ƏZİZİM VƏTƏN YAXŞI

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamı ilə 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.

(Cümhuriyyətin 100 illiyi qarşısında)

Təzadlı düşüncələr

“Azadlıq” radiosu… Bu adı eşidəndə indinin özündə də hər birimizin beynində ziddiyyətli fikirlər oyanır. Biri odur ki, bu radionun efirə buraxıldığı dalğalar həmişə SSRİ xüsusi xidmət idarələri tərəfindən boğulub, sərbəst eşidilməsinə maneələr yaradılıb.
ƏZİZİM VƏTƏN YAXŞIQadağan olunmuş şey isə, məlumdur ki, adamı daha güclü maraqla özünə cəlb edir. Vaxt olub ki, bu radionun səsinə qulaq asmaq qəbahət, təxribatçılıq, antisovetizm kimi qiymətləndirilirdi. Bununla belə, çox az adam tapmaq olardı ki, “Azadlıq” radiosunun, habelə “Amerikanın səsi”, “Azad Avropa”, “Bİ-Bİ-Sİ”, “Alman dalğası” və bu kimi SSRİ-də dinlənilməsi qadağan olunmuş radiostansiyalara qulaq asmamış olsun. Ölkəmizdə insanın düşündüyünü açıq danışmaq istəyi kimi təbii bir ehtiyacını ödəmək arzusu partiya və dövlət tərəfindən vətənə xəyanət kimi qiymətləndiriləndə həmin xarici radioların hər şeyi açıq-saçıq söyləməsi, məsələn, Lenini siyasi fitnəkar, Stalini diktator, Xruşşovu siyasi təlxək adlandırması çoxlarının ürəyindən “tikan çıxarırdı”.
İkincisi odur ki, Pavlik Morozov fanatizmi ruhunda tərbiyə almış gənclik və ya onun böyük bir hissəsi xarici radiolardan eşitdiklərinə ikrahla qulaq asır, onların dediklərinə inanmır və yaxud da inanmaq istəmirdi. Məsələn, komissarların hakimiyyəti dövründə – “…türklərin Bakını tutmaq ehtimalı varsa, bütün neft mədənlərini partlatmaq və Azərbaycanda neft sənayesini uzun müddət üçün sıradan çıxarmaq…” barədə Leninin bir erməniyə göndərdiyi teleqramı onun öz cildlərindən oxuyurdu və yenə də belə bir teleqramı imzalayanın siyasi fitnəkarlığına inanmaq istəmirdi. Guya bu mədənləri Lenin və ya bolşeviklər salmışdılar ki, onların partladılması barədə göstəriş verirdi. 37-ci ildə öz yaxın adamlarının, ola bilsin, hətta öz babasının güllələndiyini, Cavidin, Müşfiqin və minlərlə başqalarının başına gətirilən müsibətləri bildiyi halda, Stalinin diktatorluğuna, Xruşşovun BMT-nin Baş Məclisində çıxış edərkən ayaqqabısını çıxarıb dabanı ilə tribunanı taqqıldadaraq zalda sakitlik yaratmaq istədiyini eşitdiyi halda, onun da siyasi təlxəkliyinə inanmaq istəmirdi.
Səbəb? Səbəb çox idi. Biri elə doğum evindən başlayıb qəbir evinə qədər adamları bütün ömrü boyu müşayiət edən hər şeyə qadir güclü bir təbliğatın, sevimli şairlərimizin partiya, Lenin və Stalin haqqındakı rəvan, təmtəraqlı mədhiyyələrinin doğurduğu Pavlik Morozov fanatizmi…
Adamlarımızın bir çoxunun xarici radioların söylədiklərinə inanmamasının başqa səbəbləri də vardı. Sovet adamlarının beyninə yeridilmişdi ki, “Azadlıq” radiosunda işləyənlərin hamısı gestaponun keçmiş agentləridir. Gestaponun isə elə adının çəkilməsi kifayət idi ki, adamlar onunla bağlı hər şeyə nifrət etsinlər. Bu da səbəbsiz deyildir. Tam bir nəsil dəyişilməyincə, İkinci Dünya Müharibəsinin vurduğu yaralar hər bir ailənin yaddaşında yaşayacaq. Doğrudur, “siyasi pülüralizmin” tüğyanı dövründə, hətta Rusiya mətbuatında da Stalinə daya çox nifrət oyatmaq məqsədilə Hitlerə və onun nasional sosializminə haqq qazandırmaq istəyənlər tapılırdı. Lakin adicə bir həqiqəti unutmaq olmaz ki, təkcə anti-Hitler koalisiyasının üzvü olan dövlətlərin ərazisində deyil, dünyanın hər yerində, o cümlədən, Almaniyanın özündə də (həm keçmiş ADR-də, həm də AFR-də) nasist caniləri qanunla cəzalandırılırdı və indi də cəzalandırılır.
Doğrudanmı, “Azadlıq” radiosunun bütün əməkdaşları fərari və satqın idi? Hərçənd fərarilikdən söz düşəndə, sistemin yetirməsi olan məşhur rus generalının (Vlasovun) böyük bir ordu ilə birlikdə Almaniyanın tərəfinə keçməsi faktı da təzadlı hisslər doğurur və düşünmək üçün əsas verir. Deməli, zorla birləşdirilmiş “kiçik qardaşlar” bir yana dursun, hətta Rusiyanın özündə belə quruluşa nifrət edib ondan üz çevirmək üçün səbəblər varmış.
Həqiqət budur ki, az-çox “yazı-pozu” qabiliyyəti olan mühacirlər “Azadlıq” radiosunun redaksiyasına cəlb edilirdi. Şimallı-cənublu Azərbaycandan isə mühacirət həmişə (istər müharibə dövründə, istərsə də müharibədən əvvəl və sonra) kifayət qədər olmuşdur. Buna görə də “Azadlıq” radiosunun (xüsusən, onun Azərbaycan redaksiyasının) bütün əməkdaşlarını gestapoçulardan ibarət olduğunu söyləmək, ən azı, sadəlövhlük olardı.

Məcid kişinin taleyi

“Ulduz” jurnalının 1988-ci il 8-ci nömrəsində bütünlüklə “Azadlıq” radiosunun əməkdaşlarından bəhs edən “Satqınlar yuvasında” başlığı ilə geniş bir yazı dərc olunmuşdur. Ozamankı AFR-də xidməti ezamiyyətdəmi, ya turist səfərindəmi olmuş müxbir həmin radionun əməkdaşları ilə keçirdiyi görüşlər barədə təəssüratını qələmə almışdır. Bu əməkdaşların hamısı gestapoçular, satqınlar və vətən xainləri kimi xarakterizə edilir və onların hər biri sərrast ifadələrlə damğalanır. Təkcə bir nəfərin barəsində azacıq mülayim ifadələr işlədilib. Söhbətimiz də məhz onun barəsindədir…
“Ulduz”dakı yazının “Vətən xainləri” yarımbaşlığı ilə verilmiş hissəsində oxuyuruq: “Azərbaycan redaksiyasında çalışanların biri də Məcid Musayev idi. Onun bir ləqəbi də “Qarsalani”dir. Bakıda Nizami adına Ədəbiyyat və Dil İnstitutunun elmi əməkdaşı imiş. Doğrusunu deyim ki, Məcid oradakı azərbaycanlılar arasında ən savadlısıdır. Vətəndə anası, həyat yoldaşı, oğlu, gəlini, nəvələri, Kürdəmirdə, Şamaxıda, İsmayıllıda və başqa rayonlarda çoxlu qohumu yaşayır. Antisovet materialları hazırlamaqda çox ustadır”.
Zənnimizcə, Məcid kişi ilə ilk “tanışlıq” üçün yuxarıda yazılanlar kifayət edər, lakin azacıq düzəlişlə. Məcid kişinin Şamaxıda qohumları yoxdur. Bunu onun yaxın adamları söyləyirlər. Yəqin bu səhv məlumat hansısa “qovluq”dan götürülüb. Bir də ki, onun “ləqəbi”, daha dəqiq söyləsək, ədəbi təxəllüsü “Qarsalani” yox, “Qərsələli”dir. Bu da onunla bağlıdır ki, Məcid kişi müharibəyə qədər həyatının müəyyən bir dövrünü Bakıda keçirsə də, əslən İsmayıllı rayonunun Yeniyol (Nüyədi) kəndindəndir, babaları isə məşhur övliyalar ocağı sayılan Qərsələdən olub. Bu kəndin adını özünə təxəllüs seçməklə bəlkə də o, müqəddəs övliyaların himayəsinə sığınmaq istəmiş, onların ruhundan özü və ailəsi üçün əmin-amanlıq diləmişdir…
Artıq oxuculara aydın oldu ki, söhbət “Azadlıq” radiosunun vaxtilə adı tez-tez efirdə səslənən əməkdaşı Məcid Musazadə – Qərsələli barədədir. Həmin illərdə “Azadlıq” radiosunun həvəskar dinləyiciləri efirdə süni surətdə yaradılan xırıltı və xışıltı maneələrinin arasından Məcid Qərsələlinin Azərbaycanın keçmişi, indisi və gələcəyi barədə ağıllı və uzaqgörənliklə söylədiyi fikirlərini eşitmiş, həmin fikirləri özlüyündə ağır-yüngül edərək təzadlı düşüncələrə dalmışlar.

O niyə ağlayırdı?

Məcid kişi əlli ilə yaxın bir müddətdə qürbətdə yaşamasına, alman qızı ilə ailə qurmasına baxmayaraq, milli ənənələri, azəri türklərinə məxsus adət və vərdişləri öz məhdud ailə dünyasında da varsa yaşada bilmişdir. O, öz qonaqpərvərliyi, son dərəcə vətənsevərliyi və uşaq kimi kövrək qəlbi ilə qürbətdə görüşə bildiyi həmvətənlərinin hamısının dərin hörmətini qazanmışdı. Münhenə yolu düşüb onunla görüşə bilən azərbaycanlıları mütləq öz evinə qonaq çağırarmış. Qonaq qəbul etmək üçün də hər cür imkanı və şəraiti varmış. Yuxarıda haqqında söhbət açdığımız yazının müəllifi də istisna olmamışdır. Məcid kişinin qonağı olan müxbir onun ev şəraitini ətraflı təsvir etmişdir. Uzaqdan birmərtəbəli ev təəssüratı bağışlayan binanın daha iki mərtəbəsi yerin altında imiş və aşağı mərtəbələrə liftə düşüb-çıxırlarmış.
“Otaqları bir-bir gəzdik, – deyə müxbir qeyd edir. –“ Cəmi 12 otaq idi. 40 kvadratmetrlik banket zalında çoxlu qiymətli xalça vurulmuşdu. Bahalı servis və mebel, əntiq əşyalar muzeysayağı bəzədilmiş otağa böyük yaraşıq verirdi…”.
Deməli, Məcid kişinin qürbət eldə gün-güzəranı pis keçməyib. Bəlkə də Qərbi Avropada bu, o qədər də böyük zinət sayılmır, lakin bizim sosialist həyat tərzimizin meyarı ilə yanaşsaq, bu, tam bir dəbdəbədir. Bununla belə…
Məqalənin “Satqınların xam xəyalları” yarımbaşlığı ilə verilmiş hissəsindən sətirlər:
“… Məcid yenə ah çəkdi və dəhlizə çıxdı. Düzü şübhələndim və dərhal arxasınca yeridim. (Ah, kommunist ehtiyatkarlığı! – M.M.). Gördüm ki, ağlayır, özü də ürəkdən ağlayırdı…
… Sənə deyiləsi sözüm çoxdur. Əgər Münhenə gəlməsən, ya Avstriyaya, ya da Bolqarıstana gəl, görüşək, – dedi. Məcid qəhərlənmişdi, danışa bilmirdi. İrena da (Məcid kişinin arvadı – M.M.), Süsən də, Yasəmən də (Məcid kişinin qızları – M.M.) ağlayırdılar…”.
Görəsən, o cür dəbdəbənin içərisində firavan həyat sürən Məcid kişini ağlamağa məcbur edən nə idi? Bəlkə onun dədə-baba yurdu Nüyədi kəndinə qayıtmaq, öz həmkəndliləri ilə dərdi-dil etmək, Qərsələdəki övliyaları ziyarət etmək və ömrünün qalan günlərini sadə kənd evlərindən birində yaşamaq keçirmiş ürəyindən?

Beş qardaş, bir bacı

Məcid kişinin əmisi oğlu Tofiq Nemətovun dediklərindən:
“Babam Molla Nemət kişi kəndin hörmətli və xeyirxah ağsaqqallarından biri olub. O qədər də böyük var-dövlət sahibi olmayıb. Sadə və mömin bir həyat tərzi keçirib. Babamızın beş oğlu və bir qızı olub. Oğlanları ərsəyə yetəndən sonra köməkləşib altı otaqdan ibarət üstü ağ dəmirli ev tikirlər. Əkinçilik və maldarlıqla məşğul olurlar. Özlərinə yaxşı gün-güzəran qururlar. Abdullətif əmim (Məcidin atası, qardaşların yaşca ən böyüyü) ticarət yolunu seçir. Kənddə dükan açır. O, uzaq yerlərdən mal gətirirmiş, Mahmud əmim (qardaşların ən kiçiyi) dükanda alver edirmiş. Lakin Mahmud gənc yaşlarında vəfat edir. Abdullətif əmim Bakıda mülk alıb ora köçür.
Atam Abdulcabbar da öz zəhmətsevərliyi sayəsində var-dövlət toplayır. Cümhuriyyət dövründən əvvəl atamın çoxlu mal-qarası, qırğız cinsli atı, o vaxtı indiki “Jiquli”yə bərabər tutulan dəmirox arabası olub.
18-ci ildə ermənilər komissarların köməyi ilə kəndlərimizi oda-alova tutublar…”.
Haşiyə: Əvvəlki illərin mənbələrində də, bugünkü mətbuatda da bolşevik-daşnak ordusunun Şamaxıya tutduğu divan və törətdiyi qırğınlar barədə ətraflı bəhs edilib. Hətta Azərbaycan Cümhuriyyəti dövründə bununla əlaqədar istintaq da aparılıb, çox yerdə qırılanların sayı da göstərilib. Lakin daşnakların İsmayıllı rayonunun kəndlərində törətdiyi qırğınlar, Qıçatanda 60 nəfərin samanlıqda yandırılması (yerli sakinlərin söylədiklərinə əsasən), Pirəbilqasımda, Diyallıda, Talıstanda, elə İsmayıllı kəndinin özündə və başqa yaşayış məntəqələrində törətdikləri vəhşiliklər barədə məlumat verilmir. Zənnimizcə, bu da onunla bağlıdır ki, həmin dövrdə rayonumuzun erməni vəhşiliyinə məruz qalan əksər kəndləri Şamaxı qəzasına baxırmış. Buna görə də həmin kəndlərdə ermənilər tərəfindən öldürülənlərin sayı da Şamaxı qırğınlarından bəhs edən rəqəmlərə əlavə edilmişdir. Lakin Azərbaycanın yeni tarixini yazanlar l8-ci ildə ermənilərin törətdikləri qırğınların coğrafiyasını və onun nəticələrini dəqiqləşdirmək üçün əlavə tədqiqatlar aparanda bütün bunları nəzərə almalıdırlar.
Tofiq Nemətovun dediklərindən:
“… Erməni vəhşiləri bizim Nüyədi kəndinə də basqın ediblər. Kənddəki ailələri təhlükədən qorumaq üçün Qərsələyə köçürüblər. Bakıda yaşayan Abdullətif əmim müxtəlif yollarla həmkəndlilərinə silah gətirə bilib. Beşaçılanla silahlanmış atam və başqa bir neçə nəfər kəndin üstündə Məlik yeri adlanan sahədən atışmaqla ermənilərin hücumunun qarşısını alıblar. Ermənilər kənddəki evlərə od vurublar. Atamgil erməniləri kənddən qovmuş, hətta yanan evləri söndürməyə macal tapmışlar. Atamla Ağaverdi adlı həmkəndlimiz kənddəki evləri yandıran ermənilərdən Ambarsum adlı birisini öldürmüşlər.
Ermənilər kənddən qovulsalar da, hələ qayıtmaq təhlükəli idi. Daşnakların yeni hücumu gözlənilirmiş. Ona görə də kəndimizdən bir neçə ailə, o cümlədən atamgil, arvad-uşağı daha etibarlı sığınacaq olan Müdri kəndinə köçürüblər. O zaman beş qardaşın bircə bacısı olan Gövhər bibimiz Müdri kəndindəki əfəndi nəsli ilə ailə qurubmuş, elə həmin illərdə də cavan yaşında vəfat edib.
Azərbaycan Cümhuriyyəti devriləndən sonra az-çox var-dövləti olanların və adlı-sanlı ruhani nəsillərindən olan adamların qara günləri başlanır. Təqiblərdən yaxa qurtarmaq üçün iki əmim – Qafur və İsmayıl Kürdəmir rayonuna köçüb gedirlər. Müharibə başlananadək Kürdəmirin kəndlərində müəllimlik edən İsmayıl əmim 41-ci ildə cəbhəyə gedir və orada həlak olur.
Bakıda yaşayan Abdullətif əmim də 32 otaqdan ibarət mülkündən əl çəkib, ikiotaqlı mənzilə sığınmalı olur. Hazırda Bakıda Bəsti Bağırova küçəsində həmin ev (Məcidin ata evi) durur, orada kimlərin yaşadığını bilmirik.
Bolşeviklərin gəlməsindən sonra babamın sağ qalmış dörd oğlundan bircəciyi – atam Abdulcabbar Nüyədidə qalır. Əmilərim ona da təkid edirlər ki, köçüb ya Bakıya, ya da başqa bir yerə getsin. Г‡ünki belə ki başlayıblar, var-dövlət də əldən çıxacaq, öz canına da xətər yetə bilər. Lakin atam razılaşmır.” Ölsəm də, elə öz evimizdə öləcəyəm” – deyir. Əmilərimin sözü düz çıxdı. Atama öz evində ölmək qismət olmadı…”.
Bütün bunlar baş verəndə Məcid yeniyetmə oğlan idi. Tofiq Nemətovun başqalarından eşidib yaddaşında saxladığı bu hadisələri Məcid öz gözləri ilə görmüşdü. Uzun illər keçəndən sonra o, Münhendəki evinin dəhlizində məhəccərə söykənib hıçqıranda bəlkə bunları düşünürmüş?…

O gün mütləq gələcək

Məcid Qərsələli bütün dünyadan “Г‡in səddi” ilə ayrı salınmış nəhayətsiz bir imperiyada Vətən qoyub gəlmişdi. Bu Vətən üçün onun burnunun ucu göynəyirdi. Onun radioda tez-tez səslənən və “polad” hasarın bəri üzündə hər cür təxribatdan da təhlükəli hesab edilən fikirlərinin inandırıcılığı da bu göynərtinin təsirindən yaranırdı. Məcidin hazırladığı verilişlərin nikbinlik təlqin edən məzmunundan hiss olunurdu ki, o, heç vaxt totalitar imperiyanın əbədiliyinə inanmamış və öz dinləyicilərində də vətənin gələcəyinə münasibətdə belə bir nikbin əhval-ruhiyyə yarada bilirdi. Elə ona görə də yuxarıda adı çəkilən məqalədə Məcid “antisovet materiallar hazırlamaqda çox ustadır” ifadəsinə layiq görülüb.
Məqalədən sətirlər:
“… Burada, əsasən, keçmiş gestaponun agentləri fəaliyyət göstərirlər. Görün onların həyasızlığı nə dərəcəyə çatmışdır ki, öz əməkdaşlarına Sovet xalqı deməyi qadağan etmişlər. Onların fikrincə, guya belə bir xalq mövcud deyildir…”.
Bəli, bizi – “polad” hasarın bəri üzündə yaşayanları inandırmaq istəyirdilər və inandırmışdılar ki, guya belə bir xalq: vahid dili, dini, adət-ənənəsi və başlıcası isə, heç bir tarixi keçmişi olmayan bir xalq – sovet xalqı mövcuddur. Lakin zaman imkan versə, onun öz dili (əlbəttə, rus dili), öz dini (dinsizlik), öz ənənələri (manqurtizm, yaxud pavlikmorozovçuluq) və 17-ci ildən başlayan öz tarixi olacaqdır. Həqiqətən də, ictimai elmlər üzrə rus mütəxəssislərindən biri dünya tarixşünaslığında “üçüncü era”nın tətbiqi və bu eranın 17-ci ildən başlayaraq hesablanması barədə təkliflə çıxış etmişdi və dərhal da dünya elmi ictimaiyyəti tərəfindən lağa qoyularaq, rədd edilmişdi. “Gülüstan” faciəsindən üzü bəri hər cür fəlakətlərin ayıltmadığı bir xalqa –“ Azərbaycan xalqına daha bir dəhşətli faciə – 90-cı ilin Qara Yanvarı da lazım imiş ki, bu “fövqəlxalq”ın (sovet xalqının) əfsanədən başqa bir şey olmadığı barədə bütün dünyada car çəkilən həqiqətlərə və o cümlədən, Məcid Qərsələlinin də neçə illər bundan əvvəl uzaqgörənliklə söylədiyi fikirlərə inansın.
Münhendə “Azadlıq” radiosunun əməkdaşları ilə bir stol arxasında əyləşib, onlarla ciddi mübahisəyə girişən müxbir öz gücsüzlüyünü hiss etsə də, kürəyini yerə vurmur, əlimizə əlifba kitabı aldığımız gündən əzbərləyib adət etdiyimiz şüarları ucadan söyləməklə vəziyyətdən çıxmaq istəyir. Onda nə günah? Həmin mübahisədə hər hansı birimiz iştirak etsəydik, bəlkə də ondan daha aciz və köməksiz vəziyyətdə qala bilərdik. Г‡ünki bütün dünyada adi insanların hər birinə nəsib olan sərbəst düşünüb-danışmaq qabiliyyəti kimi bir Allah nemətindən məhrum edilmişdik. Sözümüzün əvvəli və axırı, fikirlərimizin məzmunu və məntiqi əzbərlədiyimiz şüarlarda idi; şair demişkən, “hər sadə, mürəkkəb cümləmizin də əzəl mübtədası…” bu şüarlar idi.
Məqalədən sətirlər: Əli Aranlı (“Azadlıq” radiosunun əməkdaşlarından biri – M.M.) dedi ki, Azərbaycanda haqsızlıq və qanunsuzluq hökm sürür…”.
Ba! Bizim sovet müxbirinin iştirak etdiyi məclisdə belə sözü söyləməkmi olardı?.. Və müxbir həmin andaca “paaart!” bir şüar söyləməklə onu “yerində oturdur”.
Məqalədən sətirlər: “Onu da konkret faktlarla susdurdum və dedim ki, bir qrup əleyhdarlarımız çiçəklənən bir respublikaya heç nə edə bilməz, bizim ictimai quruluşumuz yenilməzdir… Elə bu dəm Əli qəhqəhə çəkdi. Düzü, buna məəttəl qaldım”.
Bəli, dünyanın hər yerindən eşidilən sədaları qulaqardına vurduğumuz kimi, bu acı qəhqəhələr də bizi ayıltmadı. Nə etmək olar, “Hop-hopun göz yaşları içərisindəki gülüşləri”nin ayıltmadığı bir xalqa Əli Aranlının cılız bir qəhqəhəsi nə deyə bilərdi ki?! Bu qəhqəhənin də mənasını biz –“ 91-ci ilin avqustunda – “yenilməz quruluşumuz” sabun köpüyü kimi partlayıb bir göz qırpımında yoxa çıxanda anladıq…
Söhbət vaxtı “Azadlıq” radiosunun əməkdaşlarından biri – Murad Muradlı həqiqətə göz yumduqları üçün Azərbaycan yazıçılarına da irad tutur. Sovet müxbiri yenə “paaart! bir şüar: “Onun da sözünü kəsb bildirdim ki, hər bir sovet yazıçısı özünü kommunist partiyasının sadiq əsgəri sayır…”.
Düzdür, müxbir bu yerdə bir balaca mübaliğəyə yol verib. Г‡ünki yazıçıların heç də hamısı “sadiq əsgər” deyildi. Amma insaf naminə desək, onun bu sözləri şüardansa həqiqətə daha çox yaxındır. Elə ona görə də bu “sadiq əsgərlər”in 70 ildə yazıb-yaratdıqlarının əksəriyyətini mağazalarda və kitabxanalarda toz basıb…
Öz didərgin-mühacir həyatını xalqımızın böyük oğulları Məhəmməd Əmin Rəsulzadə, Ceyhunbəy Hacıbəyli və başqa vətən aşiqlərinin mühitində keçirmiş Məcid Qərsələlinin mənalı uzaqgörənliyi burada da mübahisəyə yekun vurur. Və bu sadə həqiqətlərin arxasında heç bir “antisovet ustalığı”nın dayandığı hiss olunmur.
Məqalənin “Satqınların xam xəyalları” yarımbaşlığı ilə verilmiş hissəsindən sətirlər:
“… Bu dəfə Məcid dindi: – İnanın ki, Azərbaycanı bəlkə də sizin qədər sevirik, qəlbimiz daim ordadır. Amma Vətən tam azad olandan sonra hamımız ora qayıdacağıq.
Sözünü kəsib, Azərbaycanın nə vaxt müstəqil dövlət olacağını soruşdum. O, çaş-baş qaldı.
– Vaxtını deyə bilmərəm, amma o gün mütləq gələcək, – dedi. – Biz istəyirik ki, Azərbaycan müstəqil dövlət kimi xarici ölkələrlə müxtəlif müqavilələr bağlasın, Bakıda dünya dövlətlərinin səfirləri olsun, həmçinin xarici ölkələrdə azərbaycanlı səfirlər Azərbaycanı təmsil etsinlər…”.
Bu dialoqda inanılmayası bir şey varsa, o da müxbirin söylədiyi “O, çaş-baş qaldı” ifadəsidir. Məcid bu sualın qarşısında “çaş-baş” qalsaydı, onun uzaqgörənliklə söylədiyi sonuncu sözlər cəmi bir neçə ildən sonra çin olmazdı.
Bəli, Məcid məhəccərə söykənib ağlayırdı. Bəlkə onun Azərbaycanı müstəqil bir dövlət kimi görəcəyi günə qədər ömrünün vəfa etməyəcəyini hiss etdiyi üçün ağlayırmış?.. Bəlkə də onun canından çox sevdiyi Vətənin gələcəyi barədə nikbinliklə söylədiyi sözlərin azacıq sonra mətbuatımızda “satqınların xam xəyalı” kimi qiymətləndiriləcəyini bildiyindən ağlayırmış? Kim bilir?..
(Ardı var)
ƏZİZİM VƏTƏN YAXŞI
Məmməd Mirzə

Şərh Yaz