Qəsəbədə Beynəlxalq elmi konfrans keçirilib

AMEA Folklor İnstitutunun, İsmayıllı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Folklor milli kimlik kontekstində” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.Qəsəbədə Beynəlxalq elmi konfrans keçirilib
Qəsəbədə Beynəlxalq elmi konfrans keçirilib                     Cümhuriyyət mövzusu bütün ölkəmiz üçün, xüsusilə Lahıc üçün çox önəmlidir. 28 aprel 1920-ci il tarixdə Demokratik Cümhuriyyət hökuməti süqut etdikdən sonra Məmməd Əmin Rəsulzadə iyun-iyul aylarında Lahıcda yaşamaq məcburiyyətində qalmış və “Əsrimizin Siyavuşu” əsərini burada yazmışdır. Lahıcın xarakterik folkloru, şəhərsalma, tikinti və memarlıq baxımından qədim tarixə malik mədəniyyəti mövcuddur. Xalq sənətkarlığı, etnoqrafik toxuculuq burada keçmişdən bu günə kimi inkişafda olub. Bütün bunlara görədir ki, Azərbaycan Respublikasının Birinci-Vitse Prezidenti Mehriban Əliyevanın milli dəyərlərə möhkəm bağlılığının nəticəsi olaraq “Lahıc misgərlik sənəti” UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Təşkilatçılar haqlı olaraq Beynəlxalq konfrans üçün məkan Lahıcı seçiblər.
Lahıc qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin konfrans zalında keçirilən tədbiri İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb, qonaqları salamlayıb, konfransın məhz Lahıcda keçirilməsinin düzgün qərar olduğunu deyib, folklor nümunələrinin insanların mənəvi formalaşmasında və xalq diplomatiyasının inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Sonra sözü məruzə üçün Folklor İnstitutunun direktoru akademik Muxtar İmanova verib. O, xalq ədəbiyyatı və kimlik məsələləri mövzusunu şərh edib.
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədovun, AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun şöbə müdiri Kamran Əliyevin, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Həmid Qaradənizin, Qazaxıstandakı Əl-Fərabi Universitetinin “Turan-İran” Elmi Araşdırma Mərkəzinin direktoru professor İslam Jemenayın, Azərbaycandakı Misir Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Saminin, M.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru İrina Kaçiniskayanın, Bilik Fondunun aparat rəhbəri professor İsaxan Vəliyevin, Lahıcı təmsil edən filoloq Dadaş Əliyevin çıxışları dinlənilib.
Plenar iclasın sonunda Muxtar İmanov “Gücümüz birliyimizdədir” adlı kitabı konfrans iştirakçılarına təqdim edib.
Bilik Fondu ilə səmərəli fəaliyyətinə və Fondun bölgədə olan bütün tədbirlərinin yüksək səviyyədə təşkilinə görə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Fondun Fəxri fərmanı ilə təltif olunub.
Plenar iclasdan sonra konfrans 4 bölmə üzrə işini davam etdirib.
Konfrans iştirakçıları Lahıc qəsəbəsinin tarixi, mədəniyyəti, arxitekturası, xalq sənətkarlığı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 oktyabr 2017-ci il tarixdə Lahıc barədə qəbul etdiyi 3 Sərəncamın (Lahıca qaz çəkilişi, burada 400 yerlik məktəb və Dəmirçi-Lahıc yolunun tikintisi barədə) müvəffəqiyyətli icrası ilə tanış olublar.
V.Salehov,
Dövlət qulluğu veteranı

Şərh Yaz