Sapı bizdən baltalar

Şərə qapı açanlara, ədalətdən qaçanlara, böhtan ilğımında batanlara, pusqularda yatanlara, şər və böhtan satanlara, sözlə ara qatanlara, yaxşılığı, yaxşıları, inkişafı, yüksəlişi görməmək üçün öz qələmi ilə öz gözünü kor edənlərə, mənliyi saxta, ürəyi taxta, ağlı dayaz, məsləki əyri, tərbiyəsi kasad olanlara, düzü əyri yazanlara, haqq yolundan azanlara həsr olunub bu şeirim.Sapı bizdən baltalar
Torpaq satar, yurd satar,
Namərd olub mərd satar.
Doğmasına dərd satar,
Sapı bizdən baltalar.

Üzdə şirin dil tökər,
Sığallayıb əl çəkər.
Başımıza kül tökər,
Sapı bizdən baltalar.

Axmaq tapıb tumarlar,
Düzün ağzın yumarlar.
Yıxıb yerə hamarlar,
Sapı bizdən baltalar.

Bilməz Vətən dardadır,
Abır, həya hardadır.
Qarğışdadır, gordadır,
Sapı bizdən baltalar.

Boş-boşuna guruldar,
Qarğa kimi qarıldar.
İşin düşsə, mırıldar,
Sapı bizdən baltalar.

Tamahı diş sındırar,
İştahı daş sındırar.
Özümüzü yandırar,
Sapı bizdən baltalar.

Əyri görər düzümü,
Fil eyləyər sözümü.
Yada verər közümü,
Sapı bizdən baltalar.

İşi düşsə, yallanar,
Ətəyindən sallanar.
Neçə halda hallanar,
Bizi belə yontalar,
Sapı bizdən baltalar.
Xalıq Yusifoğlu

Şərh Yaz