Kəndləri yaşlıların və uşaqların ümidinə buraxmayaq

Gəraybəyli və Eyyubbəyli kəndləri İsmayıllı rayonunun Gəraybəyli inzibati ərazi dairəsinə daxildir.
Arayış üçün bildirək ki, Gəraybəyli kəndi 128 evdən ibarət olmaqla, 752 nəfər sakinlə 172 təsərrüfatda cəmləşib. Eyyubbəyli nisbətən kiçik kənddir. Burada 26 təsərrüfat, 24 ev və 111 nəfər sakin vardır.
Gəraybəyli kənd tam orta məktəbində 125 nəfər şagird təhsil alır ki, bunlardan da 8 nəfəri Eyyubbəyli kəndinin payına düşür. İki kənddə ümumilikdə 112 nəfər təqaüdçü yaşayır.
Təkcə bu rəqəmlərə diqqət yetirmək yetərlidir ki, burada yaşayanların dünəni, bugünü və sabahı haqqında məlumatlı ola biləsən.
Buradakı əhalinin məşğuliyyəti əkinçilik və maldarlıqdır. Kənddə boya-başa çatmış gənclər iş axtarmaq adı ilə doğma torpaqdan, ev-eşikdən uzaqlaşırlar. Məsələyə bu cür yanaşma heç də ərazidəki problemləri həll etmir, əksinə onların sayını artırır və köklərini daha da dərinə aparır.
Bir neçə gün əvvəl İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bu kəndlərdəki sosial durumla yaxından tanışlıq üçün sakinlərlə görüş keçirib.
Kənd sakinləri Qaraməryəm-İsmayıllı yoluna asfalt örtük vurulmasına görə ölkə rəhbərliyinə minnətdarlıq ediblər. Bildiriblər ki, indi rayon mərkəzinə gedib-gəlmək olduqca rahatlaşıb.
İntensiv yağan yağışlar nəticəsində su yığılmasına meyilli olan əkin sahələrinin su altında qalması narahatlıq doğuran hal kimi qeyd olunub. Təmir olunmuş magistral yola suötürücü qurğuların qoyulmaması da oxşar mənzərələrin yaranmasına səbəb olur.
Sakinlər Girdiman çayının yatağına tökülən məişət tullantılarına görə də narahat olduqlarını söyləyiblər. Gəraybəli kəndində uşaq bağçasının, yeni məktəb binasının tikintisinə, daha bir elektrik transformatorunun quraşdırılmasına ehtiyac olduğu vurğulanıb.
Sakinləri diqqətlə dinləyən RİH başçısı M.Sadıqov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti idarələrin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Başçı kənd sakinlərinə daha işgüzar olmağı, gənclərə kənddə qalıb işləmələrini tövsiyə edib. Bildirib ki, gənclərin kəndləri tərk etmələri digər problemlərin meydana gəlməsinə səbəb olan başlıca amildir. Yaşlıların və uşaqların ixtiyarına buraxılmış kənddən abadlıq, inkişaf gözləmək əslində qeyri-adi bir haldır.
Ş.Soltanov

Şərh Yaz