Təbiət anadır: o bizi, biz onu qoruyaq

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin bu günlərdə təşkil etdiyi və bir gün boyunca davam edən tədbirə belə ad verilmişdi. Tədbirdə Mərkəzdən bəhrələnən –“ loqopedik, psixoloji, aktiv terapiya, ünsiyyət terapiyası, inkişafetdirici və dil kurslarına gələn uşaqlar (valideynləri ilə birlikdə), habelə Mərkəzin keçirtdiyi tədbirlərdə fəal iştirak etmiş uşaqlar iştirak edirdilər.Təbiət anadır: o bizi, biz onu qoruyaq
Təbiət anadır: o bizi, biz onu qoruyaq   Cülyan kəndindəki “Cənnət” istirahət mərkəzində keçirilən tədbir tanışlıqla –“ buzların əridilməsi oyunu ilə başladı. Sonra uşaqlarla “Təbiət anadır” mövzusunda söhbət aparıldı. Torpağın seldən, uçqunlardan qorunmasında meşələrin əhəmiyyətini əyani göstərən təcrübələr uşaqlarla birgə göstərildi və hamının marağına səbəb oldu.
Tədbirdən əvvəl istirahət mərkəzinin ətrafında içərisində məktub olan “xəzinə” –“ məktubun bir üzündə hansısa çərşənbənin, digər üzündə isə “Ana təbiətin uşaqlara məktubu”ndan bir parça yazılıb qoyulmuş butulkalar gizlədilmişdi. “Xəzinə” gizlədilən ərazinin xəritəsi hazırlanaraq “xəzinə”lərin ola biləcəyi məkan təqribi olaraq oxlarla göstərilmişdi. Uşaqlar Mərkəz işçilərinin rəhbərliyi ilə 4 qrupa bölünərək böyük maraq və sevinclə xəzinə axtarışına çıxdılar. Onların şən səsi meşələrlə örtülmüş yaxın dağlarda əks səda verir, Cülyan çayının səsinə qarışıb yox olurdu. “Xəzinə” axtarışı 30 dəqiqədən çox çəkdi. Nəhayət, hər 4 komanda məktublar olan butulkaları tapdı, hədsiz maraq və sevinclə açıb parçaları birləşdirdilər, “Ana təbiətin uşaqlara məktubu”nu da onu tapanlar birlikdə oxudular.
Uşaqların inkişafına, xüsusilə kiçik və böyük matorikanın, beynin inkişafına, uşaqların ünsiyyət qurma bacarığının inkişaf etdirilməsinə xidmət edən tədbirdə bu yönümlü oyunlara üstünlük verilmişdi. Bu məqsədlə əsasən xalq oyunları seçilmişdi: “dəsmal-dəsmal” oyunu, “ortadaqaldı”, “sıradan kim çıxacaq” və sair. Hamısı da uşaqların böyük marağına səbəb oldu. Oyunlar arası fasilələrdə uşaqlar Mərkəz işçiləri ilə birlikdə istirahət mərkəzinin ərazisində olan çayın ətrafında gəzdilər, şəlaləyə qalxdılar, kiçik göldə olan ördəklərə, qu quşlarına tamaşa etdilər, doyunca rəqs etdilər.
Gəzinti, təmiz hava, hərəkət uşaqların iştahasına da təsir etmişdi: onlar şirniyyat stolunun, yemək stolunun arxasına böyüklərin israrı olmadan keçib, iştahla, həvəslə nahar edirdilər.
Proqram o qədər rəngarəng, maraqlı idi ki, hətta böyüklər belə günün nə vaxt sona çatdığını hiss etmədilər. Tədbir iştirakçılarını geriyə qaytaracaq avtobusu istirahət mərkəzinin qarşısında görəndə hamı təəssüflə bir-birinə baxdı. Amma… artıq axşam düşürdü, geri –“ rayona qayıtmaq vaxtı idi. Ayrılanda “sağ ol” əvəzinə hər kəs “yenə gələcəyik bura, eləmi, nə vaxt?” deyə suallar yağdırırdılar.
Əlbəttə, yenə gələcəyik, yenə görüşəcəyik, təki siz balalar normal ünsiyyət qurun, yaxşı danışın, əliniz, qolunuz, ağlınız sizə tabe olsun! Sağlam vətəndaş kimi yetişə biləsiz!
Həm Mərkəzimizin sevimlisi olan bu balalardan, həm də onların normal uşaqların sırasına qatılması üçün hər əziyyətə dözən valideynlərindən xoş arzularla və yenidən görüşmək istəyi ilə ayrılırıq.
Lalə Kəbirova,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin işçisi

Şərh Yaz