Fantastika və həqiqətlər

Fantastik əsərləri kim sevmir? Bizə ancaq xəyalı görünən, təfəkkürümüz çərçivəsində yerləşən bir çox hadisələr bu əsərlərdə öz əksini tapır. Bəlkə elə bu əsərlərdəki qəhrəmanların ideyaları, hadisələr bir zaman həqiqətə çevriləcək, insan kainatda öz həmkarlarını tapacaq, əlaqə saxlayacaq, birlikdə çalışacaqlar? Yaxud, elə yaxın gələcəkdə alimlərimiz indi fantastik sayılan cihazların ixtiraçıları, hadisələrin iştirakçıları olacaqlar? Axı bir vaxt nağıllarda söylənilən uçan xalçalar, danışan sandıqlar elə bizim təyyarələrimiz, radio qəbuledicilərimiz deyilmi?..
Fantastika və həqiqətlər
İnsanların aya uçması, süni peyklərin yer ətrafında fırlanması, yaxud, başqa planetlərlə rabitə də bir vaxt insanlar üçün fantastika idi.
Son 20 ildə İK avadanlıqları məişətimizə mükəmməl şəkildə daxil olmuşdur. Sanki yer kürəsi balacalaşmış, istənilən anda əlimizi dünyanın ən uzaq nöqtələrinə uzada bilirik. Sosial şəbəkələr bacarıqlı adamların işgörmə qabiliyyətini daha da yaxşılaşdırmış, kəşflərin istehsalata tətbiqinə geniş meydan açılmışdır. Görüntülü rabitə və internetin digər çoxsaylı imkanları 30 il bundan əvvəl ancaq xəyallarımızın məhsulu ola bilərdi
Bu baxımdan fantastikanı biz gələcəyin həqiqətləri adlandıra bilərik. Elm və texnikanın bugünkü sürətli inkişafı fantastik düşüncələr ilə uyğun real hadisələr arasından vaxtı xeyli qısaltmışdır.
Yerin fırlanmasını və kainatda yerini müəyyənləşdirmək üçün insanlara min illərlə, təbiət elmlərinin əsasasını qoymaq üçün bir neçə yüz illər vaxt lazım olmuşdusa, iyirminci əsrdə kəşf edilən bir çox qanunlarla onların əməli tətbiqləri arasında cəmi bir neçə il vaxt lazım olmuşdur.
Bu baxımdan sovet politoloqu və yazıçısı İ.Yefremovun “Dumanlı Andromeda” elmi fantastik romanı üçün müəllif qeydində oxuyuruq:
…“ bu romanın ilk nəşri hələ jurnalda qurtarmamış süni peyklər artıq planetimizin ətrafında dövrə vurmağa başladılar… əvvəllər mənə elə gəlirdi ki, planetin və həyatın azacıq dəyişikliklərini həyata keçirmək üçün azı üç min il lazımdır… mən romanı tamamlayanda əvvəlcə müəyyən etdiyim vaxtı ixtisar edərək min ilə endirdim”. Göründüyü kimi insan təxəyyülünün məhsulu olan fantastik düşüncə müəyyən mənada insan zəkasının yaradıcı qabiliyyəti ilə tamamlanır, həmçinin bu düşüncələr axtarış mənbəyinə çevrilir. Bu mənada bir neçə görkəmli alimin etiraflarını xatırlayaq :
“Kosmik səyahətlərə olan həvəsi məndə məşhur fantaziyaçı J.Vern oyatmışdır. Beynimi bu istiqamətdə o işlətmişdir “ (K.E.Siolnovski) .
Akademik Obruçev yazırdı ki, məhz fantastik əsərlərin təsiri ilə səyyah, Asiyanı təqiq edən olmuşam . Həmin romanlar məndə uzaq ölkələrin təbiətini öyrənməyə maraq oyatmışdır.
Braziliya konstruktoru Santos –“Dümon yaradıcılıq fəaliyyəti üçün J.Vernə borclu olduğunu bildirir. O, yaradıcılıq fəaliyyətində J.Vern əsərlərinin təsirinin əvəzsiz olduğunu etiraf edir.
Amerika su gəmiləri konstruktoru Saymon Leyk bildirir ki, Jül Vernin “Naytiulus”u onun yaradıcılıq fəaliyyətini istiqamətləndirmişdir. O, 1903-cü ildə düzəltdiyi sualtı qayıqla səfərini başa vurub “20 min lyö su altında” romanın müəllifinə (J.Vern) təbrik teleqramı göndərmişdir. D.İ mendelyevi Jül Verni elmin dahisi adlandırırdı. Yazıçının “Kapitan Qatteras”ı alimin Arktikanı öyrənmək problemləri ilə üst-üstə düşürdü.
Fransız alimi N.Kastere, görkəmli sovet palitoloqu və yazıçısı İvan Yefremov Jül Vernin “Yerin mərkəzinə səyahət”, “20 min lyö su altında” əsərlərinin fəaliyyətlərində ciddi rolu olduğunu söyləmişlər. Fransız mühəndisi, ilk sualtı qayıq ixtiraçılarından olan Lebef Jül Verni öz kəşfinin ikinci müəllifi adlandırmışdır.
İnsan zəkasının qüdrətinə inanan J.Vern isə bir müxbirlə müsahibəsində demişdir: “Gələcəkdə təbiətdən onun sirlərini qoparanda romançıların təsvir etdikləri möcüzələr sadə və maraqsız görünə bilər. XX əsr yeni bir dövr açacaqdır”. Ötən əsrin əvvəllərində deyilmiş bu sözlər, artıq müəyyən dərəcədə həqiqətə çevrilmişdir. XX əsrin ortalarında radio, aviasiya əmələ gəlib geniş tərəqqi tapmış, atom enerjisi cilovlanmış, atom elektrik stansiyaları tikilmişdir. Kosmik fəzanın öyrənilməsi elm və texnikanın inkişafına əhəmiyyətli təkan vermiş, sonsuz kainatı öyrənmək üçün misilsiz imkanlar yaratmışdır.
Kainatın öyrənilməsində elmin böyük nailiyyətləri vardır. Bu nailiyyətlər 100-150 il bundan öncə ancaq fantastika ola bilərdi. Kainatı öyrənmək və ondan yararlanmaq üçün ilk addımlar atılmışdır.
Lakin Günəş enerjisindən daha səmərəli istifadə etmək, kainatı öyrənməyin bir çox metodları hələ fərziyələr şəklində söylənilir, yaxud fantastik əsərlərin qəhrəmanları tərəfindən icra olunur.
Məşhur Amerika fiziki Daysonun fikrincə, Günəş sisteminin ən böyük planeti olan Yupiterdən istifadə edərək Günəş əhatəsində insanlara xidmət edəsi süni təbəqə yaratmaq mümkün olacaqdır. Alimlərin fikrincə, Aydakı tempraturlar fərqindən istifadə etməklə qurulmuş yarımkeçirici termegenaratorlar, yerdə baş verən zəlzələlər əsasında işləyən seysmiq elektrik stansiyaları, sahilə çırpınan dalğaların mexaniki enerjisinin elektrik enerjisinə çevirən stansiyalar, yerin iqliminə təsir göstərəcək laboratoriyalar artıq yaxın gələcəkdə insanların xidmətində olacaqdı. Elektrik enerjisinin məftilsiz ötürülməsi, yağış buludlarının quraq zonalara “göndərilməsi” okean sularından məişətdə istifadə, qumlu səhraların bərəkətli torpaqlara çevrilməsi, insanların kosmos gəzintilərinin gerçəklənməsi də bəlkə XXI əsrin möcüzələrindən olacaqdır.
Ümumiyyətlə, insan zəkasının qüdrətinə ümid edərək, inamla demək olar ki, zaman keçdikcə bəşəriyyət müasirlərimizin hətta ən cəsarətli fantaziyalarına sığışmayan kəşflər edəcək, bugünkü nailiyyətlər isə Jül Vernin dediyi kimi, sadələşəcəkdir.
Qalib Bəşirov

Şərh Yaz