Sadiq qaldığımız siyasət

Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir. Onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman bu qəbildən olan şəxsiyyətləri ilə qürur duymuşdur. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dövlətin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur duyacağımız dahi şəxsiyyətdir. Sadiq qaldığımız siyasətBu böyük şəxsiyyətin tükənməz enerjisi, işıqlı zəkası və polad iradəsi ilə daim xalqın, vətənin, dövlətin xidmətində dayanmış, torpaqlarımızın, xalqımızın, bütövlüyü uğrunda fədakarlıqla çalışmış, dövlətimizin inkişafı, demokratiyasının genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün olan hər bir işi görmüşdür.
Tarixə nəzər salsaq, Azərbaycanımızın çox keçməkeşli yollardan keçdiyinin şahidi olarıq. Xalqın təkidi və istəyi ilə 1993-cü ilin 9 iyununda siyasi hakimiyyətə qayıdan Heydər Əliyev qətiyyət və bacarıqla yurdumuzu bürümüş vətəndaş müharibəsi alovunu söndürdü. Ölkədəki qanunsuz silahlı birləşmələri zərərsizləşdirilməsinə, ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində sabitliyə, atəşkəs rejiminə nail oldu. Ümummilli liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç nədən çəkinməyərək qiyamçılarla danışıqlar aparması, vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı. İyulun 15-də isə Ulu öndər Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Bu tarixi hadisə Respublikamızın müstəqillik həyatında yeni bir başlanğıc oldu. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsi ilə Müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətləndi.
1993-2003-cü illər müasir Azərbaycanın tarixində Sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Genişmiqyaslı islahatların aparılması, iqtisadi inkişafın sürətləndirilməsi, tez bir zamanda bazar iqtisadiyyatına keçid ölkəmizin inkişafını sürətləndirdi. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycanın müasir tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, tədricən ölkəmiz dünya birliyində öz layiqli yerini tutdu. Bölgədə mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazandı. Mətbuat və söz azadlığı, azad vətəndaş cəmiyyəti bərqərar oldu. Millət, xalq anlayışları, Azərbaycançılıq ideyaları dərk edildi.
Ulu öndər Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun ideyaları cəmiyyətin daim yeniləşməsində, müstəqil Azərbaycanın daha da müasirləşməsində və qüdrətlənməsində aparıcı qüvvədir. Ümummilli liderin əbədiyaşar ideyaları və siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycana yeni-yeni nəaliyyətlər, uğurlar gətirir. Bunun nəticəsi olaraq ötən 25 ildə Azərbaycan yalnız region deyil, həmçinin Avropanın da siyasi cəhətdən ən sabit ölkəsinə çevrilmişdir. Beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. İqtisadi inkişaf tempinə görə dünyada lider ölkələr sırasına daxil olmuşdur. Respublikamızın ümumbəşəri dəyərlərə istinad edən mütərəqqi inkişafı, demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi uğurları göz önündədir.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin işıqlı yolla gedərək dünyanın əvəzsiz liderinə çevrilmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin başa çatdırılması, TANAP layihəsinin həyata keçirilməsinə başlanılması və bununla da ölkəmizin enerji sahəsində dünya birliyinin layiqli tərəfdaşına çevrilməsin mükəmməl siyasətin uğurlu davamına əyani sübutdur.
Neft kapitalının insan kapitalına çevrilməsi kənd və rayonlarda yüksələn xətlə davam edən abadlıq və quruculuq işləri, işsizlik və yoxsulluğun minimuma endirilməsi, gənclərə və onların davamlı inkişafına diqqət davamlı siyasətin təzahürüdür.
Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməsi, kosmos ölkəsinə çevrilməsi siyasi, mədəni, iqtisadi sahələrdə dünya ölkələri arasında uğurlar qazanması, 2015-ci ildə İlk Avropa oyunlarına, sonra İslam həmrəylik oyunlarına, Şahmat olimpiadasına və gələcəkdə futbol yarışlarına ev sahibliyi edəcəyi də bu qəbildəndir.
Bu gün Azərbaycan vətəndaşlarının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hissləri daha güclüdür. Azərbaycanda Heydər Əliyevin müəyyən etdiyi siyasətin alternativi yoxdur. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi yaxın illərdə Azərbaycanı dünyanın ən müasir və qüdrətli dövlətləri sırasına daxil edəcək. Qarabağ problemimiz öz müsbət həllini tapacaq. Azərbaycan xalqı isə özünün firəvan gələcəyinin təminatçısı olan bu siyasətə daim sadiq qalacaqdır.
Hacıməmməd Məmmədov

Şərh Yaz