Birlikdə rəhmət, parçalanmaqda əzab vardır

“Azərbaycan” qəzetinin 26 oktyabr 2016-cı il tarixli nömrəsində millət vəkili, yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Zirvədən görünən İslam dünyası” başlıqlı iri həcmli yazısı diqqətimi cəlb etdi. Oxudum. Bir ifadə məni bu yazıya şövq etdi. H.Mirələmov yazır: “Həzrəti peyğəmbərimiz Məhəmməd salavatullah bizlərə tövsiyə etmişdir: “Birlikdə rəhmət, parçalanmaqda əzab vardır”.Birlikdə rəhmət, parçalanmaqda əzab vardır
Birlikdə rəhmət, parçalanmaqda əzab vardırOdur ki, Ulu öndərimiz xalqımızı, ölkəmizi parçalanmaqdan, əzabdan xilas etdi, milli vəhdət, xalqlar birliyi yaratdı və sonra candan artıq sevdiyi Azərbaycanı özü qədər inandığı möhtərəm İlham Əliyevə etibar etdi. Qüvvələri bir araya gətirilmiş Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hər cür maneələri aradan götürərək yüksəlişə doğru inamla irəliləyir.
İsmayıllı rayonu da 2013-cü ilə qədər buraxdığı səhvlərə bəsdir deyib, ölkədəki vəhdətə, birliyə, yekdilliyə qoşuldu, inkişaf sürətinə, yükşəliş xəttinə qovuşdu.
Məqsədim tikilənlərdən, qurulanlardan, sosial-iqtisadi inkişafın verdiyi bəhrələrdən yazmaq deyil.
Ölkə başçısının siyasətinə sədaqət göstərilərək, sərəncam, tapşırıq və tövsiyələrinə məsuliyyətlə yanaşılaraq İsmayıllıda da qüvvələr, məslək, əqidə, ideya, fəaliyyət birliyi, halallıq mühiti yaradılıb. İndi biz bir yerdəyik, bir istiqamətliyik, birgə çalışırıq. Mövcud və ya iş prosesində ortaya çıxan problemlər qarşılıqlı anlaşma şəraitində, dövlətimizin yaratdığı imkanlar, Respublika Prezidentinin qayğısı əsasında həll olunur. İnsanlara yanaşmada ölkəmizdə olduğu kimi rayonumuzda da milli, dini, coğrafi mənsubiyyət əsla nəzərə alınmır. Azərbaycan vətəndaşıdır, İsmayıllı sakinidir, demək Konstitusiya ilə müəyyənləşdirilmiş haqları və hüquqları vardır. Rayon İcra Hakimiyyətinin rəhbərliyi də aid hüquq mühafizə orqanları və icra strukturları ilə birgə bunların təminatçısı kimi çıxış edir. Kimdənsə haralı olduğu, Şərqdənmi, Qərbdənmi, Şimaldanmı və ya Cənubdanmı gəldiyi soruşulmur.
Bəzi ağzıgöyçək adamlardan bəzən yad səslənən fikirlər eşidirsən : “Mən filan yerdən olduğuma görə sözümü eşitmirlər, şikayətimə baxmırlar”. İndiki rayon rəhbərliyinə, elə əksər idarə, müəssisə və təşkilat rəhbərlərinə məktəbli də, yaşlı insan da, müxalif mövqeli sakin də yaxınlaşır, sözünü deyir. Əgər söz haqlıdırsa, qanuna əsaslanırsa, tezliklə icra olunur.
Hacı Mailin bir qəzəlinin sonunda deyilir:
– Kim soruşsa, Mail Azəroğludur?
Fərqi yoxdur, olur-olsun haralı.
Hər birimizin cəmiyyətə yararlılığımız haralı olmağımızla yox, kimliyimizlə ölçülür. Bu kimlik nəzərə alındığı üçündür ki, rayon icra hakimiyyətində şöbə müdirlərindən biri Bərdədən, biri Qalacıqdan, o biri İsmayıllı şəhərindən, digəri əslən ucqar dağ kəndindən – Dvoryandan, sektor müdiri Qərbi Azərbaycandandır. İki icra nümayəndəsi, şəhər İƏD üzrə nümayəndənin müavini, iki bələdiyyə sədri həsrətində olduğumuz Qərbi torpaqlarımızdan, bir bələdiyyə sədri əslən Gürcüstanlıdır. Baş həkim Tovuzu, GEM-nin direktoru Borçalı mahalını İsmayıllıda təmsil edir. Kommunal müəssisələri kombinatının direktoru Vidadi Məmmədovu əsla düşündürmür ki, o harada doğulub, sonra valideynləri ilə birgə haraya köçüb. Onu düşündürən İsmayıllı şəhərinin, qəsəbə və kəndlərimizin abadlığı və təmizliyini təmin etmək, işçilərin əmək və həyat şəraitini yaxşılaşdırmaqdır. Bu dostluq və qardaşlıq mühitini görməyənlərin diqqətinə müqəddəs Qurani-Kərimin Ali-İmran surəsinin 10-cu ayəsini çatdırmaq istərdim: – “Haqqı inkar edənlərin nə malları, nə də övladları onları Allah yanında (axirətdə) heç bir şeydən qurtara bilməz. Əlbəttə onlar cəhənnəm odunun yanacağıdırlar”.
Haqqı, ədaləti, mərhəməti, xeyirxah əməlləri, yaxşıları, yaxşılıqları, yüksəlişi, inkişafı görmək istəməyənlər, təbiidir ki, birliyimizə xələl gətirənlərdir, mənəvi mərəzə tutulanlardır. Əl-Bəqərə surəsinin 10-cu ayəsində deyilir:
“Onların ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifaq) mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli əzaba düçar olacaqlar”!
Həmin surənin 60-cı ayəsini də xatırlatmaq yerinə düşür: “Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin”.
Bir fakta da diqqət çəkmək istərdim. 24 sentyabr 2016-cı il tarixdə Qalagah mədəniyyət mərkəzində “Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməzdir” mövzusunda ”Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələsi keçirilirdi. Nazim Ağakişiyevin, Həşim Həşimovun, Qeys Fərmayılovun çox maraqlı çıxışları oldu. Uştal kənd tam orta məktəbinin direktoru Qeys Fərmayılov dedi: – Sözsüz ki, cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə işğal olunan torpaqlarımız geri alınacaq. İnanıram ki, 16 yaşında tərk etdiyim Qərbi Azərbaycana da qayıdacağıq. O zaman siz bizə qonaq gələcəksiniz. Biz də sizdən gördüyümüz hörməti, qayğını, diqqəti, məhəbbət və səmimiyyəti sizə göstərəcəyik.
Düşünürük ki, əlavə sözə ehtiyac qalmır. Ehtiyac daha çox onadır ki, ölkəmizin, Vətənimizin, möhtərəm Prezidentimizin, xalqımızın, bir-birimizin varlığına daha çox sevinək. Birgəlikdən, vəhdətdən yaranan qüdrətimizi həmişə hiss edək, dəyərləndirək. Bir-birimizin yanında olaq, bir-birimizə daxili səmimiyyət göstərək, ehtiyac duyaq.
Valeh Salehov,
veteran jurnalist, İsmayıllı şəhəri

Şərh Yaz