ANAMA MƏKTUB 3 hərflik bir sözdə xoşbəxtlik axtarmaq qədər böyük – “Ana”

İllərlə və əsrlərlə analar haqqında deyilmiş neçə-neçə sözlər var. ”Cənnət anaların ayaqları altındadır”, ”Analar əvəzolunmazdır” və daha nələr. Mən bütün bu fikirləri dəfələrlə oxudum. Hətta bağça yaşımdan bizə ana haqqında müqəddəs kəlamlar danışdılar. Anaları sevin, sevin, sevin! Anlamırdım ki… ANAMA MƏKTUB  3 hərflik bir sözdə xoşbəxtlik axtarmaq qədər böyük - "Ana"                         İnan, ana, anlamırdım ki, sənə olan sevgim bütün o sözlərdən daha artıq imiş. Yox, sənə olan sevgimdən danışmayım. Bu sevgini sözlərə sığdıra bilməyəcək qədərsən. Bilirsən? Düz 25 yaşıma kimi anlamadım ki, əslində ana sevgisi sözlərlə deyil, anlayışla və yaşa dolduqca izah olunur. 25 yaş və mən əslində anamın 3 hərflik xoşbəxtlik olduğunu anladım.
Hər sözündə, hər kəlməsində dünyalar qədər təcrübəsən, ana. Zirvə demirəm sənə yox, zirvələrə nə zamansa gedilir və çatılır. Sən çatılmayansan. Yaşadığım 28 il boyu ilk dəfə ən səmimi sözlərimi işlədirəm indi. Bu yazını neçə-neçə insanlar oxuyacaq, amma onlar da anlamayacaq, inan mənə. Necə bizi ayaqda saxlamaq üçün gecə-gündüz çalışdın. Sanki biz hər şeyi bacararıq? Yox, hamısı yalandır. Guya biz güclüyük kimi cümlələr işlətməyimizdə yalandır. Ən çətin anlarımda mənə kömək olan gücüm iradəm yox, sənin: “Hər şey yaxşı olacaq”, – deməyin olub.
Lap balaca olanda sinif yoldaşlarımın anası onları məktəbdən əlindən tutub aparanda mən də bunu arzu edərdim. Bəzən ağlayardım. Heç bildirməzdim də. Heç vaxt anlamadım ki, əslində sən məni əlimdən tutub məktəbdən də apara bilərdin, amma sən gələcəkdə mənim əlimdən tutacaq və məni zirvələrə aparacaq peşə yiyəsi olmağım üçün çalışırsan. Əlinlə yox, yemək bişirməyinlə yox, can deməyinlə yox, ruhunla məni sevirdin və sevirsən bilirəm. Peşmanam, həm də çox peşmanam. Bilirsən niyə? Utandığımdan səni doyunca qucaqlamadım da, doyunca qoxunu içimə çəkmədim deyə, sənə doyunca sevirəm demədim deyə.
Bağışla deyimmi? Yox, bağışlama heç vaxt. Mən indi anlayıram, təsəvvür edirsən? İndi anlayıram ki, sən nə qədər əziyyət yox, zülm çəkmisən məni böyütmək üçün. Bax, yenə fikirlərimi izah edə, sənə çatdıra bilmirəm. Kaş sənin adın ümumi işim kimi ana yox, “ruhum” olaydı, çünki sən mənim ruhum, nəfəsimsən. Və mən yaşlandım. Yaşımın üstünə bir yaş artdıqca hər il, sevinə-sevinə doğum günümü qeyd etdim.
Hər doğum günümdə üzüm güldü, xoşbəxt oldum. Artıq gülmürəm. İndi anlayıram ki, mənim hər doğum günüm keçdikcə sən məndən bir addım uzaqlaşırsan. Bəxtiyar Vahabzadənin ana şeirini hər gecə dilimin altında oxuyub yatdığımı heç vaxt sənə demədim. “Gün keçir sən məndən uzaqlaşırsan, mən sənə günbəgün yaxınlaşıram.
Ana, artıq dualarımın ilk hərfi “a” ilə başlayır. Fəxr edirəm sənin övladın olduğum üçün. Sənin borcundan çıxmaq üçün bütün ömrümü sənə bağışlamağa hazıram. Yox, hər gecə dua edirəm ki, Allah ömrümün qalanın sənə bağışlasın və sən yaşa. Sən bir ana yox, mələk, xoşbəxtlik, nəfəs, cənnət və anaların anasısan. Bütün düşüncələlərimin ilk cümləsi sənin adınla başlayır. Qazandığım uğurların heç biri mənim deyil. Hər bir işi gördükcə anamın ürəyincə olacaq deyib, görürəm. Atdığım hər addımda üzünü güldürməkçün hər şeyimi qurban verərdim.
Qadın deyəndə, görəsən, insanların ağlına ilk nə gəlir? Hər kəsin ağlına gələn anadır, məncə. Qadınların da, kişilərin də ağlına gələn məhz bu 3 hərflik sözdür. Həyat o qədər balacadır ki, hər kəs orada darıxar. Darıxmadığımız yeganə yer anaların yanıdır. Təsəvvür edirsiniz? Darıxmaq hissinin öldüyü, sevgi hissinin isə ən uca zirvəsinə catdığı yer sənin yanındır, ana!
Görəsən, dünya nə qədər böyük olmalıdır ki, biz anaların borcundan cıxaq? Bir yazımda bu qədər ana sözü işlətdim. Bəlkədə, kimsə yoruldu, kimsə bezdi, amma, bu 3 hərflik sözdə gülüş, gözəl xoşbəxtlik, dəyər və yaşam səbəbi birləşərsə, heç yorulmağa da zaman olmaz. Ən gözəl günlərim, həyatın ilk cümləsi sənin adınla başlar, ana!
Hərdən düşünürsən, görəsən, orqanlarımızın qiyməti neçəyədir? Urəyin qiyməti yüz minlərlə, böyrək minlərlə, ciyər minlərlə. Maraqlıdır, elə deyil? Analar bizə bunu heçnəsiz, lap bir qəpik belə istəmədən təmənnasız, həm də ən sağlamın verərlər. Beyin, qan, sağlam əl, ayaq daha nələr bunların isə qiyməti ölçülməz.
Ana, bizə təkcə gözəl həyat vermədin, heç kimin satın ala bilməyəcəyi həyatı bəxş etdin. Həyat bəxş edən sənsən. Əminəm ki, bizi həyatdan aparmaq kimi vəzifən olsaydı, hamımız yaşayardıq, çünki heç bir ana balasına qıymazdı.
Minlərlə kitab oxudum, amma, sənin borcunu necə qaytaracam deyə bir yol tapmadım. Bilirəm, bu yazını oxuyanda deyəcəksən: “Yox, oğlum, heç bir borcun yoxdur”. Nə qədər böyük bir həyat verdin, yenə borcun yoxdur deyirsən.
Dünyanın əvvəli də, sonu da sənsən. İndi başa düşürəm ki, niyə böyük adamlar hər zaman “Ana segahı”na ağlayaraq qulaq asırlar. Həyatı çox gec anladığımı etiraf edirəm. Həyatımın fəxri qonağı, sən 62, mən 28 yaşımda səninlə eyni həyatı paylaşdığıma, eyni havadan nəfəs aldığıma görə çox xoşbəxtəm. Bütün çətinliklərə sinə gərməyi mənə öyrədənim, uğurlarımın səbəbkarı, varlığımsan!

Xəzri Muradov

Şərh Yaz