Zəhmətkeş insanın süfrəsində çörək, evində rahatlıq olub

2 dekabr 2016 –“cı il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov İsmayıllı şəhərinin H.Zərdabi küçəsinin sakinləri ilə görüş-qəbul keçirib. Məhəllədə inşa olunmuş “Xeyir-şər” evinə toplaşanlarların əksəri ərazidə olan çoxmənzilli yaşayış evlərinin sakinləri olub.
Zəhmətkeş insanın süfrəsində çörək, evində rahatlıq olubZəhmətkeş insanın süfrəsində çörək, evində rahatlıq olub
Ölkədə, eləcə də rayonda gedən quruculuq işlərindən, ölkə Prezidenti tərəfindən uğurla həyata keçirilən daxili və xarici siyasətdən söz açan M.Sadıqov qarşıda duran vəzifələrə daha çox diqqət ayırıb. Başçı vurğulayıb ki, bu gün hər bir vətəndaş imkan və bacarığı daxilində öz işini qurmalı, gəlir və çıxarını hesablamağı bacarmalı, bir sözlə, ələbaxımlıq mövqeyindən tamamilə uzaqlaşmalıdır.
Növbəti ildən İsmayıllının da özü-özünü maliyyələşdirən rayonlar siyahısına daxil edilməsi onu tələb edir ki, hər birimiz kifayət qədər işgüzar və qənaətcil olaq. Məlum məsələdir ki, zamandan asılı olmayaraq zəhmətkeş insanın həmişə süfrəsində çörək, evində rahatlıq olmuşdur. Bu qızıl qaydanı unutmaq, ələbaxımlıq mövqeyi tutmaq olmaz.
Başçı bir sıra tövsiyələr verməklə yanaşı, sakinləri narahat edən məsələlərlə maraqlanıb. Vətəndaşlar son illər rayondakı hərtərəfli inkişafdan razılıq etməklə yaşadıqları bina və mənzillərin təmirə, binaların həyətlərinin abadlaşdırılmasına ehtiyac olduğunu, ərazidə sahibsiz itlərin yaratdığı narahatlıqları dilə gətiriblər.
Ərazidəki çoxmənzilli yaşayış evlərinin yeni ildə təmiri üçün vəsait ayrıldığı bildirilib. Sahibsiz itlərin zərərsizləşdirilməsi aidiyyəti qurumlara tapşırılıb.
Ş.Soltanov

Şərh Yaz