Sabaha böyük inam və sonsuz ümidlə

3 Dekabr – Beynəlxalq Əlillər Günü “Qala” şadlıq sarayında qeyd olunub. Tədbirdə Qarabağ müharibəsi əlilləri, ümumi səbəblərdən əlillər, İkinci dünya müharibəsi əlilləri, uşaqlıqdan əlillər, onlara xidmət göstərən təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak edirdi. Məclis sabaha böyük inam və sonsuz ümidlər üzərində qurulmuşdu. Fiziki imkanları məhdud olan iştirakçılar məclisin ruhuna uyğun olaraq əlil olduqlarını unudaraq rəqslərə qoşulur, optimist ruhlu çıxışlar edirdilər.Sabaha böyük inam və sonsuz ümidlə Tədbir iştirakçıları əvvəlcə şadlıq sarayının foyesində əlillərin əl işləri, toxunma məhsulları və rəsmlərindən ibarət satış-sərgiyə baxdılar. Mərhəmətli insanlar xeyli sayda sərgi eksponatlarını aldılar.
Tədbiri giriş nitqi ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd etdi ki, bütün kateqoriyadan olan əlillər, xüsusilə yarı canını Vətən yolunda qoyan Qarabağ müharibəsi əlilləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Onların heç biri öz problemi ilə başlı başına qalmır. Dövlətin müəyyən etdiyi imtiyazlar hər bir ünvana dəqiqliyi ilə çatdırılır. Yeni iş yerləri açılarkən işləmək imkanı olan əlillər ilk növbədə nəzərə alınır. Vaxtarışı onlara yardım edilir. Əl işlərindən, yaradıcılıq nümunələrindən ibarət satış-sərgilər təşkil olunur. Məqsəd odur ki, əlillər sosial həyatın, cəmiyyətin fəal üzvü olsunlar. Heç kim tənhalıqda qalmasın.
Millət vəkili Novruzəli Aslanov çıxışında qeyd etdi ki, əlillərin sosial həyatının daha təminatlı olması üçün Azərbaycan dövləti hər şeyi edir. Bu günlərdə 2017-ci il üçün təklif olunan büdcənin Milli Məclisdə müzakirəsi zamanı bir daha aydın olur ki, büdcəmiz sosial yönümlüdür.İqtisadi böhranların, maliyyə çətinliklərinin dünyada yaşandığı bir zamanda növbəti ildə pensiyaların artımı gözlənilir.
Daha sonra Qarabağ Müharibəsi Əilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi rayon filialının sədri Vidadi Zərbiyev, Rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev, Qarabağ müharibəsi əlili Ravid Pənahov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin müdiri Kamran Muradov, Əlil Sahibkarlar Təşkilatı rayon filalının sədri Rahim Səmədov və başqaları çıxış etdilər.
Qarabağ müharibəsi əlilləri arasında rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən nərd yarışının qaliblərinə diplom, medal və qiymətli hədiyyələr təqdim olundu.
2 saylı şəhər uşaq bağçasında tərbiyə olan körpələr şən rəqslər nümayiş etdirdilər.
Famil Əhmədovun diqqətəlayiq aparıcılığı və “Niyal” xalq çalğı alətləri ansamblının təqdim etdiyi mahnılar iştirakçılar tərəfindən rəğbətlə qarşılandı.
Namiq Kərimov

Şərh Yaz