Gülüşü kədərli. . .

Ötən günlər bizi əbədiyyətə yaxınlaşdırır. Fərqinə varmırıq. Ad günümüzü təbrik edirlər. Təbrikə görə sevinir, təşəkkür edirik. Yaş üstünə yaş gəldikcə, qocaldığımızı hiss etmirik. Qocalıq isə özü ilə hamıya sevinc və ucalıq gətirmir. Uzun illər birgə işlədiyin insanlardan, doğma kollektivdən təqaüd adı ilə uzaqlaşırsan. Bir müddət sonra yaxın və doğmalarından savayı, hətta, dost adlananlar da, gəncliyini və biliyini sərf etdiyin, doğma sandığın iş kollektivi də səni yavaş-yavaş unudur və sən bir növ kimsəsizləşirsən. Sanki unudulursan. Gülüşü kədərli. . .
Unutqanlıq isə böyük bəladır. Bu, bizim canımızda, qanımızdadır. Yəqin ki, belə olmasaydı Vətənimizi beş yerə bölməyə heç kəsin hünəri də olmazdı. Yurdumuzun suyu və çörəyi ilə böyüyən nahkorlar indi bu ölkənin ürəyini – Qarabağı işğal altında saxlayır. İllərlə saldığımız yurd-yuva, tikdiklərimiz ev-eşik həsrət dağına dönüb. Vətəndə Vətənə gedə bilmirik. Bir zamanlar Araz qırağından o taya baxardıq, indi də təmas xəttindən yetim qalan yurdumuza, bizimçün qəribsəmiş obalara baxıb için-için yanırıq, qovruluruq. Г‡ünki, erməninin kim olduğunu unutmuşduq. Hərdən elə özümüzü də unuduruq. Nədənsə, niyəsini də bilmirik…
Orta məktəbi bitirdiyimdən yarım əsr ötür. Amma bu gün də unutmadığım, hər an xatırladığım müəllimlərimi, onların özəlliklərini, qayğılarını, nurlu simalarını yada salıram. Onların səslərini eşidirəm, baxışlarını duyur, nəsihətlərini dinləyirəm. Və hərdən elə bilirəm ki, onlardan yoxdur və olmayacaq da. Onlar mənim müqəddəslərimdir…
Onu İsmayıllıya, bu dağların qoynuna taleyi gətirmişdi. Heç xəyalına gəlməzdi, yuxularında da görməzdi bu yerləri. Qızın bəxti çöldən, çörəyi eldən gələr, – deyiblər. Beləcə, taleyi onu da şəhərdən kəndə gətirdi. İstəsə də, istəməsə də burada yaşadı, işlədi və …
Xədicə Dövlət qızı Abidova 1927-ci ildə Bakıda fəhlə ailəsində anadan olmuş, məktəb yaşı çatdıqda yaşıdları kimi birinci sinifə getmişdi. Elə ilk gündən dərslərini əla oxumağa, tapşırıqlara düzgün əməl etməyə çalışan balaca Xədicə tezliklə müəlliminin, sinif yoldaşlarının və məktəbin sevimlisi olmuşdu… Valideynlərinə ürək dolusu sevinc bəxş edən, gündən-günə daha çox çalışan bu balaca qızcığaz səkkizinci sinifi əla qiymətlərlə bitirir. Г‡alışqanlığını, elmə həvəs və marağını nəzərə alan məktəb rəhbərliyi o zaman təhsilli və savadlı qızlara ciddi ehtiyac olduğuna görə onu pedaqoji texnikuma göndərir. Xədicə texnikumda yüksək bacarıq və bilik nümayiş etdirərək hamının rəğbətini qazanır. Müəllimlərdən eşitdiklərini, kitablardan oxuduqlarını əbədi olaraq yaddaşına həkk edir, dəyərli məsləhət və nümunələri sırğa edib qulaqlarından asır.Texnikumu əla qiymətlərlə bitirdiyinə görə o imtahansız Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olunur…
Gənc Xədicənin qarşısında geniş üfüqlər açılmışdı. Xəyallarında yaşatdığı, arzusunda olduğu elm ocağında idi. Г‡oxlarının həsrətində olduğu ali məktəbdə oxuyacaq Xədicə. Ondan-bundan eşitdiyi xalq nağılı və dastanlarının, bayatı və laylaların, dilimizin incəliklərini, tarixini öyrənib mənimsəyəcəkdi. Uçmağa qanadı yox idi. Evdəkilərin də sevinci yerə-göyə sığmırdı. Xədicə ali məktəb tələbəsi idi. Qayğı, sevinc və axtarışlar içində ötən tələbəlik həyatı sanki bir göz qırpımında sona yetdi. İndi qarşıda böyük amallar, arzu və sərbəst həyat dururdu. Harada işləyəcək? Kimlərlə qarşılaşacaq? Necə qarşılanacaq? İlk dəfə əlinə jurnal alıb sinifə müəllim kimi girəcək. Ötən illər ərzində oxuyub öyrəndiklərini şagirdlərinə öyrədəcək. Özü də necə…
Qismət onu İsmayıllıya, qədim sənətkarlar yurdu Lahıca gətirib çıxartdı. 1949-cu il idi. Qaranohura çatanda elə bilir ki, bura Lahıcdır. Bir az sonra karvadarlardan birinin atının belində Lahıca gəlir. Qəsəbəyə çatanda lap məəttəl qalır. Sanki birdən-birə arxada qalmış yüzilliklərə qayıdır. Açıq səma altında orta əsrlər şəhəri, canlı muzey… Girdimanın nərəsi, misgər və dəmirçilərin çəkic və zindanlarından qopan aramsız sədalar onu ovsunlayır. İlk dəfə qəsəbənin baş küçəsi ilə yavaş addımlarla məktəbə gedir. Burada onu çox səmimi qarşılayırlar. Sən demə, məktəbin yaxınlığında Bakıdan gələn müəllimə üçün ev də hazırlayıblar. Kollektivə tez isnişən Xədicə öz bilik və bacarığını sevimli şagirdlərindən əsirgəmirdi…
İki il idi ki, işləyirdi. Məktəbdə ibtidai sinif müəllimi işləyən Nəcəf Nəcəfovla ailə qurur və tezliklə rayon mərkəzinə köçürlər. İsmayıllı şəhər 1 nömrəli orta məktəbində təxminən 45 il Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. İki oğul və dörd qız anası olur. Böyük oğlu Nizami orta ixtisas təhsillidir. Nəvai gənc yaşında dünyasını dəyişib. Böyük qızı Şəfəq ali təhsilli uşaq həkimidir. Ortancıl qızı Nüşabə isə Cülyan kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyir. Afaq kooperatordur. Sonbeşik Məlahət isə 2 saylı Bakı Tibb Texnikumunu bitirib, Rayon Mərkəzi Xəstəxanasının laboratoriyasında işləyir.
Xədicə müəllimə qayğıkeş ana olduğu kimi, həm də ixtisasını dərindən bilən müəllim idi. Hər il məktəblərə qəbul zamanı onun dərs dediyi şagirdlər yüksək qiymət alırdılar. Məktəbdə keçirilən tədbirlərdə onun şagirdləri daha fəal olurdular. Dərslərini günün tələbləri səviyyəsində qurar, təlimin texniki vasitələrindən səmərəli istifadə edərdi. Г‡alışardı ki, onun şagirdləri ifadəli şeir oxusunlar. Savadlı inşa yazsınlar. Şagird təfəkkürünün imkişafına ciddi fikir verərdi.
Başlanğıcda unutqanlıqdan demişdim…
1998-ci ilin mart ayı idi. Uşaq Yaradıcılıq Mərkəzinin iş planına uyğun olaraq 8 Mart –“ Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Analı dünyam mənim” adlı ədəbi-bədii görüş keçirmək istəyirdik. Qərara gəldik ki, bu görüşə yaşlı, təqaüddə olan qadın müəllimlərimizi dəvət edək.
Kollektivimizin səyi ilə birinci mərtəbənin dəhlizində qadınlarımızı çay süfrəsinə qonaq etdik. Səhər saatlarında dəvət etdiyimiz qonaqlarımız və təqaüddə olan müəllimlərimiz gəlib çıxdılar. Təqaüdə çıxandan bəri biri-birini görməyən bu müəllimlərin sevinci, qucaqlaşıb göz yaşları axıtmaları indi də yadımdan çıxmır. Dediklərinə görə neçə illər idi ki, onları heç kim yada salmamışdı. Bu bizim ilk belə görüşümüzdür, – dedilər. Onların bu görüşlərini izləməyə ürək lazım idi. Burada kimlər yox idi?
Bir vaxtlar rayon Komsomol Komitəsinin katibi işləmiş Siyahsoltan Ağayeva, uzun illər pionerlər evinə rəhbərlik etmiş Həcər İsmayılova, coğrafiya müəllimi Zərifə Məmmədova, uşaq həkimi Aliyə Sadıqbəyova, sinif müəllimləri Qureyiş Mikayılova, Əsli Yusifova, müəllimlər Səkinə Məmmədova, Firəngiz Kəbirova, Rəqibə Əliyeva, Sona Qocayeva, uşaq həkimi Məhruzə Hüseynova, Təhsil şöbəsinin qadın metodistləri.
Xədicə müəllimə də qonaqların arasında idi. Qızı ilə gəlmişdi. Xəstə olduğunu bilirdim. Ancaq, bir gün qabaq evlərinə gedib tədbirə dəvət etmişdim. Yataqda olsa da, gələcəyinə söz verdi və gəldi. Görüşdən sonra onu yola salarkən ayaqüstü bir qədər söhbət etdik. Həmişə ciddi, qaşqabaqlı və bəzən də acıqlı görünən bu boylu-buxunlu qadın kövrəlmişdi. Canındakı ağrı-acılara baxmayaraq, gülümsündü. Gülüşündə də kədər var idi. Qışda bəzəkli, güllü şal, yayda isə başına ağ və soğanı rəngli kəlağayı örtən bu qadın uzun illər köksünün altında kədərini, nisgilini, örpəyinin altında isə şagirdlərinin sinif dəftərlərini gəzdirib. Biz isə elə bilirdik ki, Xədicə müəllimə şalının altında təkcə dəftərləri gizlədir.
O, 18 mart 1976-cı ildə Azərbaycan SSR Maarif Nazirliyinin 67 saylı qərarına əsasən “Qabaqcıl Maarif Xadimi” döş nişanı ilə, 31 mart 1982-ci ildə isə “Əmək veteranı” medalı ilə təltif edilmişdir.
Ömrünün qırx beş ilini təhsilimizin uğurlarına sərf edən, yorulmadan dilimizin incəliklərini və ədəbiyyatımızı tədris edən bu qayğıkeş insan 2008-ci ilin aprel ayının 7-də gözlərini əbədi yumdu.
Qəbri şəhər qəbristanlığındadır. Ruhu şad olsun.
Gülüşü kədərli. . .
Xalıq Xalıqov

Şərh Yaz