuşdur.

Hesabat ilində əhaliyə göstərilən pərakəndə əmtəə dövriyyəsi 3,7 faiz yüksələrək 192 milyon 920 min manata çatmış, keçən ildən 6 milyon 829 min manat artmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 692 min manat artaraq, 27 milyon 612 min manat təşkil etmişdir.

2018-ci ildə rayonun yerli gəlir və xərcləri 6 milyon 837 min manat məbləğində təsdiq edilmişdir. Yerli xərclərin dotasiyasız, yerli gəlirlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Hesabat dövründə rayon büdcəsinin gəlirlər hissəsi 6 milyon 837 min manata qarşı 8 milyon 21 min manat (117 faiz) və ya 1 milyon 184 min manat artıq icra olunmuşdur.

İl ərzində büdcə vəsaitindən qənaətlə istifadə olunmuş, proqnoz göstəricilərlə müqayisədə xərc maddələri üzrə 301,6 min manat az vəsait sərf olunmuşdur.

Son illərdə Velosiped istehsalı zavodunun, İsmayıllı Tikiş fabrikinin, dam örtükləri istehsalı müəssisəsinin, Göyçay çayı üzərində Su elektrik stansiyalarının, “Azərxalça” ASC-nin İsmayıllı filialının, özəl sektor tərəfindən kiçik emal müəssisələrinin istifadəyə verilməsi nəticəsində  9 milyon 141 min manatlıq  sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 2 milyon 252 min manat çoxdur. Ümumi məhsul istehsalında sənayenin payı 2013-cü ildə 2,6 faiz, 2017-ci ildə 2,9 faiz təşkil etdiyi halda, 2018-ci ildə bu göstərici 3,5 faizə yüksəlmişdir.

Rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir və ümumi məhsul istehsalının 37 faizdən çoxu bu sahənin payına düşür. 2018-ci ilin məhsulu üçün  28821,5 hektar sahədə payızlıq, 3695 hektar sahədə isə yazlıq bitkilər olmaqla 33332 hektar sahədə əkin aparılmışdır. Dənli və dənli-paxlalı bitkilər əkilmiş 30015,5 hektar sahədən 104 min 796 ton məhsul istehsal edilmiş, dəmyə şəraitdə məhsuldarlıq 34,8 sentner təşkil etmişdir ki, bu da respublika üzrə yüksək göstəricidir. 22 hektar sahədə tütün əkilmiş, 41,7 ton qurudulmuş tütün alıcı təşkilata təhvil verilmişdir. İstehsal əvvəlki ildən 14,6 ton artmışdır. 885 hektar sahədə kartof əkini aparılmış, hər hektardan 117,7 sentner olmaqla 10415 ton və ya əvvəlki illə müqayisədə 72 ton çox məhsul yığılmışdır. Sənaye üsulu ilə əkilmiş 200 hektar sahədən məhsuldarlıq 500 sentner olmuşdur. İl ərzində tərəvəz istehsalı 815 ton artaraq 8820 tona çatmışdır. Son illərdə 8423 kvadratmetr  sahədə 78 istixana təsərrüfatı yaradılmışdır. 1013 hektar üzüm bağından 4124 ton, 851 hektar meyvə bağından 8818 ton  məhsul toplanmışdır. 2018-ci ilin yaz və payız mövsümündə 977,3  hektar sahədə yeni fındıq bağı, 104,3 hektar sahədə intensiv meyvə bağı, 22,8 hektar sahədə filloksera zərərvericisinə davamlı yeni üzüm bağı salınmışdır. 2019-cu ilin məhsulu üçün 29997 hektar sahədə şum çıxarılmış, 1267 ton fosforlu gübrə gətirilərək, şum altına və səpinlə birlikdə verilmişdir. 23200 hektar buğda, 6173 hektar arpa, 70 hektar xəsil olmaqla, cəmi 29443 hektar sahədə payızlıq səpin aparılmışdır. Bu da keçən illə müqayisədə 622  hektar çoxdur. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan 7923 nəfər istehsalçıya əkib-becərdikləri  28219 hektar sahəyə görə 2 milyon 175 min manat subsidiya hesablanmış və ödəniş həyata keçirilmişdir. Rayonda taxıl toxumçuluğu ilə məşğul olan  4 təsərrüfat  tərəfindən 732 hektar sahədə yüksək reproduksiyalı toxumla səpin aparılmış, 1174,5 ton yüksək kondisiyalı toxum istehsal edilərək fermerlərə satılmışdır. Toxumçuluq  təsərrüfatlarına 100 min 471 manat subsidiya ödənilmişdir. Rayon üzrə 51 min 765 baş iribuynuzlu, 180 min 730 baş xırdabuynuzlu heyvan, 281 min 885 baş quş və 17053 arı ailəsi mövcuddur. Rayon üzrə diri çəkidə 5413 ton ət, 35506 ton süd, 10 milyon 300 min ədəd yumurta, 408 ton yun istehsal olunmuşdur. Əvvəlki illə müqayisədə ət istehsalı 57 ton, süd istehsalı 556 ton, yumurta istehsalı 802 min ədəd və yun istehsalı  10 ton artmışdır. “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamı ilə arıçılıqla məşğul olan 704 fiziki və hüquqi şəxsə saxladıqları arı ailəsinin hər birinə (pətəyə) 10 manat məbləğində subsidiyanın verilməsi məqsədi ilə müvafiq sənədlər hazırlanaraq Kənd Təsərrüfatı  Nazirliyinə təqdim olunmuşdur.

Hesabat ilində 130 qutu barama gətirilmiş, 28 inzibati ərazi dairəsi üzrə 53 kümçüyə paylanmış, 250 nəfər bu sahədə işlə təmin olunmuşdur. 3900 kiloqram barama təhvil verilmişdir. Bu,  2017-ci illə müqayisədə 36,9 faiz çoxdur. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi üçün son üç ildə 27 min ədəd tut tingi əkilmişdir.  Barama istehsalına görə 49 ailə  33 min 712 manat gəlir götürmüşdür. 2018-ci ildə rayonda kənd təsərrüfatı məhsullarının ümumi həcmi faktiki qiymətlərlə 95 milyon 758 min manat təşkil etmişdir.

2018-ci il ərzində suvarmanı mütəşəkkil keçirmək məqsədi ilə rayon Suvarma Sistemləri İdarəsində 10 ədəd  hidrometrik post və 40 ədəd hidrotexniki qurğu cari təmir olunmuş, suvarma kanalları vaxtaşırı olaraq lildən təmizlənmişdir. Daşqın və selə qarşı mübarizə  məqsədi  ilə çayların məcrasının təmizlənməsi həyata keçirilmişdir.

Baytarlıq idarəsi tərəfindən rayonda mal-qara və quşlar arasında epizootik vəziyyətin sağlam saxlanılması istiqamətində əsaslı işlər görülmüşdür. 2018-ci ildə rayon ərazisində heç bir qorxulu yoluxucu xəstəlik baş verməmişdir.

Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən il ərzində 434 ədəd nəqliyyat vasitəsi texniki baxışdan keçirilmişdir. İl ərzində 23 ədəd dövlət qeydiyyat nişanı,  22 ədəd qeydiyyat şəhadətnaməsi, 13 ədəd qeydiyyat talonu verilmişdir.

“Aqrolizinq” ASC-nin İsmayıllı rayon bölməsi tərəfindən texnikanın istismarına görə dövlət büdcəsinə  96772 manat vəsait ödənilmişdir.

2018-ci ildə rayonda infrastrukturun inkişafı diqqət mərkəzində olmuşdur. Topçu, Qalacıq, Buynuz, Sumağallı, İstisu və Çayqovuşan kəndlərinin və ərazidə yerləşən obyektlərin enerji təchizatının yaxşılaşdırılması məqsədi ilə Topçu kəndi ərazisində yeni 110/35/10 kilovoltluq 10 meqavat-amper gücündə yarımstansiya tikilmiş və ətraf kəndlərlə əlaqələndirilməsi üçün 1,8 kilometr 10 kilovoltluq 2 dövrəli xətt çəkilmişdir.

Rayon ərazisində 10 kilovoltluq elektrik verilişi xətlərində ümumilikdə 290 ədəd, 0,4 kilovoltluq elektrik verilişi xətlərində 65 ədəd qəzalı dirək dəyişdirilmiş, 19,5 km.  kabel xətti çəkilmiş, 2 ədəd  160 kilovolt-amper gücündə yeni transformator quraşdırılmışdır. İsmayıllı-1” vəİsmayıllı-2” su elektrik stansiyaları il ərzində 6 milyon 623 min kilovat-saat elektrik enerjisi istehsal edərək şəbəkəyə ötürmüşdür. İsmayıllı Elektrik Şəbəkəsi 23 min 567 abonentə xidmət göstərir. Onların da 21 min 532-si əhali, 2035-i qeyri-əhali abonentləridir.  2018-ci ildə İsmayıllı Elektrik Şəbəkəsinə 63 milyon 619 min kilovat-saat enerji daxil olmuş, istehlakçılara 57 milyon 257 min kilovat-saat faydalı  enerji ötürülmüşdür. İllik yığım  87 faiz yerinə yetirilmişdir.

Rayonun 108 yaşayış məntəqəsindən 43-ü təbii qaz yanacağı ilə təmin olunmuşdur. İsmayıllı Qaz Xidmət Sahəsi 17 min 328 abonentə xidmət göstərir ki, bunun da 17 min 130-u əhali, 198-i qeyri-əhali abonentləridir. Hesabat dövründə abonentlərə  27,7 milyon kubmetr qaz yanacağı verilmiş, satılan qazın dəyəri  94,4  faiz ödənilmişdir. İl ərzində 377 ədəd məişət qaz sayğacı yenisi ilə əvəz olunmuş, layihə-smeta sənədləri əsasında 117 ədəd yeni sayğac quraşdırılmışdır. Rayonun Qaraqaya, Gəndov, Namazgah, Ərəgit kəndlərinin və Lahıc qəsəbəsinin qazlaşdırılması başa çatdırılmışdır. Qazlaşdırılmamış 65 yaşayış məntəqəsində 4220 ev təsərrüfatı mövcuddur. Rayonda qazlaşdırma səviyyəsinin yüksəldilməsi üçün müvafiq tədbirlər görülür. Hazırda Qalacıq kəndinin qazlaşdırılması davam edir. Kənddə daşıyıcı və paylayıcı küçə xətlərinin tikintisi aparılmış, 300 mənzilə paylayıcı qaz xətti çəkilmiş və qaz sayğacı quraşdırılmışdır. 2018-ci ildə 2017-ci illə müqayisədə qazdan istifadə edən abonentlərin sayı 1394 vahid artmışdır.

İsmayıllı Telekommunikasiya Qovşağı il ərzində 678 mənzilə yeni telefon xətti çəkmiş, 138 abunəçinin telefon xətti yenidən bərpa olunmuşdur. İlin əvvəlindən qovşaq üzrə şəhər və kənd elektron  ATS-lərinin daxili xətt şəbəkəsində qəzalı vəziyyətdə olan dirəkləri əvəz etmək üçün 135 ədəd dəmir beton calaq, 122 ədəd dəmir və 104 ədəd ağac dirək, 7055 metr naqildən istifadə olunmuşdur. Əhaliyə göstərilən internet xidmətinin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə 2,3 kilometrdən çox fiber-optik kabel xətti çəkilmiş, 3 ədəd germetik şkaf quraşdırılmışdır. Görülmüş işlər nəticəsində özəl provayderlərlə birgə internet istifadəçilərinin sayı 1002 nəfər artaraq 6148-ə çatmışdır.

İsmayıllı Poçt Filialı bir müştəri xidməti, bir şəhər və 25 kənd poçt şöbəsi vasitəsi ilə əhali və təşkilatlara poçt, bank-maliyyə xidmətləri göstərir. İl ərzində filial 263,2 min manat gəlir əldə etmişdir. Əhaliyə 184,7 min manat poçt xidməti və 87,6 min manat bank-maliyyə xidmətləri göstərilmişdir. Xidmətlərin səviyyəsinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülmüşdür.

İsmayıllı Su- Kanal Sahəsi 7211 əhali, 237 büdcə və kommersiya obyektinə xidmət göstərir. İl ərzində su və kanalizasiya xətlərində baş vermiş qəzalar aradan qaldırılmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən əhalinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Xəlilli, Əyyubbəyli, Gideyli, Çayqovuşan, Çərmədil, Quşencə və Zoğallıq kəndlərində nəzərdə tutulmuş tədbirlər başa çatdırılmışdır. “Azərsu” ASC-nin xətti ilə Quşencə, Zoğallıq və Çərmədil kəndlərinə su xətti çəkilmiş və küçələrdə 34 ədəd bulaq quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir. Bütün bunlarla yanaşı, bəzi yaşayış məntəqələrinin su problemi öz həllini gözləməkdədir. Müxtəlif mənbələrdən daxilolmalar, bələdiyyə vəsaitləri, dövlət ayırmaları, qeyri-hökumət  təşkilatlarının  vəsaitləri hesabına  rayonun bütün yaşayış məntəqələrinin su təchizatı yaxın illərdə tam həllini tapacaqdır.

Rayonda əhaliyə göstərilən nəqliyyat xidmətinin keyfiyyətinin yaxşılaşdırılması üçün şəhərdaxili marşrutlar genişləndirilmişdir. İsmayıllı avtovağzalından müntəzəm olaraq Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə və Göyçay istiqamətlərində marşrutlar fəaliyyət göstərir.

Kommunal Müəssisələri Kombinatı şəhər ərazisində 340 min kv. metr sahəsi olan küçə və meydanlara, 25 hektar yaşıllıq sahəsinə qulluq edir və küçələrin işıqlandırılmasına nəzarəti həyata keçirir. 2018-ci ildə yerinə yetirilmiş kommunal xidmətlərinin həcmi 1 milyon 205 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 427 min manat çoxdur. İl ərzində şəhər ərazisində əvvəlki illərdə yaranmış zibilliklər ləğv edilmiş, ümumilikdə 18 min kubmetr bərk məişət tullantıları poliqona daşınaraq  zərərsizləşdirilmişdir.  Şəhər ərazisində yaşıllıqların suvarılması üçün plastik borularla 550 metr su xətti çəkilmişdir. İl ərzində 3260 ədəd bəzək ağacı və gül kolu əkilmiş, onlara aqrotexniki qaydada qulluq göstərilmişdir.

Mənzil İstismar Sahəsi 45 çoxmərtəbəli və  87 birmərtəbəli  yaşayış binasında yerləşən 977 mənzildə yaşayan 3908 nəfər əhaliyə mənzil-kommunal xidmətləri göstərir. Xidmətdə olan mənzillərin 787-si tam özəlləşdirilmiş, 190-nı isə qeyri-özəldir. İl ərzində müəssisədaxili planlaşdırmaya müvafiq olaraq binalarda xidmət və təmir işləri görülmüşdür. Şəhərinin Ə.Mahmudov küçəsində 4, M.F.Axundov  küçəsində 3, H.B.Zərdabi küçəsində 2, Heydər Əliyev prospekti, Nizami və Cavanşir küçəsinin hər birində bir ümumyaşayış  binasının daxili və xarici  kanalizasiya xətləri təmir olunmuşdur. M.F.Axundov küçəsi 34 “a” ünvanında yerləşən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yaşadığı binanın birinci mərtəbəsində yerləşən 8 mənzil əsaslı təmir  edilmişdir.

Qeyd etmək lazımdır ki, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ölkə başçısının daim diqqət mərkəzindədir. İsmayıllı şəhərində istismar müddəti başa çatmış 3 ikimərtəbəli və 4 birmərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 avqust 2018-ci il tarixli Sərəncamına əsasən 48 mənzilli yaşayış binasının tikintisi üçün 3 (üç) milyon manat vəsait ayrılmış və binanın tikintisinə başlanılmışdır.

Ölkəmizdə əhalinin sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində aparılan dövlət siyasəti rayonumuzda uğurla davam etdirilir. 01 yanvar 2019-cu il tаriхə Dövlət Sosial Müdafiə Fondu İsmayıllı Rayon Şöbəsinin uçot qеydiyyаtındа olаn əmək pеnsiyаçılаrının ümumi sаyı 13074 nəfər, sosial müavinət alanlar 4369 nəfərdir.

İl ərzində əmək pensiyalarının ödənilməsinə 29 milyon 976 min manat və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə 949,7 min manat vəsait sərf olunmuş, pensiya və müavinətlər üzrə cəmi xərclər 31 milyon 63 min manat təşkil etmişdir. Vəsaitin 19 milyon 870 min mаnаtı (64 faiz) Rеspublikа Fondundаn köçürülımüş, qalan vəsait (36 faiz) isə yerli daxilolmalar hesabına reallaşdırılmışdır.

İl ərzində 4429 nəfər sosial müavinət alana 4 milyon 643 min manat məbləğində vəsait ödənilmişdir.

2018-ci il ərzində  sığortaedənlərdən 456,8 min manat vəsait işsizlikdən sığorta fonduna daxil olmuşdur.

01 yanvar 2019-cu il tarixə rayonda 106 ailə ünvanlı dövlət sosial yardımı alır. Hər ailəyə düşən orta  aylıq məbləğ 164 manat 94 qəpik, adambaşına düşən aylıq məbləğ isə 42 manat 13 qəpik təşkil edir. Şöbə rayon ərazisində 211 nəfər ahıl və əlil vətəndaşa evlərində sosial məişət  xidməti göstərir.

Rayon Məşğulluq Mərkəzində 330 idarə, müəssisə, təşkilat və sahibkar qeydiyyatdadır. Bunlardan  hazırda 260-ı fəaliyyət göstərir. İl ərzində 1571 nəfər vətəndaş rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və onlardan 1382 nəfəri işaxtaran kimi rəsmi qeydiyyata alınmışdır. 2018-ci il ərzində 506 nəfər  işlə təmin edilmişdir. Onların 114 nəfəri  gənc, 84 nəfəri  qadın, 2 nəfəri isə qaçqın və  məcburi  köçkün olmuşdur. “İşsizlikdən sığorta haqqında” Qanunun tətbiqi ilə əlaqədar hesabat dövründə 13 nəfərə işsiz statusu verilmiş və onlara işsizlikdən sığorta müavinəti ödənilmişdir. 24 may 2018-ci il tarixdə rayonda “Əmək  yarmarkası” keçirilmiş, 61 idarə,  müəssisə və təşkilat tərəfindən 241 boş iş yeri təqdim   olunmuş, vakansiyalara 103 nəfər qeyri-məşğul vətəndaşa göndəriş verilmiş, 96 nəfər işlə təmin olunmuşdur.

01 yanvar 2019-cu il tarixə rayonda əhalinin sayı 86735 nəfərdir. Onların 44600 nəfəri iqtisadi fəal əhalidir. İşsizlər 2100 nəfər və ya 4,7 faiz təşkil edir. “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə əhalinin özünüməşğulluğuna kömək göstərilməsi məqsədilə Mərkəzdə qeydiyyatda olan 107 nəfər aztəminatlı ailə aprel-oktyabr aylarında bir aylıq kurslara cəlb olunmuşdur. Beynəlxalq Əmək Təşkilatının “Öz biznesinə başla, təkmilləşdir” metodologiyasına uyğun olaraq təlim prosesinə cəlb olunmuş iştirakçılardan 93 nəfərin təlim prosesi başa çatmış və öz aktivlərini almışlar.

Rayonda 2018-ci ildə 1095 yeni iş yeri açılmışdır ki, bunun da 815-i daimi iş yerləridir. İş yerlərinin 55-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 334-ü mövcud müəssisə və təşkilatlarda, 426-sı isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yanındadır.

İl ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iş adamlarına 22 layihə üzrə 2 milyon 247 min manat məbləğində güzəştli şərtlərlə kredit verilmiş, 113 yeni iş yeri açılmışdır.

6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində rayon üzrə 81 akt, 8 protokol və 16 ədəd icrası məcburi olan göstəriş verilmişdir. Ətraf mühitə atılan tullantılara görə 35 nəfər hüquqi və fiziki şəxsə 11760 manat ödəmə verilmiş, bunun 10360 manatı ətraf mühitin mühafizəsi fonduna köçürülmüşdür.

2018-ci il ərzində Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin İsmayıllı meşəbəyliyində 44 hektar sahədə fındıq, 46 hektar sahədə qoz bağı salınmışdır. 28 hektar sahə kol-kosdan təmizlənmiş, 64 hektar sahədə meşə-bərpa işləri aparılmışdır. İl ərzində tinglik sahəsində 30 min ədəd fındıq tingi əkilmişdir. Meşələrin mühafizəsi ilə əlaqədar həyata keçirilən tədbirlərin səmərəsi artırılmışdır.

Zəngin təhsil və ziyalılıq ənənələri olan İsmayıllıda dövlət təhsil siyasəti uğurla həyata keçirilir. Rayon üzrə 77 ümumtəhsil məktəbi, o cümlədən 46 tam, 21 ümumi, 10 ibtidai məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə  813 sinif komplekti olmaqla 11212 nəfər şagird təhsil alır. Cari dərs ilində rayonda 2 məktəbdənkənar müəssisə – Uşaq-Gənclər İnkişaf Mərkəzi və Uşaq-Gənclər Şahmat-İdman Məktəbi fəaliyyət göstərir.

Son illərdə rayonda təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi, maddi-texniki bazanın möhkəmləndirilməsi, təhsilə yeni texnologiya və innovasiyaların tətbiqi sahəsində əsaslı işlər görülmüş,  təhsilin məzmununda, inkişaf istiqamətlərində mühüm yeniliklər baş vermişdir.  2018-ci ildə Vəng, Mücühəftəran, Topçu, Kürdmaşı kənd tam orta və Bizlan ümumi orta məktəblərində cari təmir işləri aparılmışdır. Rayonda müntəzəm olaraq təhsilin inkişafı sahəsində tədbirlər davam etdirilir. 2018-ci ildə ümumtəhsil məktəblərinin XI siniflərini 752 nəfər bitirmiş, buraxılış imtahanlarını  müvəffəqiyyətlə  verərək tam orta təhsil haqqında attestat almışdır. Lahıc qəsəbə tam orta məktəbinin məzunu Yarməmmədli Niyalə orta məktəbi qızıl, İvanovka kənd tam orta məktəbinin məzunu Orlova Anna isə gümüş medalla bitirmişdir. 49 nəfər  məzuna fərqlənmə attestatı verilmişdir.  2018-ci ilin tələbə qəbulunda rayonumuzun nəticələri sevindirici olmuşdur. 683 nəfər məzun ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, 360 nəfər abituriyent tələbə adını qazanmışdır.  İmtahanlarda şəhər 6 nömrəli tam orta məktəbin məzunu Vasif Əsədov 700 bal, 38 nəfər 600-dən yuxarı, 87 nəfər 500-600 arası bal toplamışdır. Tələbə qəbulu imtahanlarında  göstərdikləri  yüksək  nəticələrə görə  şəhər 6 nömrəli tam orta məktəbinin məzunları Vasif  Əsədov  və  Ramil  Ağayev  Prezident təqaüdünə  layiq  görülmüşlər. Respublika Təhsil Nazirliyinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində İvanovka kənd tam orta məktəbinin XI sinif şagirdi Anna Orlova II yeri, şəhər 3 nömrəli məktəb-liseyin X sinif şagirdi İlknur Murad III yeri tutmuşdur. “Ədəbiyyat  biliciləri” respublika müsabiqəsində şəhər 1 nömrəli tam orta məktəbinin və şəhər 3 nömrəli məktəb-liseyin şagirdləri qaliblər sırasında olmuşlar. Dərs ilinin sonunda rayonun istedadlı şagirdlərinin hesabat xarakterli toplantısı keçirilmiş, beynəlxalq və respublika səviyyəli yarış, müsabiqə və layihələrdə uğur qazanmış 140 nəfərdən artıq istedadlı şagird rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Şöbəsinin Fəxri fərmanları, qiymətli hədiyyələri ilə  mükafatlandırılmışdır. “Təhsildə inkişaf və innovasiyalar üzrə Qrant müsabiqəsi”ndə müəllimlərimiz uğurlu nəticələrə nail olmuşlar. Birinci müsabiqədə 4 nəfər, ikinci müsabiqədə isə 5 nəfər müəllim qaliblər sırasında yer tutmuşdur. “Elektron təhsil” Respublika müsabiqəsində də nəticələrimiz uğurlu olmuş, 3 nəfər müəllimimiz  mükafata layiq görülmüşdür. Şəhər 1 nömrəli tam orta məktəbin beş nəfər və şəhər 5 nömrəli tam orta məktəbinin bir nəfər müəllimi “Avropa keyfiyyət nişanı”na layiq görülmüşdür. Şəhər 2 nömrəli  tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xatirə Nuriyeva BMT-nin Ərzaq Proqramı çərçivəsində “Vəhşi təbiətin nemətlərindən xalq kulinariyasında istifadə olunması”  layihəsində qalib gələrək İtaliyada keçirilən Beynəlxalq tədbirə qatılmışdır. 2018-ci ildə cənab Prezidentin Sərəncamı ilə şəhər 6 nömrəli tam orta məktəbin direktoru  Qalib Bəşirova “Əməkdar  müəllim” adı verilmiş, şəhər 1 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bahar  Abdullayeva “Tərəqqi”  medalı ilə təltif edilmişdir. Bütün bunlarla yanaşı, rayonda təhsil sahəsində həlli vacib bir sıra problemlər də mövcuddur. Rayon mərkəzində yeni məktəb binasının tikintisinə ciddi ehtiyac vardır. Rayonun Güyüm, Sədiyan, Tircan (ferma), Kələzeyvə və şəhər 8 nömrəli ibtidai məktəbinin müasir binaya ehtiyacı vardır.

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci rayonun sosial-iqtisadi inkişafı üçün əhəmiyyətli tədris müəssisəsidir. Kollecdə təhsil və tərbiyə işi müasir təhsilin tələbləri əsasında ənənəvi və kredit sistemi ilə standartlara uyğun aparılır.  Bu tədris müəssisəsində ümumi tələbə sayı 585 nəfərdir. 2018-2019-cu tədris ili üçün kollecə 12 ixtisas üzrə 235 nəfər tələbə qəbul olunmuşdur.  2018-ci ildə kolleci 116 nəfər məzun bitirmiş, onlardan 4 nəfəri fərqlənmə diplomu almışdır. Cari dərs ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən kollecə üç ixtisas – baytarlıq, meşə-park təsərrüfatının təşkili, turist-mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi ixtisasları verilmişdir.

480 yerlik İsmayıllı Peşə Tədris Mərkəzi müasir peşə tədrisi tələblərinə cavab verən, bu sahədə islahatların uğurla həyata keçirildiyi bir müəssisəyə çevrilmişdir.  Mərkəzdə 13 qrup üzrə 253 nəfər şagird təhsil alır. Burada turizm, kənd təsərrüfatı, iaşə, inşaat və digər sahələr üçün peşəkar ustalar hazırlanır. 2018-ci ildə Tədris Mərkəzini bitirən 181 nəfərdən 37 nəfəri işlə təmin olunmuşdur. Mərkəzdə dərslər yeni təlim metodu ilə həyata keçirilir. Alman Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində bu il kənd təsərrüfatı və turizm sahəsi üzrə modul tipli ixtisaslar fəaliyyətə başlamışdır.

Rayonda 10-u dövlət, biri özəl müəssisə olmaqla 11 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan 3-ü körpələr evi-uşaq bağçası, 8-i isə uşaq bağçasıdır. Bağçalara  414 nəfər məktəbəqədər yaşlı uşaq cəlb olunmuşdur. Rayonda 1-5 yaş arası uşaqların sayının 6 min nəfərdən çox olduğunu nəzərə alsaq, bu da  təqribən 7 faiz təşkil edir. Bağçalarda uşaqların təlim-tərbiyəsi ilə 53 nəfər pedaqoji işçi məşğul olur. Gəraybəyli və Cülyan kəndlərindəki bağçalar istisna olmaqla, qalan bağçalar kombi sistemi vasitəsi ilə qızdırılır. Ölkə başçısının 27 avqust 2018-ci il tarixli Sərəncamı ilə şəhərdə 100 yerlik uşaq bağçasının tikilməsi üçün 1,5 milyon manat vəsait ayrılmışdır. 2019-cu il ərzində bu məktəbəqədər təhsil müəssisəsinin tikilib istifadəyə verilməsi gözlənilir.

Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, vətəndaşların sağlamlığının qorunması üçün son illərdə rayonumuzda əsaslı tədbirlər həyata keçirilmişdir. İl ərzində 1200 doğum və 541 ölüm hadisəsi qeydə alınmış, təbii artım 659 nəfər olmuşdur. Əhalinin hər min nəfərinə düşən doğulanlar 13,8 nəfər, ölənlər isə 6,2 nəfər təşkil etmişdir. 553 nikah qeydiyyatı və  97 boşanma halı baş vermişdir.

2018-ci ilin fevral-may aylarında respublikada aparılan dispanserizasiya rayonumuzda da uğurla həyata keçirilmiş, 55353 nəfər tibbi müayinəyə cəlb olunmuşdur. Bunlardan 849 nəfər ambulator, 176 nəfər stasionar müalicə edilmiş, 75 nəfər Bakı şəhərinə və Respublikanın digər ərazilərində yerləşən müalicə mərkəzlərinə göndərilmişdir.  Hesabat ilində 1476 nəfər şəkərli diabet xəstəsi, 465 nəfər vərəmli xəstə, 94 nəfər talassemiyalı xəstə, 26 nəfər xroniki böyrək çatışmazlığı xəstəsi, 18 nəfər dağınıq skleroz xəstəsi qeydiyyatda olmuş, müalicələrini davam etdirmiş, 81 nəfər onkoloji xəstə ilkin qeydiyyata götürülmüşdür.  2018-ci ildə nikaha daxil olan 456 cütlüyün və 27 nəfərin tək ilkin müayinəsi aparılmış, bunlardan 9 nəfərdə talassemiya xəstəliyi, 58 nəfərdə talassemiya daşıyıcısı, 4 nəfərdə isə digər xəstəliklər aşkar edilmişdir.  İl ərzində uşaqlar arasında heç bir kütləvi kəskin infeksion xəstəlik baş verməmişdir. Dövlət proqramına uyğun olaraq 6812 nəfər uşaq icbari dispanserizasiyadan keçirilmişdir. İsmayıllı Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən yaşayış məntəqələrinin sanitar-gigiyenik rejiminin gözlənilməsi, ətraf mühitin sanitariya mühafizəsi sahəsində tədbirlər həyata keçirilmişdir, su təchizatı sisteminə sanitariya nəzarəti gücləndirilmişdir. Bununla belə rayonun səhiyyə sahəsində nöqsan və çatışmazlıqlar da mövcuddur. Hazırda səhiyyə müəssisələrində 98 həkim, 332 orta tibb işçisi çalışır. Əhalinin hər min nəfərinə cəmi 1,1 nəfər həkim, 3,9 nəfər orta tibb işçisi düşür. Rayon üzrə 38 həkim və 25 orta tibb işçisi yeri vakantdır. Hesab edirəm ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi rayonun tibb işçilərinə olan tələbatını nəzərə alaraq, kadrlarla təmin olunması üçün müvafiq köməklik göstərəcəkdir.

Avqust ayında cənab Prezident İlham Əliyevin Azərbaycanın unikal mədəni mərkəzlərindən biri olan Lahıca tarixi səfəri, bir qədər sonra Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında və İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri ilə bağlı imzaladığı sərəncamlar Azərbaycan mədəniyyətinə, onun tarixi abidələrinin qorunmasına yüksək diqqət və qayğının təzahürüdür. Məlum olduğu kimi, Lahıc və Basqalda tarixən xalq sənətkarlığının dəmirçilik, misgərlik, ipəkçilik, xalçaçılıq və digər sənət növləri yaranmış, yaşamış və bir çoxu günümüzə qədər gəlib çıxmışdır.  Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Lahıc və Basqal qəsəbəsi barədə ölkə başçısının söylədiyi fikirlər bizi bu iki unikal məkanın inkişafına daha diqqət və məsuliyyətlə yanaşmağa istiqamətləndirir.

İsmayıllıda turizmin inkişafı üçün çox əlverişli potensialın olduğunu cənab Prezident dəfələrlə qeyd etmişdir. Nazirlər Kabinetinin 7 iyun 2018-ci il tarixli 255 nömrəli Qərarına əsasən İsmayıllı Turizm İnformasiya Mərkəzi fəaliyyətə başlamışdır. Kəndlərdə yaşıl turizm ilə məşğul olan şəxslərlə görüşlər keçirilmiş, məlumat bazası yaradılmış, bukletlər hazırlanmış, rayon üzrə tur marşrutlarının xəritəsi hazırlanmışdır. Rayon ərazisində 32 istirahət mərkəzi fəaliyyət göstərir. Bu istirahət mərkəzlərində 1611-dən çox yataq yeri vardır. 2018-ci ildə rayona 105 min 823 nəfər turist gəlmişdir ki, bunların da 14613 nəfəri xarici turistlər olmuşdur.

2018-ci ildə rayonda Dövlət-gənclər siyasəti uğurla davam etdirilmişdir. Rayon Gənclər İdarəsi YAP rayon təşkilatının gənclər birliyi, Rayon Təhsil Şöbəsi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və Peşə Tədris Mərkəzi ilə işgüzar əlaqələri gənclərin vətənpərvərlik, doğulub boya-başa çatdığı torpağa məhəbbət ruhunda tərbiyə olunmasında əhəmiyyətli rol oynamışdır. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın tələblərinə uyğun tədbirlərin icrası davam etdirilmiş, şeir ifaçılığı, rəsm, inşa yazı müsabiqələri, bilik və idman yarışları, intellektual yarışlar keçirilmişdir. Dövlət bayramları və anım günlərinə həsr olunmuş tədbirlərdə gənclərin fəal iştirakı təmin edilmiş və yüksək səviyyədə qeyd olunmuşdur. Hesabat dövründə gənclərlə iş sahəsində 49, o cümlədən 18-i respublika və 31-i rayon miqyaslı tədbir keçirilmişdir. Tədbirlərdə 4 min nəfərdən çox gəncin iştirakı təmin edilmişdir

2018-ci ildə rayonda idmanın müxtəlif növləri üzrə 68 tədbir keçirilmişdir ki, bu tədbirlərin 3-ü beynəlxalq, 28-i respublika və  37-si rayon miqyaslı olmuşdur. İdman tədbirlərində 4258 nəfər idmançı iştirak etmiş, müxtəlif idman növləri üzrə öz imkanlarını sınamışdır. İl ərzində respublikada keçirilən yarışlarda idmançılarımız 35 qızıl, 13 gümüş, 12 bürünc, beynəlxalq yarışlarda 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanmışlar. Olimpiya-İdman Kompleksi rayonda gənc idmançıların yetişməsində, gənclərin fiziki hazırlığının inkişafı sahəsində məqsədyönlü iş aparır.

İqtisadi inkişafın əsasını təşkil edən ictimai-siyasi mühitin sabitliyi, siyasi fəaliyyətin qanuni əsasda təşkili Rayon İcra Hakimiyyətinin gündəlik diqqətində olmuşdur. İdeya-siyasi işdə, ictimai-siyasi fəaliyyətdə Azərbaycan Respublikası Konstitusiyası, Respublika Prezidentinin fərman, sərəncam və tapşırıqları, müvafiq qanunvericilik aktları əsas götürülür. Rayonda siyasi fəaliyyət Azərbaycan Respublikası Prezidenti Administrasiyasının göstəriş, tapşırıq və tövsiyələrinə uyğun aparılır, ölkədə həyata keçirilən  sosial-iqtisadi siyasətin nəticələri əhali arasında geniş təbliğ olunur.  İdeoloji işin gücləndirilməsi üçün Heydər Əliyev Mərkəzinin imkanlarından səmərəli istifadə edilir. 2018-ci ildə Mərkəzdə 60-dan çox tədbir keçirilmiş, 12 minə yaxın  ekskursiyaçı  buranı ziyarət etmişdir.

Rayon İcra Hakimiyyəti siyasi, ictimai və ideoloji tədbirləri Yeni Azərbaycan Partiyasının rayon Təşkilatı ilə birgə aparır. Rayonda YAP üzvlərinin sayı 8499 nəfərə çatmışdır və bölgədə ən güclü siyasi qüvvə olaraq fəaliyyət göstərir. Hesabat ilində 151 nəfər partiya sıralarına qəbul olunmuşdur ki, onların da 134 nəfərini  gənclər,  92 nəfərini qadınlar təşkil edir.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi problemli ailələrin, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərini həll etmək, ailələrinin yaşayış səviyyələrini yüksəltmək məqsədi ilə ardıcıl iş aparmışdır. İl ərzində Mərkəzə 382 müraciət daxil olmuş, 39 tədbir keçirilmiş, tədbirlərdə 1300 nəfərin iştirakı təmin edilmişdir. Məişət zorakılığı və ailə münaqişəsi ilə bağlı mərkəzə daxil olmuş müraciətlər  araşdırılmış və müsbət nəticələr əldə olunmuşdur. 245 nəfər qadın və uşaq Qadın İcma İnformasiya Mərkəzindən istifadə etmişdir. İl ərzində  91 problemli ailəyə səfər edilmiş, 130 xüsusi halla bağlı iş davam etdirilmişdir.

2018-ci ildə daha 3 ölkənin, İsrailin Kiryat-Byalık, Çexiyanın Çeşke-budoyevitse və Özbəkistanın Riştan şəhərləri ilə rayonumuz arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Əvvəlki illərdə imzalanmış müqavilələrə əsasən tədbirlər davam etdirilmişdir. Beləliklə, dünyanın 7 ölkəsinin şəhəri ilə əməkdaşlıq tədbirləri həyata keçirilir.

İsmayıllıda tolerantlıq mühiti hökm sürür. Dinlərə, müxtəlif milli və dini qruplara münasibətdə heç bir ayrı-seçkiliyə yol verilmir. Rayonda  26 məscid, 16 dini icma, 4 ibadət evi vardır. Dini icmalardan 15-i islam və biri xiristian  təmayüllüdür. Rayonda ənənəvi dinlərə mənsublar üçün bərabər  şərait yaradılmışdır. 24 dekabr 2018-ci il tarixdə Heydər Əliyev Fondu tərəfindən İvanovka kənd dini icmasına “Qazel” markalı mikroavtobus hədiyyə olunmuşdur. Dini maarifləndirmənin həyata keçirilməsi məqsədilə rayonda müntəzəm olaraq müxtəlif mövzularda tədbirlər həyata keçirilmişdir.

“İsmayıllı xəbərləri” qəzeti  maraqlı və məzmunlu yazıları ilə oxucuların diqqətini cəlb edir, rayonun ictimai-siyasi və mədəni həyatını dolğun işıqlandırır. Qəzetin nəzdində “Dağ çiçəkləri” ədəbi məclisi fəaliyyət göstərir. Bölgədə “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyi yaradılmışdır. Ədəbi məclis və ictimai birlik rayonun ədəbi mühitinin formalaşmasında mühüm rol oynayır, gənc istedadları üzə çıxarır, onları bir araya gətirir.

Rayon İcra Hakimiyyəti yanında İnzibati Komissiyaya inzibati xəta haqqında 7 protokol daxil olmuşdur. İnzibati xəta törətmiş 6 nəfər barəsində cərimə tətbiq olunmuş, abadlıq qaydalarını pozduğuna görə bir  nəfər barəsində protokol tərtib edilmişdir.

Hesabat ilində İsmayıllı Rayon İcra Hakimiyyətinə cəmi 1458 vətəndaş müraciəti daxil olmuşdur. Müraciətlərin 379-u Prezident Administrasiyasından, 16-sı Milli Məclisdən, 22-si Nazirlər Kabinetindən və 45-i Respublikanın digər təşkilatlarından baxılmaq üçün rayon İcra Hakimiyyətinə göndərilmişdir. Vətəndaşlar tərəfindən birbaşa 996 müraciət, o cümlədən elektron poçtla 62 və 164 nömrəli “Qaynar xətt” vasitəsi ilə 182 müraciət daxil olmuşdur. Müraciətlərin 1303-ü ərizə, 153-ü şikayət, ikisi  təklif olmuşdur. Şikayət ərizələri ümumi ərizələrin 10,5 faizini təşkil etmişdir. Daxil olmuş müraciətlərin 391-i müsbət, 120-si qismən həll edilmiş, 851-nə müvafiq izahat verilmiş, 15-i əsassız sayılmış, 7-si isə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. 41 müraciət  baxılmaq üçün aid qurumlara göndərilmişdir.

187  nəfər vətəndaşa müvafiq komissiyanın rəyi ilə 37 min 290 manat yardım  göstərilmişdir. Bunlar əsasən  şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və müxtəlif kateqoriyadan olan birinci qrup əlillər, uzun sürən xəstəliklərdən əziyyət çəkən aztəminatlı  vətəndaşlar olmuşdur.

Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən yerlərdə 58 səyyar görüş-qəbul keçirilmiş, 4582  nəfər qəbula gəlmiş, 338 nəfər Rayon İcra Hakimiyyətinin başçısına müraciət etmiş, 414 məsələ barəsində fikirlərini bildirmişdir. Bundan əlavə, İcra Hakimiyyətinin inzibati binasında  rayon İcra Hakimiyyətinin başçısı və onun müavinləri, şöbə müdirləri tərəfindən 1952 nəfər vətəndaş qəbul edilmişdir.

2018-ci ildə RİH-nin sosial şəbəkələrdə də fəaliyyəti təmin edilmişdir. Belə ki, icra hakimiyyətinin www.facebook.com, www.twitter.com, www.instaqram.com və www.yootube.com sosial şəbəkələrində rəsmi səhifələri açılmış, rayonda keçirilən tədbirlər və rayon haqqında məlumatlar həmin sosial şəbəkələr vasitəsi ilə ictimaiyyətə çatdırılmışdır.

Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq 2018-ci ilin yanvar ayında İnzibati ərazi dairələri üzrə nümayəndəliklərdə 2017-ci ildə görülmüş işlərə dair hesabat yığıncaqları keçirilmişdir. Bu  yığıncaqlarda əhali tərəfindən qaldırılan məsələlər təhlil olunmuş, ümumiləşdirərək həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür. Ötən dövr ərzində əhalini narahat edən və yığıncaqlarda səsləndirilmiş 81 problem öz həllini tapmışdır. İl ərzində bələdiyyələrdə vətəndaşların müraciətlərinə baxılması, ərazilərin sosial problemlərinin həlli, təmizlik, abadlıq və yaşıllaşdırma işlərinin həyata keçirilməsi, digər layihələrin icrası, bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər sahələrdə görülən işlər daha da gücləndirilmişdir. Fevral və iyul aylarında rayonun bütün bələdiyyələr görülmüş işlərlə əlaqədar seçiciləri qarşısında hesabat vermişdir. Hesabatlar dövründə bələdiyyələr tərəfindən “Bir bələdiyyə azı bir layihə” çərçivəsində ümumilikdə 93 layihə icrasını tapmışdır.  “Demokratiya həftəsi”ndə vətəndaşlarla keçirilmiş  72 görüşdə 4159 nəfər sakin iştirak etmiş, “Açıq qapı” günlərində  467 nəfər vətəndaş qəbul edilərək problemləri və təklifləri dinlənilmişdir.

2019-cu ildə qarşımızda daha böyük və daha əzəmətli vəzifələr durur. Daha effektli tədbirlərin görülməsi zərurətini və məsuliyyətini dərindən dərk edərək İsmayıllı rayonu üzrə icrası davam etdiriləcək və yeni start veriləcək layihələr müəyyənləşdirilmiş, konkret inkişaf planı hazırlanmışdır. Rayonda sənayenin inkişafı diqqət mərkəzində olacaq. Yeni tikilən Xalça emalatxanasının tikintisi başa çatdırılacaqdır. Yaxın gələcəkdə fındıq təmizləmə zavodunun tikintisi nəzərdə tutulmuşdur. Sənaye məhəlləsinin yaradılması üçün də müvafiq tədbirlər görüləcək, iş adamları tərəfindən emal müəssisələrinin açılması üçün tədbirlər davam etdiriləcəkdir. 2019-cu ildə rayonda “ABAD” (Ailə Biznesinə Asan Dəstək) Mərkəzi rayonun sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına və dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində fəaliyyət göstərən ailələrin biznesinə təkan verəcəkdir. Sertifikatlaşdırma, qablaşdırma, dizayn, marketinq və digər xidmətlərin bir mərkəzdə fəaliyyət göstərməsi istehsal olunan məhsulların maya dəyərinin azalmasına imkan verəcək, həmçinin ailə təsərrüfatlarına istehsal şəraitinin yaxşılaşdırılması və innovativ texnologiyaların tətbiqinə şərait yaradacaqdır.

Kiçik təsərrüfatların lazımi səmərə vermədiyini nəzərə alaraq  Kənd təsərrüfatı Kooperasiyalarının və Ailə kəndli-fermer təsərrüfatlarının yaradılması məqsədi ilə izahat  və maarifləndirmə tədbirləri davam etdiriləcək, bitkiçilik sahəsində yüksək məhsul əldə olunması məqsədilə torpaqbecərmə işlərinin mütərəqqi təcrübə və qabaqcıl texnologiyalar əsasında aparılması, payızlıq və yazlıq əkinlər üçün yay və dondurma şumunun vaxtında çıxarılmasının əhəmiyyəti barədə fermerlərlə daimi iş aparılacaqdır.

Fındıqçılığın kənd təsərrüfatının gəlirli sahələrindən biri, rayonumuzun torpaq və iqlim şəraitinə çox uyğun olduğunu nəzərə alaraq fındıq bağlarının becərilməsinə daha çox diqqət yetiriləcəkdir.

Cari ildə ənənəvi sahələrdən olan tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi əsas hədəflərimizdəndir. Tütün əkini sahələri genişləndiriləcək və becərilməsinə diqqət artırılacaqdır.

Elmi nailiyyətləri və qabaqcıl təcrübəni heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin təsərrüfatında tətbiq etməklə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın artırılması yönümündə tədbirlər görüləcək, intensiv inkişafının təmin olunması üçün lizinq yolu ilə cins damazlıq heyvanların alınması istiqamətində tədbirlər davam etdiriləcəkdir.

Arıçılığın inkişafı üçün rayonda geniş imkanlar mövcuddur. Dəmirçi-Lahıc avtomobil yolunun istifadəyə verilməsi ilə bu imkanlar daha da artmışdır. Dağlıq zonada iri arıçılıq təsərrüfatlarının yaradılması üçün tədbirlərin həyata keçirilməsi cari ildə diqqətdə saxlanacaqdır.

İl ərzində Qaraməryəm-Şəki avtomobil yolundan ayrılan 7 kilometr uzunluğunda Quşencə-Zoğallıq kəndlərinin giriş yolu, Muğanlı-İsmayıllı avtomobil yolundan ayrılan 7 kilometr uzunluğunda Ağbulaq-Qoşakənd kəndlərinin və Təzəkənd kəndinin giriş yolu əsaslı təmir olunacaq, asfalt örtük çəkiləcəkdir. Hazırda həmin yollarda iş gedir.  Diyallı kəndinin giriş yolunun kəndin mərkəzi küçəsinin sonuna qədər uzadılması, Topçu kəndinin daxilindəki asfalt yolun, Tircan-Maçaxı və Basqal-Sulut yollarının təmiri də qarşıda duran vacib məsələlərdəndir.

İl ərzində Kəlbənd kəndində tikilməkdə olan körpünün inşası başa çatdırılacaq, Qalacıq kəndinin girişində qəzalı vəziyyətdə olan körpünün tikintisi üçün müvafiq tədbirlər görüləcəkdir.

2019-cu ildə  elektrik təsərrüfatında görüləcək işlərin layihələri hazırlanmış və təsdiqlənmişdir. 10/0,4 kilovoltluq elektrik şəbəkələrinin yenidən qurulması işləri davam etdiriləcək. Şəhərin 16-cı məhəllə, “Qarabağ” və Qəzli adlanan  yaşayış massivlərində, Quşencə kəndi və Talıstan kəndi ərazisində olan yeni məhəllələrdə elektrik xətlərinin kabellə əvəz edilməsi, şəhərdə üç, Topçu və Qalagah kəndlərinin hər birində bir ədəd yeni transformatorun quraşdırılması nəzərdə tutulmuşdur.

Rayonda Girdimançay üzərində 10 meqavat-amper gücündə Su-Elektrik Stansiyasının tikilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir.

Yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində qarşıda daha böyük vəzifələr durur. Talıstan, Xəlilli, Gəraybəyli, İvanovka kəndlərində və şəhərin bir sıra yaşayış massivlərində müxtəlif diametrli daşıyıcı qaz xətlərinin dəyişdirilməsi və yenidən qurulması proqramlaşdırılmışdır. Rayonun Qalagah, Soltankənd, Uştal, Ruşan və digər iri yaşayış məntəqələrinin qazlaşdırılması vacib məsələ kimi qarşıda durur.

2 saylı Regional Su-Kanal İdarəsi tərəfindən Xanagah-İsmayıllı magistral su xəttinin tez-tez qəzalar baş verən hissəsində diametri 355 millimetr olan magistral su xəttinin 120 metr hissəsini yenisi ilə əvəz etmək, suyun mənbəyində sel və daşqınlar nəticəsində qrunt sularının yeraltı drenaja daxil olmasının qarşısını almaq üçün istinad divarının bərkidilməsi işlərinin görülməsinə başlanacaqdır.

Cari ildə mədəniyyət müəssisələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması məqsədilə maddi-texniki bazanın gücləndirilməsi və müasir avadanlıqların alınması nəzərdə tutulmuşdur. İsmayıllı rayon İncəsənət Məktəbinin və Diyallı kənd yaradıcılıq klubunun damının əsaslı təmiri planlaşdırılmışdır. Hazırda hər iki mədəniyyət müəssisəsində  təmir işləri həyata keçirilir.

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” ilə əlaqədar qarşıda daha mühüm vəzifələr durur. Əsaslı işlər görüləcək, qeyri-məşğul gənclərin işlə təmin olunması məqsədi ilə zəruri tədbirlər həyata keçiriləcəkdir. Cari ildəki əsas hədəflərimizdən biri rayonun girişində Gənclər Mərkəzinin və Bayraq Meydanının tikilməsidir.

2019-cu ildə ümumilikdə 18 obyektin açılışı nəzərdə tutulur. Bunların 16-sında, yəni şəhərin Heydər Əliyev prospektində beşmərtəbəli 4 ulduzlu otel binasında, “Nial Construction” MMC tərəfindən hotel-biznes mərkəzində, Tircan kəndi ərazisində “Bədo sanatoriya-istirahət mərkəzi”ndə, Talıstan kəndi ərazisindəki İstirahət kompleksində, İsmayıllı Xalça emalatxanasında, 100 yerlik uşaq bağçasında, 48 mənzilli yaşayış binasında, İvanovka Mədəniyyət Sarayının təmirində, Basqal qəsəbəsində inşa edilən  tam orta məktəbin binasında, Qalacıq kəndinin qazlaşdırılmasında, Diyallı kəndində fermada,  Kəlbənd kəndində körpünün tikintisində, Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin inzibati binasında, Quşencə-Zoğallıq, Ağbulaq-Qoşakənd və Təzəkənd kəndlərinin giriş yollarında tikinti işləri hazırda davam etdirilir. Basqal qəsəbəsində Turizm kompleksinin və Fındıq emalı müəssisəsinin tikintisinə yaxın vaxtlarda başlanması nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin edirik ki, ölkəmizin qarşısında duran möhtəşəm vəzifələrin icrasında, taleyüklü məsələlərin həllində Respublikamızın bütün sahələrdə davamlı inkişafının təmin edilməsində ismayıllılar daim ön sıralarda olacaq, 2019-cu ili ən yüksək nəticələrlə başa vuracaqlar.

Şərh Yaz