Ağayev İsaməddin Soltan oğlu

İsmayıllı rayonu ictimaiyyətinə ağır itki üz vermişdir. Bacarıqlı dövlət qulluqçusu, uzun illər rayon icra hakimiyyətində mülki müdafiə qəraragahının rəisi işləmiş, intizamlı işçi, vətənpərvər insan, saf qəlbli dost və yoldaş Ağayev İsaməddin Soltan oğlu dünyasını dəyişmişdir.
Ağayev İsaməddin Soltan oğlu
İsaməddin Ağayev 1948-ci il avqustun 19-da İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olmuşdur. 1954-1962-ci illərdə doğma kənd məktəbində oxumuş, 8-ci sinfi bitirərək Şamaxı şəhər tibb texnikumuna daxil olmuş, 1966-cı ildə texnikumu bitirərək Hacıhətəmli kənd xəstəxanasında feldşer işləməyə başlamışdır. 1971-1973-cü illərdə hərbi xidmətdə olmuş, ordudan tərxis olunduqdan sonra bir müddət İvanovka kənd xəstəxanasında işləmişdir.
1973-cü il sentyabrın 6-da ona etimad göstərilərək İsmayıllı Rayon İcraiyyə Komitəsində Mülki-müdafiə qərargahının rəisi vəzifəsinə təyin edilmişdir. O, 40 il bu vəzifədə şərəflə çalışaraq əhalinin təhlükəsizliyi sahəsində tədbirlərin ardıcıl həyata keçirilməsinə nail olmuşdur.
Bu vəzifə rayon İcra Hakimiyyətinin tabeliyinə verildiyi gündən 2012-ci ildə təqaüdə çıxanadək İ.Ağayev bu vəzifədə çalışmış, hətta təqaüddə ikən də bu sahədə öz bilik və təcrübəsini əsirgəməmiş, fövqəladə hallar və mülki müdafiə sahəsində tədbirlərin həyata keçirilməsində fəal iştirak etmişdir.
İ.S.Ağayev həmişə ictimai fəallığı ilə seçilmiş, uzun illər Dövlət idarə işçiləri həmkarlar itttifaqı yerli komitəsinin sədri, Azərbaycan Uşaq Fondu İsmayıllı rayon şöbəsinin rəhbəri vəzifələrində çalışmış, dövlət uşaq siyasətinin həyata keçirilməsinə öz töhfəsini vermişdir. Ona həvalə olunmuş bütün işlərə və vəzifələrə böyük məsuliyyətlə yanaşmış, operativliyi və bacarıqlılığı ilə seçilmişdir. Bir çox müsbət keyfiyyətlərilə rayon rəhbərliyinin, kollektivin və rayon ictimaiyyətinin böyük nüfuzunu qazanmışdır. İ.Ağayevin əməyi layiqincə dəyərləndirilmiş, bir çox mükafatlara layiq görülmüşdür. Ancaq ən böyük mükafatı rayon əhalisi arasında qazandığı nüfuz və onların qəlbində qoyduğu silinməz izlərdir.
Oğlu Seymur 1999-cu ildə Azərbaycan ordusunda xidmət edərkən şəhid olmuşdur.
Bacarıqlı təşkilatçı, sadə, təvazökar, qayğıkeş, yumor hissi olan dost, diqqətcil və həssas insan İsaməddin Ağayevin xatirəsi onu tanıyanların yaddaşında əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin.
İsmayıllı Rayon İcra Hakimiyyəti

Şərh Yaz