Ucalığa can atan iddialı şairə

Turac Hilalın oxucularla ikinci görüşü, əslində, bir az gecikdi. Bu gözəl şairənin sözünün sehrinə düşənlər gözləməli oldular. Ancaq gözləməyə dəyərdi. Özünüz görəcəksiniz, Turac Hilal birinci kitabından sonra xeyli dəyişib. Ucalığa can atan iddialı şairə                                    Qurbanəfəndi kəndindəki möhtəşəm görüşü xatırlayıram. Mənə elə gəlirdi ki, yaradıcılıqda ilk addımlarını atan bir kənd qızının zirvəsi elə budur. Amma yox, mənim zirvə hesab etdiyim yüksəklik, sadəcə, yaşıl, çiçəkli yamac imiş…Turac Hilal əsl söz, hikmət zirvəsinə doğru inamla addımlayır. Zirvəyə can atan yaradıcı adam istər-istəməz öz arzusuna çatacaq. O, həyatın elə çalarlarını görmək istəyir ki, bunun üçün hökmən qartala dönmək, zirvədə dayanmaq tələb olunur. Turac Hilalın qartala dönmək arzusu gerçəkləşmək üzrədir…
“Nazlı çiçək kimiyəm…” Bu, Turac Hilalın könüllərdə yer tutan birinci kitabının adıdır. Bəs İsmayıllı dağlarının nazlı çiçəyini zirvədən boylanan əzəmətli qartala necə bənzətmək olar? Ümumiyyətlə, qadın və qartal… Bəlkə də yerinə düşmədi, amma, mən Turac Hilalı zirvədə gördüm. Qürurlu, iddialı, əzəmətli… Zahirən Turac Hilal qadındır, həssasdır, zərifdir, gözəldir, təravətlidir, istiqanlıdır, anadır… Amma təbiətən daim zirvə həsrəti ilə yaşayan, ucalığa can atan iddialı şairədir. Onu zirvəyə aparan da elə bu iddiadır.
Fikir vermisinizmi, sosial şəbəkələrdə Turac Hilalın sözlərinə bəstələnmiş mahnılar yayılır, kliplər paylaşılır. Təbii ki, uğurlusu da var, uğursuzu da, sözüm onda deyil. Əsas odur ki, gənc rejissorlar, müğənnilər, aktyorlar…Turac Hilalın yaradıcılığına müraciət edirlər. Bu, gənc şairənin məsuliyyətini daha da artırır. Turacın öz ifasında yayılan kliplər isə daha çox sevilir. Г‡ünki, şeirləri kimi ifası gözəl, səsi məlahətlidir.
Kitaba Turac Hilalın bir-neçə hekayəsi də daxil edilmişdir. Oxudum, sevindim. Bu hekayələr ümid verir ki, yaxın zamanda biz Turacın nəsr əsərlərindən də geniş söhbət açacağıq. Kim bilir, bəlkə də bu, növbəti kitabın hekayələrdən, povestlərdən, romanlardan ibarət olacağına işarədir. Uğurlar olsun, Turac xanım!
Məzahir Süleymanzadə,
Əməkdar Mədəniyyət işçisi, Ali Media mükafatı laureatı

Şərh Yaz