Mikayıl

(Vətənimin qəhrəman oğlu, Şəhid Mikayıl Vahabzadənin əziz xatirəsinə)

Hara gedirəmsə əzizsən mənə,
Qəlbimdə əbədi yaşa, Mikayıl!
Nə qədər etibar var imiş sənə?!
Ömrü nə tez vurdun başa, Mikayıl?

Hər yerdə dastandır indi Maçaxı,
Səni tək qəhrəman yetirib axı.
Par-par parıldayan eşqinin oxu,
Niyə tez toxundu daşa, Mikayıl?

Dilində bir Ana, bir Vətən oldu,
Adın igidlikdə hara ucaldı?!
Gör səndən nə qədər gənc qüvvət aldı…
Silahın getmədi boşa, Mikayıl!

Qaldı bir gözəlin əlində yazın…
Matəmə döndərdin baharın, yazın.
Yollarına baxan o nakam qızın,
Dönmüsən gözündə yaşa, Mikayıl!

Bir ömrün dillərdə min dastan oldu,
Səni sevən ürək boşaldı… doldu.
Bir Vətənə sevgin, bir qıza eşqin,
Yadigar qalıbdır qoşa, Mikayıl,
Yaşa min könüldə, yaşa, Mikayıl!
İldırım Dəmirli,
Respublikanın Əməkdar jurnalisti, şair

Şərh Yaz