Milli dəyərlərin dirçəliş günü

15 İyun – Milli Qurtuluş Günü, Ulu öndərin hakimiyyətə qayıdışı, həm də ölkəmizdə multikultural dəyərlərin dirçəlişi günüdür
Bu fikirlər YAP İsmayıllı rayon təşkilatının “Multikulturalizm ili” çərçivəsində Ruşan kənd orta məktəbində keçirdiyi tədbirdə səslənib.
Milli dəyərlərin dirçəliş günü
Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açıb. O bildirib ki, Azərbaycan hər zaman dünyada multikulturalizmin və tolerantlığın ən uğurlu modellərindən birinin bərqərar olduğu diyar sayılıb. Burada heç vaxt milli və dini zəmində ayrı-seçkilik, qarşıdurma baş verməmiş, qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli-mədəni, dini münasibətlər hökm sürüb. Bu gün isə Azərbaycanda etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm, tolerantlıq sahəsində əsrlərdən bəri toplanmış tarixi ənənənin daha da möhkəmlənməsinə yol açıb.
Mövzu ətrafında tarixi məqmlara çıxışında geniş yer ayıran natiq qeyd edib ki, Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, sosial-siyasi həyatda tərəqqinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi bir faktdır. Məhz bu illərdə Heydər Əliyev rəhbəri olduğu Azərbaycanın bütün məsulliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın etibarlı bünövrəsini yaratmışdır.
Ə.Vahabova müstəqil Azərbaycanın bugünkü uğurlarından danışaraq, tədbir iştirakçılarını mövcud inkişafa töhfələr verməyə səsləyib.
Milli dəyərlərin dirçəliş günü
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Ulu öndərin ideyalarını uğurla həyata keçirən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESCO və ISESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva bu sahədə ardıcıl və böyük işlər görür.
Tədbirdə Ruşan kənd tam orta məktəbinin direktoru Rəna Məmmədova, məktəbin müəllimləri Sahib Məmmədov, Sahil Əzimov, fəal gənclər Günel Məmmədova, Ayişə Şirinova çıxış ediblər. Onlar ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə tarixi qayıdışı ilə xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi vurğulayıblar. Bildiriblər ki, prezident İlham Əliyev multikulturalizmi “alternativi olmayan, gələcək inkişaf üçün ən məqbul variant” kimi dəyərləndirməsi təkcə Azərbaycanda deyil, müasir dünyada multikulturalizm meyillərinin gücləndirilməsinin vacibliyini təsdiqləyir.
Tədbirin sonunda Ulu öndərin azərbaycançılıq məfkurəsinin tərkib hissəsi olan multikultural dəyərlərin qorunması və inkişafı sahəsində ölkəmizdə qazanılan uğurları əks etdirən sənədli film və məktəb şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Ramid Qasımov

Şərh Yaz