Hər bir yeniliyin nəticəsi uğurdur

Bu gün müstəqillik yolunda uğurla addımlayan Azərbaycanın təhsil quruculuğu sahəsində qazandığı nailiyyətlər aparılan ardıcıl və davamlı təhsil siyasətinin nəticəsi kimi meydana çıxmışdır. Ulu öndərimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” müddəası ilə özülü qoyulmuş milli təhsil siyasəti ölkəmizdə uğurla davam etdirilir. Hazırda təhsilimiz yeni inkişaf xətti üzrə aparılır. Yeni qurulan təhsildə idraki inkişafı nəzərə almaq, ona imkan və şərait yaratmaq əsas amil hesab edilir.
Hər bir yeniliyin nəticəsi uğurdur

Ümumiyyətlə, təhsili bilavasitə inkişafyönümlü bir proses kimi stimullaşdırmaq əsas vəzifəyə çevrilir. Bugünki təhsil humanist prinsiplərə istinad olunmaqla daha çox qarşılıqlı əməkdaşlıq əlaqələrinə söykənir və şagirdi bir subyekt kimi müəllimlə birgə pedaqoji prosesdəki hər hansı bir problemin həllinə yönəldir. Şəxsiyyətin formalaşdırılması ən önəmli məqsəd kimi təhsilin mühüm dəyərləndirmə obyektinə çevrilir. Bu da çox vacib və zəruridir.
Mən orta məktəbdə biologiya fənnini tədris edirəm. 14 illik təcrübədə müşahidə edirəm ki, yeni qurulan təhsil forması, yəni milli kurikulum həqiqətən qənaətbəxşdir, müəllimə və şagirdə müstəqil işləmək üçün böyük imkanlar açır.
Azərbaycan dünya birliyi ölkələri ilə ictimai həyatın bütün sahələrində səmərəli əməkdaşlıq edən bir ölkədir. Buna görə də başqa fəaliyyətlərlə yanaşı, bir və ya iki xarici dildə ünsiyyət qurmağı, əlaqə saxlamağı bacaran şəxsiyyətin formalaşdırılması müasir məktəbin mühüm vəzifələrindən biridir. Bu səbəbdən mən və şagirdlərim ingilis dilinə böyük önəm verir, dili öyrənir və dərslərimdə şagirdlərdə öyrənməyə maraq hisslərini yüksəldirəm. Buna görə hər zaman keçəcəyim mövzuya və şagirdlərin qavrama imkanlarına uyğun olaraq təlimin yeni formalarından istifadəyə geniş yer verirəm. Daha çox iş forması kimi qrupla işə üstünlük verirəm. Sual oluna bilər ki, niyə? Г‡ünki qrup işini müxtəlif variantlar üzrə aparmaq olur və bu zaman bütün qruplar ümumi mövzu ətrafında tədris materialı ilə işləyə bilirlər.
Qrupla işin əsas üstünlüyü ondan ibarətdir ki, qrupda iş şagirdlərə problemin birgə həll edilməsini öyrədir, hər kəsə fikrini sərbəst söyləmək və digərləri tərəfindən dinləmək imkanı yaradır. Bu iş forması digərlərinin mövqelərinə hörmətlə yanaşmağı, hər bir şagirdin təlim prosesinə cəlb olunmasını təmin edir. Bütün uşaqlara öz imkanlarını nümayiş etdirməyə şərait yaradır. Həm də bu iş forması müstəqil öyrənmə qabiliyyətlərinin inkişaf etdirilməsinə, təlimin fərdiləşdirilməsinə və şagirdin özünü tam mənada şəxsiyyət kimi hiss etməsinə imkan verir.
Hər birimiz yaxşı bilirik ki, şagirdlərin təlim fəaliyyətinin başlıca motivi maraqdır. Öyrənməyə maraq olanda dərsdə şagird daha fəal olur, mənimsəmənin keyfiyyəti yüksəlir. Şagirdlərin təlimə marağının inkişaf etdirilməsinin ən səmərəli metodlarından biri didaktik oyunlardır. Didaktik oyun özü ənənəvi təlimi inkişafedici və innovasion təlimə yaxınlaşdırır. Ona görə də mən dərslərimdə didaktik oyunlara da üstünlük verirəm. Belə oyunlar uşaqlarda narahatlıq, özünə inamsızlıq, ünsiyyət qurmaqda çətinlik çəkmək, qorxu, həyəcan kimi hisslərin aradan qaldırılmasına kömək edir, hamıya öz bacarıqlarını nümayiş etdirməyə şərait yaradır. Oyunda uşaqlar özlərini dəyişdirməyə, həyatda nail ola bilmədiklərini oyunun köməyi ilə reallaşdırmağa cəhd edir, oyunu özünümüdafiə vasitəsinə çevirir.
Yeni təlim metodlarından istifadənin üstünlüklərini gördüyümdən, bir müəllim kimi başqa forma və metodlardan da yeri gəldikcə istifadə edirəm. Bilirəm ki, XXI əsrdə işləyən müəllim ənənəvi tədrisi dəyişdirməli, öz üzərində daim işləməli, təhsildə innovasiyalarla işləməyi bacarmalıdır. İnanıram ki, milli kurikumla keçəcəyimiz dərslər daha səmərəli olacaq, şagirdlərimizin uğurları, bilik səviyyələri yüksələcək, Azərbaycan təhsilinin dünya ölkələrinin təhsil sisteminə inteqrasiya etməsinə nail olacaq, Azərbaycanın inkişafını və müstəqilliyini qoruyub saxlaya biləcək savadlı, istedadlı vətəndaşlar yetişdirəcək və formalaşdıracağıq.
Pərvanə Abbasova,
N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin biologiya müəllimi

Şərh Yaz