Qarşılıqlı əməkdaşlıq

Son illər Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəb şagirdlərinin təlim nailiyyətlərinə nəzarətin gücləndirilməsi sayəsində bölgələrdə ümumi təhsil üzrə keyfiyyət göstəricilərində, xüsusilə də buraxılış imtahanları və ali məktəblərə qəbulun nəticələrində əvvəlki illərlə müqayisədə nəzərəçarpan irəliləyişlər müşahidə edilməkdədir. Qarşılıqlı əməkdaşlıq    Ümumi təhsilin hazırkı keyfiyyət səviyyəsinin davamlı surətdə yaxşılaşdırılması üzrə təsirli tədbirlərin görülməsi daima ən zəruri vəzifələrimizdəndir. Qeyd olunanları nəzərə alaraq, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, məktəb pedaqoji kollektivlərinin imkanlarını səfərbər etmək məqsədilə Təhsil Nazirliyinin müvafiq əmri ilə 2017-2018-ci tədris ili ölkənin dövlət ümumi təhsil müəssisələrində “Təhsildə keyfiyyət ili” elan edilmişdir. Bununla əlaqədar tədbirlər planında bir sıra tədbirlər nəzərdə tutulmuş və davamlı olaraq həyata keçirilməkdədir.
Belə tədbirlərdən biri müəyyən edilmiş hədəflər baxımından ümumi təhsilin müasir tələblər səviyyəsində səriştəli idarə olunması və keyfiyyətinin yüksəldilməsi sahəsində təcrübə mübadiləsinin rolu və əhəmiyyəti nəzərə alaraq, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri arasında qarşılıqlı etimada əsaslanan pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması ilə əlaqədar Ağsu rayon 3 nömrəli tam orta məktəbdə baş tutdu.
Ağsu şəhər 3 nömrəli tam orta məktəbində təşkil olunmuş tədbirdə İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti, bu sətirlərin müəllifi Güllübəyim Lətifova, şəhər 5 nömrəli tam orta məktəbin direktoru Elçin Məmmədov və digər fənn müəllimləri iştirak edirdilər. İlk öncə məktəb və sinif otaqlarına ümumi baxış oldu, şagirdlər arasında səmimi söhbət aparıldı, onların fikirləri dinlənildi. Daha sonra I c sinfində sinif rəhbəri, Tərəqqi medalı döş nişanı ilə təltif olunmuş müəllim Bəsdi Nəmətovanın Ana dili fənnindən açıq dərsi dinlənildi və müzakirə olundu. Məktəbin zalında V sinif şagirdlərinin Yel çərşənbəsi münasibətilə hazırladıqları tədbirdə iştirak edən nümayəndələr şagirdlərin bir-birindən maraqlı çıxışlarından zövq aldılar.
Məktəbin direktoru Leyla Rüstəmzadə qonaqları salamlayaraq bu tədbirin məktəblilərin və müəllimlərin yaddaşında unudulmaz iz buraxacağını bildirdi. İsmayıllı rayon Təhsil Şöbəsinin metodisti G.Lətifova çıxış edərək rayonlararası əməkdaşlığın yüksək səviyyədə təşkilindən məmnunluq hissi keçirdiyini bildirdi, hər iki rayonun ümumtəhsil müəssisələri ilə səmərəli pedaqoji əməkdaşlıq yaratmaqla ümumtəhsil məktəblərində yaradıcı və təşəbbüskar mühitin təmin edilməsinə, tədris-metodiki işlərin effektiv qurulmasına, müəllimlərin peşə bacarıqlarının və şagirdlərin təlim nailiyyətlərinin davamlı inkişafına, eləcə də qabaqcıl pedaqoji təcrübə nümunələrinin öyrənib yayılmasına elmi-təşkilati dəstək göstərmək məqsədilə Ağsu və İsmayıllı rayonlarının ümumtəhsil məktəbləri arasında elmi-pedaqoji əməkdaşlığın vacib amil olduğunu qeyd etdi.
İsmayıllı və Ağsu Rayon Təhsil Şöbələrinin elmi-pedaqoji əməkdaşlıq sahəsindəki əmrin icrası ilə əlaqədar hazırlanmış Tədbirlər planında qarşıda duran məsələləri xatırladaraq, ümumtəhsil məktəblərində keçirilən fənlərin tədrisi metodikasının təkmilləşdirilməsi sahəsində müəllimlərə kömək məqsədilə təlim, konfrans, seminar, dəyirmi masa və s. bu kimi tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün lazımi şəraitin yaradılacağını qeyd etdi.
L.Rüstəmzadə Ağsu rayonunun pedaqoji kollektivi adından İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov başda olmaqla göstərdikləri əməkdaşlığa, dostluq münasibətlərinə görə RTŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirdi.
İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin direktoru Elçin Məmmədova Ağsu Rayon Təhsil Şöbəsinin təşəkkürnaməsi təqdim olundu. Sonda məktəb kollektivi və iştirakçılarla birgə xatirə şəkli çəkildi.
Güllübəyim Lətifova,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz