Sədrin müavini vəzifəsinə təyinatlar

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədovun İqtisadiyyat Naziri ilə razılşadırılmış müvafiq əmri ilə sədrin müavini vəzifəsinə təyinatlar olub.Sədrin müavini vəzifəsinə təyinatlar Kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə müvafiq əmrlə Həsənov Natiq Namiq oğlu Agentlik sədrinin birinci müavini, Adilov Nadir Adil oğlu və İbrahimov Elçin Arzu oğlu sədrin müavini vəzifəsinə təyin ediliblər. Hər üç şəxs eyni zamanda KOBİA İdarə Heyətinin üzvü vəzifəsinə də təyin olunublar.
Agentliyin (KOBİA) sədrinin müavini təyin edilməsi münasibəti ilə Nadir Adilovu İsmayıllı ictimaiyyəti və oxucularımız adından təbrik edir, ona daha böyük uğurlar arzulayırıq.
Nadir Adil oğlu Adilov 1977-ci ildə İsmayıllı şəhərində anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr və magistratura pillələrini bitirib.
2000-2001-ci illərdə həqiqi hərbi xidmətdə olub. İlk əmək fəaliyyətinə 1999-cu ildə başlayıb. Fərqli təsisatlarda hüquqşünas köməkçisi, hüquqşünas, hüquq şöbəsinin müdiri vəzifələrində çalışıb. Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin sədri, Avrasiya Hüquqşünaslar Assosiasiyasının sədri olub. Azərbaycan Milli Elmər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda fərqli dövrlərdə müxtəlif şöbələrin müdiri vəzifələrində işləyib.
2005-2016-cı illərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə Kadrların xidmətə qəbulu üzrə Komissiyanın üzvü, 2005-2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvü olub. 2006-cı ildən bu günədək “Məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə İctimai nəzarətin həyata keçirilməsini təmin edən İctimai Komitəni formalaşdıran Ədliyyə Naziri yanında Seçki Şurası”nın üzvüdür.
2012-ci ildən bu günədək Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədr müavinidir. ABŞ, Rusiya, İsveçrə, Türkiyə, Polşa, İspaniya, Estoniya, Serbiya, Fransa, Almaniya, Belçika, Ukrayna, Gürcüstan, Moldova və sair ölkələrdə keçirilən müxtəlif elmi və praktiki kurs və proqramların iştirakçısı olub.
2004-2013-cü illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kurslarında mühazirəçi müəllim kimi dərs deyib. 2012-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri, 2013-cü ildən 2018-ci ilədək sədrin müşaviri vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktoru, dosentdir. 5 monoqrafiyanın, həmçinin gənclər üçün işgüzar inkişaf kitablarının, yerli və xarici elmi jurnallarda nəşr edilən 100-dən çox elmi məqalənin müəllifidir. Gənclərin işgüzar inkişafı üzrə yazdığı sonuncu kitabı “Gəncsən? Başla!” 5000 tirajla satış rekordu qıraraq, gənclərin ən sevimli kitabları sırasında yer alıb (Bu kitabın satışından əldə edilən vəsait müəllifin şəxsi təşəbbüsü ilə 30 tələbəyə təqaüd formasında təqdim edilib).
Dövlət qulluğunun müşaviridir. İngilis, rus dillərini bilir. Alpinizm və dulusçuluqla məşğul olur. Ailəlidir, iki övladı var.
Qeyd edək ki, ötən ilin dekabrında ölkə Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Bu Agentlik ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, mikro, kiçik və orta sahibkarlığın tənzimlənməsində, həmin sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, onlara bir sıra xidmətlər göstərən, dövlət qurumlarının və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz