“DAДћ Г‡İГ‡ƏKLƏRİ“

İnsan
Bir ayrı dünyadır insan büsbütün,
Bir gün payız olar, bir gün yaz olar.
Sən gülər gördüyün adamı bir gün
Ağlayan görəndə tanınmaz olar.
“DAДћ Г‡İГ‡ƏKLƏRİ“
Yanar ürəyindən, tökər dilindən,
Ömrü yük olsa da, atmaz belindən.
Varını-yoxunu tut al əlindən,
Bir damcı ümid ver, kefi saz olar.

Daşı da ucaldıb müqəddəs eylər,
Haranı axtarsan, ordan səs eylər.
Hər şeyə bir yandan baxsan, bəs eylər,
İnsana yüz yandan baxsan, az olar!
Ağasən Bədəlzadə

Qalıb

Sevmə məni, sevmə, gözəl,
Sevilməli nəyim qalıb?
Daha nə bağçam, nə bağım,
Nə gülüm, çiçəyim qalıb.

Ötüşüb vaxtım, zamanım,
Qocalmışam, düşüb canım.
Nə sabaha bir gümanım,
Nə arzum, diləyim qalıb.

Bitib dünyayla savaşım,
Quruyub gözümdə yaşım.
Tökülüb ətəkdən daşım,
Boş əlim, ətəyim qalıb.

…Yox, sev məni, hələ sağam,
Bəlkə Aytək yenə doğam.
Güldən, çiçəkdən bal yığam,
Sinəmdə pətəyim qalıb.

Olsam da yoldaş həsrətlə,
Nisgillə, dərdlə, xiffətlə,
Hələ sənə məhəbbətlə
Verməyə ürəyim qalıb.
Nazir Ziya Talıstanlı

Ürəyim

Neçə milyard ürək döyünür,
Onlardan biridi ürəyim.
Kainat içimdə zərrədi,
Ölçüsüz, iridi ürəyim.

Dünyamın uzunu enində,
Gəzirəm sərgərdan günündə.
Məhəbbət, sədaqət önündə,
Ram oldu, kiridi ürəyim.

Xəbərin varmı heç, özündən?
Ovunu vurursan gözündən.
Bir kəlmə: Sevirəm! – sözündən,
Yumşaldı, əridi ürəyim.

Qoymayın özümə yad olum,
Gülüşəm, mən niyə dad olum?
Qayıdın, görüşün, şad olum,
İlk görüş yeridi ürəyim.

Gəl gedək bir daha o bağa,
Can verək ağaca, yarpağa.
Gömülsəm sevdiyim torpağa,
Bilin ki, diridi ürəyim.
Şahməmməd Dağlaroğlu

Şükür, Tanrı məni insan elədi…

Şükür, Tanrı məni insan elədi,
Nemətlərin bol-bol ehsan elədi.
Saldı ürəyimə məhəbbətini,
Könlümü sahilsiz ümman elədi.

Gözümü hüdudsuz dünyaya güzgü,
Canımı cahana məkan elədi.
Г‡ilədi nurumu yer ilə göyə,
Ərşi də, fərşi də seyran elədi.

Qeybi özü üçün saxladı, məni
Bu aşkar aləmə sultan elədi.
Yaratdı zəkamı möcüzə kimi,
Külli-kainata ünvan elədi.

Ağlımla mat qoydu mələkləri də,
Bəlkə, özünü də heyran elədi.
Nəsimidən sonra öz qüdrətinin
Vəsfi üçün məni ozan elədi.
Oqtay İsmayıllı

Qohum oldular

Didişib vuruşdular,
Sonra da barışdılar.
Bir masa arxasında
Bölüşdülər, böldülər.
Siçan, pişik dost olub
Razılığa gəldilər.
Sənədlər hazırlandı
Sazişlər imzalandı:
Siçanın var-dövləti,
Xəzinəsi, sərvəti
Olur məstan pişiyin,
Özü çəkir keşiyin.
…Siçanlarla pişiklər
Bu andan dost oldular.
Əllər belə dolandı.
Demə bunlar yalandı,
Xəbər çıxdı eşiyə:
Siçanın kiçik qızı
Nişanlandı pişiyə.
Xalıq Yusifoğlu

Gəlsin

Gözlər gözümün qarəsi bir cüt gözü, gəlsin,
Milyon gözə baxmam, alagözlüm özü gəlsin.

Heç həndəvərindən yel olub yarın əsəmməz,
Dünya gözəli tacını almış yüzü gəlsin.

Hərgah mizanın bir gözünə yar teli atsam,
Ağır gələcək, digərinə yer üzü gəlsin.

Söz verdisə, yəqin bilirəm söz tutacaqdır,
Mən razıyam, ismarıc ilə bir sözü gəlsin.

Tərlan, qara zindandı bu aləm mənə onsuz,
Bitsin gecəsi, ömrümün ağ gündüzü gəlsin.
Tərlan Saleh

Eşqim

Dözərdi hər oda, hər atəşə tək,
Səs-soraq salmışdı lap günəşədək.
İndi boynubükük bir bənövşətək,
Gəlib ürəyimə qısılıb eşqim.

Qürur libasını geyinməz indi,
Coşub dəli-dəli döyünməz indi.
Bir daha gücüylə öyünməz indi,
Döyüşsüz, vuruşsuz basılıb eşqim.

A dağlar, olsa da ürəyim şan-şan,
Kimsəyə dərdini deyil danışan.
Göstərmək istəsəz əgər bir nişan,
Zirvədən çən kimi asılıb eşqim.
Rövşən Niyallı

Taxtından düşüb ürəyim

Dərdin qucağı təndirdi,
Odunda bişib ürəyim.
Göyümdən yerə endirdi,
Pilənib, şişib ürəyim.

Güvəndiyim olub saxta.
Qanı qara, laxta-laxta,
Ümidi yox daha baxta,
Dolaşıb, çaşıb ürəyim.

Heyif keçən, ötən gündən,
Gül-çiçəyi bitən gündən.
Məhəbbəti itən gündən
Taxtından düşüb ürəyim!
Xatın

Hay verin

İnsana şərəfdir düz danışmağı,
Kökümün üstündə düzün yeri var.
Düz öyrən, düz öyrət, sən də düz danış,
Zərərdə gizlənmiş düzün xeyri var.

Dünya varkən, ömür-günlə döyüşdə,
İstəsə sındırar düz min əyrini.
Min əyri bir düzün yerini verməz –
Bir düzün yerinə düz min əyrini.

Ürək görməyirsə, göz görə bilməz,
Zülmün sonda olmaz heç pənahı da.
Demə fağır üçün yaranıb bəla,
Həyat imtahana çəkər şahı da.

Yoxsulluq çəksə də sınağa bizi,
Xeyirli əyridən gəlməz xeyir, var.
Yenə düzlükdədir xeyir, bərəkət,
“Düz incələr, sınmaz”, – deyib atalar.

Əyri söz , əyri yol, əyri düşüncə,
Qüzeydə iylənən qara bənzəyir.
Doğru söz, doğru yol, doğru düşüncə,
Dolu xəzinəyə, vara bənzəyir.

Hay verin, hay verin düzə, insanlar,
Qoymayın əyrilər çata şöhrətə.
Ürəyim, düzlüklə sən də aç çiçək,
Əyilsən də əyil tək həqiqətə.
Gülxar Cəbiqızı

Anama qurbanam

Anayam, yaşımın mən bu çağında,
Uyumaq istəyirəm gül qucağında.
Onsuz istisi yox od-ocağın da.
Olaydı anamı mənə qaytaran,
Edəydim canımı anama qurban!

Anam sinəmdəki vuran ürəkdir,
Ana canda nəfəs – arxa köməkdir.
Anasız balalar yetimdi, təkdir,
Gələ, sığal çəkə başıma bir an,
Edəydim canımı anama qurban!

Ana –“ kainatdı, şirin vüsaldı,
Ana canımda can, dilimdə baldı.
Eh! Torpaq anamı əlimdən aldı
O gündən anadır gözümdə cahan,
Edərəm canımı anama qurban!
Xuraman Baxış

Mən şair deyiləm

Mən şair deyiləm, şeir yazıram,
Yazıram ömrümün acı taleyin,
Xəyallar içində itib, azıram,
Dözürəm zülmünə zalım fələyin.

Şair şeir yazır eşqdən, çiçəkdən,
Hər şeydən həzz alır ömür uzadır.
Gecələr həyatım keçir ələkdən,
Yazdıqca dərdimi dərdlər uzanır.

Mənə şair demə, dərdli dərvişəm,
Şeir yox, bayatı, ağı yazıram.
Sözümü qələmə güvənc vermişəm,
Sinəmə çəkilən dağı yazıram.
Rafiq Akif

Var

Bədəsildən, nanəcibdən yar olmaz,
At daşını, yar başını, yar olmaz.
Fərhad kimi dağları çap, yar, olmaz,
Hər zamanın Şirini, Fərhadı var.

Sənin qəlbin yar tərəfdən yarasa,
Məhəbbətin çalış qəlbdən yar asa,
Kimə neylər yazıq bayquş, yarasa,
Yazıqların bədnam olmuş adı var.

Allah verən qismətini qoru sən,
Gəzmə daha başqa ocaq, qoru sən.
Öz doğmaca ocağını qorusan,
Hər ocağın öz alovu, odu var.

Qızıl gülün yerin verməz ha lalə,
Nəğmə öyrət ha dilsizə, ha lala.
Qatmaginən haram malı halala,
Halal malın başqa tamı dadı var.
Nizami Girdimançaylı

İncimə məndən

Sən günəş soraqlı bir qönçə çiçək,
Г‡ıxmışam qarşına, incimə məndən.
Qəlbini üşütsə soyuq rəftarım,
Gəlməsəm xoşuna, incimə məndən.

Gözlərin bələnib sevda rənginə,
Г‡əkir sevənləri öz ahənginə.
Vermə ürəyini qəmin çənginə,
Dəyməz göz yaşına, incimə məndən.

Sən bu elin gülü, mən qərib bəndə,
İnsaf et, ruhumu salma kəməndə.
Qəlbimin parası qalıb vətəndə,
Dolanım başına, incimə məndən.
Şahlar Hacıyev

Г‡əkir

Yenə bahar gəlib, bağlar gül açıb,
Arılar tökülüb yenə bal çəkir.
Oyanıb yenə də ana təbiət,
Dağlara, düzlərə min sığal çəkir.

Döşənib hər yana yamyaşıl xalı,
Könüllər oxşayır yaşılı, alı.
Durub göz önündə yarın camalı,
Girib ürəyimə, gör nə hal çəkir?

Getməyir başımdan fikri, xəyalı,
Dolaşır könlümdə o ay camalı.
Rəssam qələmilə verir sığalı,
Qönçə zənəxdana qara xal çəkir.

Ay Solmaz, şükr eylə sən bu aləmə,
Tanrım, özün son qoy ahu-naləmə.
Dua et Rəbbinə, sarıl qələmə,
Ürəyim çırpınır min xəyal çəkir.
Solmaz Şirvanlı

Sənə minnətdaram, ana
Niyə belə tələsdin ki,
Bu qocalmaq hardan çıxdı?
Kimsə xətrinəmi dəydi,
Kimsə qəlbinimi sıxdı?
Yaman təsir edir mənə
Qocalığı hiss etməyin.
Qara saçlar arasında,
Ağ saçları gizlətməyin.
Yanındayam, dözümlü ol,
Sən ki məndən güc alırsan.
Mən ki, hələ balacayam,
Bəs sən niyə qocalırsan?
Gileylənmə qırışlardan,
Sənə yaraşır belə də.
Bişirdiyin yeməklərin,
Dadı yaxşıdır hələ də.
Heyif ki çox çarəsizik,
Məğlub oluruq zamana.
Yaşadığın hər gün üçün,
Sənə minnətdaram, ana.
Xəzər Murad

Nələr düşdü bu yaşıma

Nələr düşdü bu yaşıma,
Zəhər qatıldı aşıma,
Qohumuma, qardaşıma,
Əcəb girişdi düşmənlər,
Bu qış qurudu çeşmələr.

Doldurub qəlbə kədəri,
Məlun gözlərə qəhəri,
Elə belə, bir təhəri,
Guya qalibdi sərçələr,
Tülkü donunda beçələr.

Bir qarışqa yükü çəkən,
Torpağında qamış əkən,
Kişi paxıllığın çəkən,
Bığlı, saqqallı keçilər,
Ayağım altda keçələr.

Ağlı, gücü topuğunda,
İtlər hürür torpağında,
Cır, mundarça yarpağında,
Bürünən gündüz, gecələr,
Gül çiçəkdən nə seçələr?

Biclik yağan gözlərindən,
Yaltaq, satqın sözlərindən,
Büllur bulaq gözlərindən
Nə vaxt qurtum su içələr?
Alçaqlıqdan əl çəkələr.
Sadiq Babaoğlu

Şərh Yaz