İnkişafın şahidi olduq

Hörmətli İsmayıllı xəbərləri redaksiyası! Biz iyul ayının sonunda tələbə yoldaşımız Yaşar Nuriyevin qonağı olduq. Gözəl məkanda yaxşı dostla görüşməyin öz yeri var. Budəfəki səfərimiz daha xoş oldu və gördüklərimizi qələmə almağı özümüzə borc bildik:
İnkişafın şahidi olduq                İsmayıllı sözün əsl mənasında, insanı özünə heyran edir. Gördük və inandıq ki, doğrudan da İsmayıllı Azərbaycanın mirvarisidir. Burada təbiətin gözəlliklərini aparılan tikinti-abadlıq işləri tamamlayır. Kəndlərə çəkilən asfalt yollar, şəhərin abad küçələri, tikinti-abadlıq işləri rayonda işlərin yüksələn xətlə getdiyindən xəbər verir.
Biz rayonun tarixi, gəzməli və görməli yerlərində olduq. Lahıc, Basqal qəsəbələrini, Xanagah, Cülyan, Topçu, İvanovka kəndlərini gəzdik. Hər yerdə təmizliyin, səliqə-səhmanın, abadlığın şahidi olduq. Rayonda hər kəs Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun rayona başçı təyin ediləndən sonra aparılan tikinti, abadlıq və quruculuq işlərinin geniş vüsət aldığından, əhaliyə göstərilən xidmət və qayğıdan ağız dolusu danışır. Rayonda İsmayıllı Dövlət Humanitar Texnologiya Kolleci, İsmayıllı Peşə Tədris Mərkəzinin, Velosiped zavodunun, Kərpic zavodunun və s. obyektlərin fəaliyyət göstərməsi təqdirəlayiqdir. Əhaliyə səyyar ASAN xidmətin də göstərildiyinin şahidi olduq.
Biz İsmayıllıda əvvəllər də olmuşduq. Amma bu il iyul ayının sonunda İsmayıllıya gəlişimiz bizi təəccübləndirdi. İsmayıllının qısa müddətdə bu qədər inkişaf etdiyini təsəvvür edə bilməzdik. Son bir neçə ildə görülən işlər rayon rəhbərinin işə münasibətindən, insanlara qayğısından xəbər verir. Sevindirici haldır ki, ölkə prezidenti cənab İlham Əliyevin regionlara qayğısı İsmayıllıda da öz bəhrəsini verməkdədir.
Hörmətli redaksiya! Sizdən xahiş edirik ki, qəzetiniz vasitəsi ilə rayonun abadlaşdırılmasında, inkişafında əməyi olan hər kəsə, rayon rəhbərlərinə, xüsusilə Əməkdar elm xadimi, RİH-nin başçısı Mirdaməd Sadıqova bizim təşəkkürümüzü çatdırasınız.
Hörmətlə:
Qurban İsayev,
Qarabağ Müharibəsi Veteranı, ehtiyyatda olan mayor, Qubadlı rayonunun Qəzyan kənd sakini,
Yusif Cəfərli,
Cəlilabad rayonunun Alar kənd sakini, təhsil veteranı

Şərh Yaz