50 illik ayrılığın hesabatı

Keçirdiyi maraqlı tədbirlərlə fərqlənən İ.Həsənov adına tam orta məktəb 55 illik fəaliyyətində son zəngin sədalarından duyğulanan məzunlarını bir araya toplayan növbəti tədbirin şahidi oldu. 50 il əvvəl – 1966-cı ildə məktəbə əlvida deyən məzunlar sıravi bir görüşə deyil, 50 illik ayrılığın hesabatını verməyə gəlmişdilər.
O gün məktəbin həyətində toplaşan məzunları məktəbin gənc direktoru Şahin Gənciyev, bir zaman dərs aldıqları müəllimlərdən yalnız bir nəfəri, tanınmış ziyalı, təcrübəli fizika müəllimi Xamis Ağayevi ayaqda gördülər. Respublikanın Əməkdar müəllimi Şəfaqət Rəsulov da bu sırada.
50 illik ayrılığın hesabatı
Üzlərdə təbəssüm, gözlərdə həyəcan, hərəkətlərdə çalışqanlıq vardı. Görüşün davamı Xamis müəllimin rəhbərlik etdiyi fizika kabinetində baş tutdu. Portretlər, cihazlar nə qədər tanış olsa da, yeniliklər göz qamaşdırirdı. Elektron lövhə, kompyuter, digər müasir dərs vəsaitləri böyük inkişafdan xəbər verirdi. Burada onları VII-C sinfini əlaçı şagirdləri qarşıladılar.
Dünyasını çoxdan dəyişmiş müəllimlərin rolunu bu şagirdlər oynamalı oldular. Şagirdlərdən kimi məktəb direktoru, kimi sinif rəhbəri, kimi isə fənn müəllimi idi. Məktəbli Ziya hazırladığı video-çarxı nümayiş etdirdi. Ardınca məktəblə görüşə gəlmiş məzunlara həsr olunmuş slayd təqdim olundu.Bütün bunlar məzunları hədsiz kövrəltdi. Ardınca Mövsümağa məktəb direktoru qismində gələnləri salamladı. Qonaqlara çiçəklər təqdim edildi. Görüşün qəmli notları yaşandı. Qara lent bağlanmış gül dəstələri ilə dünyasını dəyişmiş, bu gün partalarda yeri boş qalmış məzunlar xatırlandı. Hamı 50 il əvvəlki yerini tapıb oturmuşdu. Parta yoldaşı ilə bağlı xatirələr dilə gəldi. Sinif rəhbərini əvəz edən VII sinif şagirdi Rəmziyyə Ağazadə məzunların siyahısını oxuyaraq iştirakçıları müəyyənləşdirdi. İştirak etməyənlər barədə məlumatlar dinlənildi.
Məzunlar unudulmaz müəllimləri ilə bağlı xatirələrini danışdılar. Г‡oxdan ata-ana, nənə-baba statusu almış insanları birdən-birə məktəbliyə dönmüş halda görmək qəribə olmaqla yanaşı olduqca xoş idi.
Sonda çıxış edən Xamis müəllim şərəfli əməyin fəzilətindən, insan mənəviyyatının dəyərlərindən söz açdı. 45 illik iş təcrübəsi olan məzunlar bu söhbəti maraqla dinlədilər.
Uzun müddət məktəbə direktorluq etmiş Əməkdar müəllim Şəfaqət Rəsulov məzun qonaqlardan çoxunun həyat yoluna bələd olduğundan onlarla bağlı bəzi əhvalatları dilə gətirdi. Məktəbin, təhsilin, gələcək həyat üçün önəmini vurğuladı.
Sonda məktəbin direktoru Ş.Gənciyev 1 nömrəli məktəbin şərəfli keçmişindən, uğurlu bugünündən danışdı.
Məzunlar qazanılan nailiyyətlərdən qürur duydular, eşitdiklərini isə 50 illik ayrılığın hesabatı kimi dəyərləndirdilər, məktəblə daha sıx əlaqə saxlayacaqlarını vəd etdilər.
Surə Mehdiyeva,
məktəbin müəllimi

Şərh Yaz