Deyilən söz yadigardır

Həmyerlimiz, Azərbaycan Yazıçılar Birliyinin və AJB-nin üzvü Məmməd Mirzə Rzayev rayonumuzun kəndlərinin tarixi ilə bağlı yeni kitab üzərində işləyir. Kitabdakı yazılaın bir qismi 1979-cu ildə “Zəhmətkeş” qəzetinin iyirmi nömrəsində “Yol gedər sizə, dağlar” başlığı altında silsilə məqalələr şəklində dərc olunmuş və oxucuların böyük marağına səbəb olmuşdu. Həmin kitabdan fraqmentləri oxuculara təqdm edirik.
Deyilən söz yadigardır
1. Qədrinizi bilmədik

Ay qocalar, ulullar,
Nə hayıf ki, biz sizin
Qədrinizi bilmədik!..
Qocaman dağlar kimi
Bu dünyada var ikən
Yanınıza hərdənbir
Ziyarətə gəlmədik…
Qovğaların hisindən
Quruyub qaxac olmuş
Sinənizdə uyuyan
Hikmətləri, sirləri
Soruşmadıq, bilmədik…
Gözübağlı, sərgərdan
Г‡aşıb qaldıq meydanda.
Sizdən bizə uzanan
Yolu, izi bilmədik.
Nə hayıf ki, biz sizin
Qədrinizi bilmədik!..
Siz dünyada var ikən
Ziyarətə gəlmədik,
Soruşmadıq, bilmədik…
Qədimlərdə deyildiyi kimi, yuxarıda “zikr olunan” misraları şeir adlandırmaq iddiasından uzağam. Lakin bu misralarda ifadə olunmuş təəssüf hisslərini mən dönə-dönə, bəlkə də sonsuz sayda yaşamışam. İlk dəfə, xalq nağıllarının, ümumən, folklorun dərin bilicisi sayılan Xanxanım xalam rəhmətə gedəndə ürəyimdən keçib bu yanqılı təəssüf hissləri. Həm də təkcə soruşub öyrənmədiyimçün yox. O, bəlkə də, bütün “xəzinəsini” mənim üçün boşaltmışdı. Amma uşaq idim. Bir kəlmə də yazıb götürməmişdim. İkinci dəfə bu hissləri 105 ildən çox ömür sürmüş ana babam dünyadan köçəndə yaşadım. Sonra ata babamın dayısı –“ 120-ə yaxın yaşlarında dünyasını dəyişən Ələsgər baba, şair-sinədəftər söz ustası, 100 ildən çox ömür sürmüş Üzeyir kişi və kəndimizin uzunömürlü ağsaqqalı, böyükdən-kiçiyə hamının “Əmi” – deyə çağırdığı Baladadaş kişi dünyalarını dəyişəndə bu təəssüf hissləri ürəyimi göynədib. Bu kişilər də görüb-götürdüklərindən çox şey danışmışdılar mənə. Amma onların söylədiklərindən də heç bir şey yazıb götürməmişdim.
Kəndimizin söz bilicisi, canlı tarixi və ən hörmətli ağbirçəyi Güllüxanım nənə dünyasını dəyişəndə yenə bu hissləri yaşadım. Onun adət və mərasimlərimiz haqqındakı təxminən yarım saatlıq söhbətini qələmə alaraq qəzetdə dərc etdirmişdim. Amma bu da təsəlli ola bilməzdi. Onun bildiklərini yazıb götürmək üçün saatlar yox, günlər, həftələr lazım idi.
Mərhum Aşıq Şamil hələ heç kim tərəfındən yazıya alınmamış neçə-neçə nağılı, dastanı özü ilə birlikdə Haqq dərgahına aparanda ürəyimdən dərin bir fəryad qopdu–¦
Ağlayıram gözümdə yaş
için-için –“
babaların özü ilə
bir qəbirdə dəfn olunmuş
söz sərvətim –“ xəzinlər,
sizin üçün–¦
Beləcə, yaş yetirmiş hər el ağsaqqalı, ağbirçəyi dünyasını dəyişəndə bu hissləri təkrar-təkrar yaşamışam. Bu təəssüflər heç də Allahın onlar üçün ayırdığı ömür payının sona çatdığına görə deyildi. Ölüm Allah əmridir. Həmin ağsaqqal və ağbirçəklər onsuz da bu dünyada bir çoxlarına nəsib olmayacaq qədər ömür sürərək dünyalarını dəyişmişdilər. Lakin onların hər biri tariximizin, söz xəzinəmizin bir zərrəsini özü ilə aparır ki, bu sərvətləri biz əmanət kimi alıb saxlaya bilərdik və saxlamalı idik. Nə hayıf ki, biz bunu etmədik və bu gün də etmirik!..

2. Bir türkünün sorağıyla

Bir səhər şəhərarası avtobusla işə gedirdim. İrəlidə təxminən bir-birinə yaşıd olan iki qocanın nə barədəsə yarızarafat-yarıgerçək mübahisə etdiyini qulağım aldı. Təbii maraq hissi məni onlara yaxınlaşdırdı. Məlum oldu ki, mübahisə yaş üstündədir. Avtobusdakı yer azlığından ayaq üstə duranların əksəriyyəti onların ətrafına yığışmışdı. Mən yaxınlaşanda qocalardan biri əzbərdən uzun bir şleir söyləyib:
– Bu mahnını bilirsənmi? – deyə müsahibindən soruşdu.
Digər ağsaqqal başını təmkinlə sağa-sola yelləməkiə anlatdı ki, şeir yadında deyil. Şeir söyləyən qoca:
– Hə, bax, sən o yaşda olsaydın, mütləq bu mahnını əzbər bilərdin, – derdi.
Əlbəttə, şeir öyrənib yadda saxlamaq yaşdan savayı, həm də yaddaşla bağlıdır. Bunu onların hər ikisi yaxşı başa düşürdü. Yuxarıda dediyim kimi, bu söhbət mübahisədən çox iki həmyaşıdın zarafatına bənzəyirdi.
Şəhərimiz o qədər də böyük olmadığından, təbii ki, adamların əksəriyyəti bir-birini tanıyır. Mən də hər iki qocanı üzdən tanıyırdım və tez-tez rastlaşırdıq, amma adlarını bilmirdim. Qocadan şeiri soruşub yazmaq istəyirdim. Ancaq avtobus basabasında bu, mümkün deyildi. Yaxın günlərdə onunla rastlaşmaq ümidilə avtobusdan düşüb getdim.

3. Əsrin yaşıdı

Əhvalatdan bir neçə gün keçmiş onunla küçədə rastlaşdıq. Salamlaşıb görüşdükdən sonra birbaşa mətləbə keçdim. Bir neçə gün əvvəl avtobusda söylədiyi türkünü yazıb götürmək istədiyimi bildirdim. O, çox həvəslə razılıq verdi və ertəsi günü sözləşdiyimiz vaxtda artıq redaksiyada idi. Kişi gözlədiyimdən də artıq söhbətcil imiş. İlk sualımı verən kimi dedi:
– Yaz, Beybudov Güləhməd Həmid olğlu. Əslən Quşencə kəndindənəm. Atam rəhmətə gədəndə uşaq idim. 14-cü ildə anamı Qalınçağa ərə verdilər. Daha doğrusu, əmim satdı onu bir neçə batman arpaya. Onda 8-9 yaşım olardı. Mən də anamla birlikdə atalığımgilə getdim. Böyük qardaşım Səmid kənddə olurdu. Sonradan German müharibəsinə getdi, gəlmədi. Ondan balaca qardaşım Beybud Aşağıbaşda Şıxlarda (yəni, Şıx nəslindən olanların malikanəsində – M.M.) nökər idi.
18-ci ildə ermənilər gələndə qaçaqaç düşdü. Quşencədə heç kim qalmamışdı. Evləri də ermənilər yandırmışdı. Həmin günlərdə qardaşım Beybud da Aşağıbaşdan yanımıza – Qalınçağa qayıtmışdı.
Göytəpənin bəri tərəfınə bizlərdə Qarapaça deyirlər. Yaxşı yadımdadı, mən kəl arabası ilə Qarapaçadan odun gətirirdim. Deyim də, ilin nə vaxtı idi: Kürdmaşı tərəflərdə arpa sütül olmuşdu. Yadımidadır ki, uşaqlar arabir özlərini əkinə verib, sütül yığıb qovurardılar. Hə, araba ilə kəndə yetişər-yetişməz gördüm ayağı yer tutan qaçır. Onda mal-qaramız çox idi. Yadıma gəlir ki, elə 16 baş camışımız vardı. Qaçaqaç düşməzdən əvvəl mal-qaranı ögey qardaşım sürüb dağa aparmışdı. Məni elə tələsdirdilər ki, kəlləri arabadan açmağa da macal tapmadım. Axırıncı dəfə Təpəl-çamxur və Laçın adlı kəllərimizin başlarına sığal çəkib ağladım. Kəlləri sürüb aparmağa vaxt yox idi. Söz yayıldı ki, ermənilər kəndə girib. Bağarası dağa tərəf qaçmağa başladıq. Axşamüstü gəlib Xənəyənin üstündə Qalabatay adlanan yerə çatdıq. Hələlik orada qalası olduq. Bilmirdik axırımız necə olacaqdı. Acqarına bu dağda-daşda necə yaşayacaqdıq? Xəbər gəldi ki, ermənilər İsmayıllıdan, Qalınçaqdan keçib Qalacıq tərəfə gedirlər. Sığınacağımız Qalacığa gedən yola yaxın idi. Xilas olmağa güman yerimiz yox idi.
İvanovka tərəfdən top gurultuları eşidilirdi. Dedik ki, bu gavurlar gəlib burada da axırımıza çıxacaqlar. Sən demə, atan türklərmiş. Top səsindən qorxuya düşən ermənilər elə Xənəyənin altından qayıdıb qaçırlar. Bir neçə gündən sonra xəbər gəldi ki, qayıdın gedin evlərinizə, erməniləri türklər qovub. Kənddən çıxdığımızdan düz 10 gün sonra qayıtdıq evimizə. Kənddəki evlərdə hər nə qalmışdısa, ermənilər hamısını yığışdırıb aparmışdılar. Araba da, boyunduruq altında qalmış kəllərimiz də yoxa çıxmışdı.
Türklər qayda-qanun yaratdılar, sonra çıxıb getdilər. Bir ara sakitlik oldu. Ermənilər elə bilirdilər ki, türklər hamını silahlandırıb. Ona görə də Sovet gələn kimi ev-ev gəzib silah axtarırdılar. Hər kimdə lap köhnədənqalma cır tüfəng də vardısa, alıb apardılar. Qalınçaqdakı tüfəngləri də yığandan sonra iki arabaya yüklədilər. Bizim dörd camışımız boyunduruğa öyrəşmişdi. Camışları qoşduq arabalara. Üstünə heyvanlar üçün ot-ələf də yükləyib yola düşdük. Gecə Qaraməryəmdə qaldıq. Karvansarada heyvanları rahatlayıb yemlədik. Səhər obaşdan qalxıb yolumuza davam elədik. Tüfənglər Ağsuda təhvil verilməli idi.

4. Alagöz kəl tapıldı

Ağsuda idarənin qabağında heç bilirsən nə hadisə baş verdi?! Tüfəngləri təzəcə təhvil verib geri qayıtmağa hazırlaşırdıq ki, gördüm bir az aralıda Təpəl-çamxur alagöz kəlim bir başqa arabada boyunduruq altındadır. Elə iki ağız “Təpəl, Təpəl!” çağırmağıma bənd imiş. Təpəl anqıra-anqıra o biri tay kəli də, arabanı da sürüyüb düz üstümə gəldi. Zarafat döyül ha, iki ildə məni yaddan çıxarmamışdı. Amma o biri kəl özgəninki idi. Laçın kəlimiz o gedən getdi, tapılmadı. Kəli boyunduruqdan açıb, arabanın dalına bağladım. Təzə “yiyəsi” hardansa gəlib çıxdı. Bir səs-küy qopartı ki, gəl görəsən! İdarənin qabağında nə qədər adam vardısa, yığışdı başımıza. Təpəl əllərimi iyləyir, başını üstümə sürtürdü. Adamlar da kəlin bu mehribanlığını görəndə köyrəldilər. Hamı bir ağızdan dedi ki, kor-kor, gör-gör, kəl bu oğlanındı. Götürüb gəldim. Hə, belə-belə işlər, qardaşoğlu…

5. Azərbaycan əsgəri

– Güləhməd əmi, – dedim, – əsas məsələ qaldı axı…
– Nə məsələdi elə? – kişi bir balaca duruxdu.
– Ogünkü şeiri söylə, səni ondan ötrü çağırmışam.
– Hə, ay sağ olmuş, mahnını deyirsən, deyim də. Onda ki türklər erməniləri qaytarıb qovmuşdular. Əsgərlər bir ara bizim yerlərdə olduldar. Əsgərlərimiz dəstə ilə sağa-sola addımladıqca o mahnını oxuyardular. Biz də onlarla dost olmuşduq. Bizim yaşda olan uşaqların hamısı əzbərləmişdi o mahnını. Deyim, yaz.
Güləhməd kişi boğazını arıtlayıb həmin marşı ahəngi ilə ucadan oxumağa başladı:
Bombalar partlar,
Toplar guruldar,
Haydı, əsgərlər,
Haydı, irəli!
Haydı, əsgərlər,
Şərqə gedəlim!
Şərqin elləri
Fəryad eyləyir;
Bizdən hər zaman
İmdad gözləyir.
Yol ver bizə,
Kaspi dənizi!
Biz Bakıya
Varacayız.
Ana Vətən,
Qızıl topraq,
Əyməz başın
Bu bizim bayraq.
Bayrağımızın
Rəngi yaşıl.
Qoşun gəlir,
Aşıb-daşır.
Komanda verin,
Silah alınsın;
Düşmən cəbhəsi
Bu gün alınsın.
Haydı, irəli!
Marş, irəli!
Dönməz geri
Azərbaycan əsgəri!

6. Qırmızı kabusun qorxusu nə yaman olurmuş…

Güləhməd kişidən sonrakı taleyi barədə də soruşdum. Məlum oldu ki, o, sovet-alman müharibəsində də iştirak edib. Bir ara əsirlikdə olub. Əsirlikdən xilas olduqdan sonra başı bir çox macəralar çəkib. Hiss olunurdu ki, həyatının bu dövrü ilə bağlı onun ürəyində çox maraqlı bir hekayət yatıb qalır. Amma nə qədər çalışdımsa, o, alman əsirliyində keçirdiyi günlər barədə bir kəlmə də danışmadı ki, danışmadı. Bilmirəm o necə xofdur ki, hətta Sovetin yıxılmağından dörd il sonra da onun dilinin açılmasına mane olurdu. Kim bilir, bəlkə Güləhməd kişi nə vaxtsa fıkrini dəyişəcək və o maraqlı tarixçənin də sirrini bizə açacaq…
“Cavanşir yurdu”, 1995 в„– 12.
Sözardı: Bu yazı qəzetdə dərc olunandan bir neçə il sonra da Güləhməd kişi ömür sürdü. Hər dəfə rastlaşanda ondan həyatının bu naməlum səhifəsi barədə danışmağı təkidlə xahiş edirdim. Və hər dəfə də o, sirli bir şəkildə gülümsəyərək, “qoy qalsın” deyirdi. Güləhməd kişinin son mənzilə yola salındığı dəfn mərasimində mən də iştirak edirdim. Onun söylədiklərini minnətdarlıqla xatırlayıb ruhuna dualar oxuduqca, söyləmək istəmədikləri üçün keçirdiyim təəssüf hissi də məndən əl çəkmirdi…

Şərh Yaz