Heydər Əliyev Azərbaycanın xilaskarıdır

Ümummilli liderimiz Heydər Əliyev haqqında söz demək məsuliyyətini dərindən dərk edərək onun xilaskarlıq missiyasını necə dəyanətlə, qüdrətlə həyata keçirməsindən danışmaq istərdim.
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Ulu öndərin çoxşaxəli fenomenal keyfiyyətləri ilə yanaşı, xilaskarlıq da fitrətən tanrı tərəfindən ona bəxş edilmiş ali bir keyfiyyət idi. 1969-cu ildə Respublika rəhbərliyinə gəldikdən sonra Azərbaycan xalqının şahidliyi ilə Heydər Əliyev kənd təsərrüfatını, sənayeni, iqtisadiyyatın bütün sahələrini, mədəniyyəti, təhsili gerilikdən, ali təhsil və kadr məsələlərini rüşvətxorluqdan, proteksiyadan xilas etdi. İnsanların həyatına maddi və mənəvii zənginlik gətirdi. Ədaləti, haqqı bərpa etdi. Arxa planda saxlanılan gəncliyi Azərbaycanın inkişaf, yüksəliş xəttinin önünə çıxardı. Təsadüfi deyildi ki, ümummilli liderin Respublikaya rəhbərliyinin birinci mərhələsində “Literaturnaya qazeta”da “Qoy ədalət zəfər çalsın” başlıqlı yazı dərc olunmuş və bu böyük həcmli publisistik məqalə ittifaq miqyasında geniş rezonans doğurmuşdu.
Ulu öndərin titanik fəaliyyətinin nəticəsi olaraq Azərbaycanın ad-sanı, hərtərəfli inkişafdan doğan şöhrəti artıq SSRİ sərhədlərini aşırdı. Təbii idi ki, o zamankı ittifaq rəhbəri belə bir qüdrətli, dəyanətli, bütün elmlərin bilicisi, idarəetmə ustadının, Beynəlxalq aləmə bəs edəcək qədər intellekt sahibi olan rəhbərin SSRİ rəhbərliyində olmasını istərdi. Bu istək həyata keçdi və sonrakı hadisələri təsvir etmədən 90-cı illərin əvvəlinə qayıtmaq istərdim.
Heydər Əliyev hələ Moskvada olarkən 20 Yanvar faciəsi baş vermişdi. Qorbaçov güruhu Azərbaycanda qətliam törətmişdi. Ölkə informasiya blokadasına salınmışdı. Millətimizin baş ucalığı, dünya miqyasında təmsilçisi olmuş ulu öndər o zaman Azərbaycan nümayəndəliyinə gəldi, etirazını bildirdi və Azadlıq radiosu vasitəsilə Respublikanı informasiya blokadasından xilas etdi.
Sonrakı hadisələr barədə mərasim iştirakçılarının müfəssəl məlumatı vardır. Tərbiyəsi, idarəetmə metodları küçələrdə, meydanlarda formalaşanlar, lakey xislətli o zamankı idarəetmə kürsüsünü zəbt edənlər Heydər Əliyevin dahiliyi, böyüklüyü qarşısında çox xırda görünənlər onun Bakıda qalmasına və Azərbaycanı xilas etməsinə şərait yaratmadılar. Qədim Naxçıvan Ulu öndərə qucaq açdı, onu tükənməz məhəbbətlə qəbul etdi. Bir müddətdən sonra yekdilliklə Naxçıvan Ali Məclisinin sədri seçildi. Düşmənə qarşı sərhədlərdə sipər yaratdı. 70 il əsarətdə qalan, türkçülük, müasirlik və islamçılıq rəmzi olan Dövlət bayrağımızı xilas etdi.
1992-1993-cu illərdə Azərbaycan parçalanmaq, dağılmaq ərəfəsində idi. Xaos, dərəbəylik hökm sürürdü. Ayrı-ayrı fərdlərin ətrafında dəstələnmiş silahlıları torpaq itkilərimiz maraqlandırmırdı. Tarixi düşmənlərimiz də bu mürəkkəb situasiyadan məharətlə öz xeyrinə istifadə edir, işğal dairəsini genişləndirirdi. Şimaldan “sadval”, cənubdan əlikramçılar, daxildən dərəbəylər Azərbaycanı mövcud olmamaq təhlükəsi ilə üz-üzə qoymuşdu.
Xalq kütlələri, Heydər Əliyev dühasının qüdrətinin nəyə qadir olduğunu dərindən dərk edən insanlar xilas yolunu yalnız onun rəhbərliyində görürdü. Bəlalardan, bihudə qanlar tökülməsindən, işğalın davamından Azərbaycanı yalnız xalqını candan artıq sevən ulu öndər xilas edə bilərdi. Rəhbərlikdə kök salmış yarasalar isə Heydər Əliyev işığına kor qalmışdı. Xalqımız ilk sözünü 91-lər vasitəsilə dedi. Vətəni, ölkəsi, milli taleyi üçün narahat olan 91 nəfər görkəmli ziyalı Heydər Əliyevə müraciət edərək, Azərbaycanı idarə etməyə çağırdı. Ürəyi xalqına məhəbbətlə döyünən dünya dəyərli rəhbər bu çağırışa azərbaycançılıq, insanlıq, vətən, xalq naminə müsbət cavab verdi. Yenə də təfsilata varmadan qeyd edim ki, hakimiyyətə gəlməyin sivil yolunu partiya yaratmaqda görən ümummilli liderimiz həmfikirləri ilə birgə Yeni Azərbaycan Partiyasının təsis konfransını 1992-ci ilin noyabr ayında Naxçıvanda keçirdi. Qısa zamanda müxalifətdə yaranan Yeni Azərbaycan Partiyası hakim partiyaya çevrildi.
1993-cü ilin əvvəlindən başlayaraq ölkədaxili çəkişmələr bir az da genişlənmiş, dərinləşmişdi. AXC-Müsavat cütlüyü hakimiyyətinin özünə düşmən yaratdığı qondarma polkovnik Surət Hüseynov silahlı dəstələri cəbhə bölgələrindən çıxarıb Bakıya yönəldirdi. O zamankı qorxaq rəhbərliyi dar ağacı ilə hədələyirdi. Artıq dözümü, tabı qalmayan xalq təkidlə vətənin taleyinə sahib çıxmağı Heydər Əliyevdən xahiş edirdi. İdarəetməni itirən, vəzifə kürsüsü laxlayan, Surətin üsyançıları qarşısında titrəyən o zamankı Respublika rəhbərliyi də nəhayət ki, xilas yolunu Heydər Əliyevdə gördü. Həmişə xalqının yanında olan, onu dar gündə qoymayan, ömrünün qalan hissəsini xalqına bəxş edən Heydər Əliyev Bakıya gəldi. 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Milli Məclisinin sədri seçildi. Elə o gündən də ölkəmiz, xalqımız və yenicə formalaşmağa başlayan ordumuz xilas yoluna qədəm qoydu. Qüvvələrin bərabər olmadığı Qarabağ müharibəsində torpaq və canlı qüvvə itkilərimiz daha çox olurdu. Xilas yolu yalnız atəşkəsdə idi ki, 1994-cü ildə bu barədə müqavilə imzalandı. Dövlət çevrilişlərinin qarşısı alındı. Ayrı-ayrı şəxslərə xidmət edən silahlı dəstələr tərkisilah olundu. Özünü dövlətə, dövlətçiliyə qarşı qoyan hər bir kəs layiq olduğu cavabı aldı, uyğun yerdə oturduldu. Sabun köpüyünə bənzər talış-muğan respublikası xulyası ilə yaşayanlar Azərbaycanda yaşamaq hüququnu itirdilər. Müxalifət adına olan törtöküntülər özlərini öz bəd əməlləri ilə Azərbaycanın siyasi səhnəsindən sildilər.
Ümummilli liderimiz, milli qarantımız, xalqımıza sabit, sakit, rahat və firavan həyat bəxş edən, ölkəni dağılmaqdan, parçalanmaqdan xilas edən Heydər Əliyev yenidən hakimiyyətə gəlişi ilə Azərbaycan tarixinə xilaskar dövlət başçısı kimi düşdü.
Həyatımızın, fəaliyyətimizin hər bir anında, günündə ulu öndərimizi ehtiramla xatırlayır, dünyasını dəyişən gün ərəfəsində və gündə müqəddəs ruhu qarşısında baş əyir, vəsiyyətlərinə, müəyyən etdiyi yola sadiq qalacağımıza həmişə hazır olduğumuzu bildiririk.
Allah Heydər Əliyevə rəhmət eləsin, məzarı nurla dolsun.
Həsən Həsənov,
İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi

Şərh Yaz