Məktəb illəri

Onları, o illəri yaşamış hər kəs üçün unudulmaz olan qayğısız çağlar. O çağlar ki, nə qaytarmaq olur, nə də unutmaq. Sadəcə bir “A” hərfindən başlayıb dünyanın bütün möcüzələrinə doğru cığır açan həyatımızın bu anları illər keçdikcə daha çox xatırlanır, daha çox anılır. Arxada qalmış bir az həyəcanlı, bir az səksəkəli, bir az sevincli, qayğısız şən zarafat və gülüş dolu anları xatırladıqca ətrafda boy atıb böyüyən, məktəb yollarına izi düşən doğmalarını, yaxınlarını gördükcə o illər hər kəs üçün dünən olanar qədər yaxın olur: Amma nə qədər yaxına gəlsə də, o illərdən bizi 50 illik bir zaman ayırır. 50 il! Bir insan ömrü! Əsrin yarısı! Tarixin sayıla biləcək illəri…
Məktəb illəri
Elə oxuduğumuz məktəbin, yəni rayonun, nəyinki rayonun, hətta regionun ən qabaqcıl təhsil ocaqlarından biri kimi tanınan, bütövlüklə Azərbaycan təhsilinə şərəfli töhvələr verən, rayonun çoxsaylı ziyalı təbəqəsinin yetişməsində böyük rolu olan, hal-hazırki İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbin yeni tarixi demək olar ki, bu yaşdadır. Biz ümumilikdə İsmayıllı qəsəbə orta məktəbinin 23-cü tədris buraxılışı olsaq da, 55 yaşla indiki təhsil ocağının 4-cü təhsil buraxılışının məzunlarıyıq.
Elə burada da yenə o illərə qayıdırıq. Bu bina 60-cı illərin əvvəllərində rayonda istifadəyə verilmiş ilk 2 mərtəbəli bina idi. O illərin şagirdi üçün çox maraqlı bir məkan idi. Geniş dəhliz, işıqlı sinif otaqları, fənn kabinələri, kitabxana, yeməkxana, emalatxana, idman zalı, laboratoriyalar…
Bütün bunlar nəinki şagirdlər həmçinin rayon sakinləri üçün də, çox maraqlı idi. Eyni zamanda burada taəhsil almaq, işləmək, uşaq oxutmaq, böyük məsuliyyət idi. Respublikanın tanınmış pedaqoqu İ.Həsənovun rəhbərlik etdiyi, say-seçmə müəllimlərin dərs dediyi bir məktəbdə təhsil almaq, uşaq oxutmaq o qədər də asan deyildi. Lakin hələ aşağı siniflərdən bilik göstəriciləri yüksək olan kollektivimizi məktəbin sərt qanunları qorxutmurdu, yormurdu. Г‡ünki güclü rəqabət, oxumaq həvəsi, daha çox biliklər əldə etmək iddiası bizi məktəbin yaxşı siniflərindən birinə çevirdi.
Sinifimizin çox geniş coğrafiyası vardı. Şagirdlərin əksəriyyəti ayrı-ayrı ünvanlardan gəlmişdi. Topçu, Qurbanəfəndi, Buynuz, Qalınçaq, Yeniyol, Təzəkənd, Cülyan, Mican, Yuxarı Cülyan, Zərvava və başqa kəndlərdən gələn, rayon mərkəzində yerləşən 8 illik məktəbləri bitirən əlaçı şagirdlərin toplandığı bu sinifdə güclü rəqabət, oxumaq həvəsi, daha çox bilik əldə etmək iddiası bizi daha sıx birləşdirirdi, ev üçün, ailə üçün darıxmağa qoymurdu. Ailələrindən ayrı düşmüş bu uşaqların bir azı qohumlarının evində, bir azı isə məktəbin həyətindəki köhnə binanın bir hissəsində uyğunlaşdırılmış internatda qalırdı. 1-2 sınıq stoldan, köhnə dəmir çarpayılardan ibarət olan bu soyuq otaqlardan məktəbə gələn şagirdlərdəki oxumaq həvəsini heç bir çətinlik azaltmırdı. Bir də ki, tələbkar müəllimlərin zəhmi- Hacalı müəllimin, Rəfi müəllimin, Cavad müəllimin, Solmaz müəllimin o dövrün müəllimlərinə xas olan bütün xarakterləri bizim formalaşmağımızda, davranış və təhsilimizdə öz dərin izini qoymuşdur.
Sinif rəhbərimiz Həkim müəllim idi. Azərbaycan dili və ədəbiyyat müəllimimiz Abdulhəkim Rüstəmov!
İndi bizə dərs demiş bu say-seçmə müəllimlərin hamısı haqq dünyasındadır. Ruhları şad olsun! O illər isə 50 ilin üzündə qaldı.
Bu günümüzdən fərqli olaraq təmtəraqlı məclis qurulmadan, hər cür təntənədən uzaq, təbriksiz, hədiyyəsiz… Sadəcə məktəbi bitirdik, atestatımızı verdilər və bizi sərbəst həyata yola saldılar.
29 oğlan və 4 qızın təhsil aldığı 10-cu “a” sinifinin şagirdlərinin əksəriyyəti əla və yaxşı qiymətlərlə məktəbi bitirdiyi üçün sənəd verilmiş 25 şagirdin 18 nəfəri ali məktəblərə, 5 nəfəri texnikumlara qəbul olundu. Özü də sinif otaqlarında, parta arxasında, bütün siniflə birlikdə qazandıqları biliklər sayəsində…
Sonrakı illərdə yolların ayrılığı, talelərin müxtəlifliyi, zamanın gərdişi kollektivi parçalamadı. Qarşılıqlı hörmət, sədaqət yol yoldaşımız oldu. Olub ki, illərlə bir-birimizi görməmişik. Ancaq keçmiş kollektivin etibarlı ənənələri yaşamaqdadır.
Bir neçə il keçdikdən sonra bu məzunlar doğma İsmayıllıya mühəndis, iqtisadçı, müəllim kimi qayıtdılar. Г‡oxları da öz doğma kəndlərinə döndü. Ali təhsilliləri barmaqla sayılacaq kəndlərimizdə onlara böyük ehtiyac vardı. Bir müddətdən sonra bu təhsilli məzunların çoxu məktəb rəhbərliyinə, təsərrüfat, inzibati və təşkilati işlərinə irəli çəkildi. Həqiqətən, hamısı yaxşı valideyin oldu, fərəhli oğul oldu, gərəkli ziyalı oldu, indi isə el ağsaqqalı kimi tanınırlar. Ali təhsili olmayan məzunlar da sadə peşələri, məşqul olduqları sənətləri ilə fərqlənə bildilər. Məktəbdə əla qiymətlərlə oxusalar da təhsilini davam etdirə bilməyən qızlarımız vardı ki, indi onlar savadlı, tərbiyəli, nümunə göstəriləcək övladların anası kimi başı uca gəzirlər. Amma kollektivimizin yarpaq tökümü də çox tez başladı. Mədəni, sakit, səmimi, mehriban Cavanşiri, Avtandili, Mahiri, Xalıqı, Vəkili çox tez itirdik. Bu gün adlarını hüzün və ehtiramla çəkdiyimiz sinif yoldaşlarımıza “ruhunuz şad olsun” deyir, Allahdan rəhmət diləyirik. Biz isə yaşayırıq… Bu gün bir yerə toplana bildiyimiz üçün Allahımıza şükür edirik. Arxada qoyub gəldiyimiz cavanlığımızı boş yerə sovurmadığımız üçün özümüzü xoşbəxt sayırıq.
O cavanlığın ki, bir azı sovet qanunlarına, ənənələrinə sadağa oldu, sənətimizlə bərabər, təsərrüfat işləri, peşəmizə uyğun olmayan həyat tərzi qismətimizə düşdü. Ölkədə və cəmiyyətdə baş verənlər hamımızın boyun yükü oldu. Bu yükü bir ziyalı, bir ailə başcısı, bir vətəndaş kimi daşımaq isə ömrümüzün ən məsuliyyətli və ən gərəkli illərinə düşdü.
Məktəb illəri
Ölkəmiz uğrunda gedən çətin mübarizə. Bu yolda xalqımızın qismətinə düşən terrorlar, münaqişələr, vətəndaş qarşıdurmaları, torpaq itkisi, şəhid soraqları hər birimizin hayatından, yaşından, düşüncəsindən keçdi. Qazandığımız müstəqillik adlı bir töhfənin sevincini yaşadıqca hər birimizin işləmək, yaşamaq, azad düşünmək imkanlarımızı da pöhrələndirdi. Hansı sahədə çalışmalarından aslı olmayaraq bu məzunlar kəndinə, elinə, obasına, kollektivinə və qoynunda boy atdığı məktəbinə baş ucalığı gətirdi.
Əməkdar müəllim , SSRİ Maarif Əlaçısı, Qabaqcıl təhsil işçisi, Fəxri fərmanlar, Fəxri diplomlar onların keçib gəldiyi ömür yoluna işıq saçdı. Bu işıq doğma İsmayıllımızın inkişaf yollarına işıq saldı. Hər gün yeniləşən, tərəqqi edən rayonumuzun keçib gəliyi yollarda izi olan məzunlar arxada qoyduğu illərə əsla heyfslənmir. Yaşamağa dəyər.
Mirvari Musayeva,
Səlahəddin Mirzəyev

Şərh Yaz