Uğurlar ilinin yekunu kimi

Uğurlar ilinin yekunu kimi

2 Fevral – Gənclər Günü İsmayıllıda uğurlar ilinin yekunu kimi qeyd olunub. Gənclərin fəallığının və uğurlarının təbliğinin nəticəsi olaraq İsmayıllı 2015-ci il üçün “Azərbaycanın gənclər paytaxtı” seçilmişdi. Gənclər paytaxtı çərçivəsində bir sıra Respublika tədbirləri üçün məkan İsmayıllı seçilib.”Gənclər siyasətinin Azərbaycan modeli” mövzusunda Beynəlxalq Gənclər Forumu, “Etno-irs” layihəsi, gənc jurnalistlərin, gənc politoloqların, “İrəli” gənclər təşkilatının, gənclərlə bağlı bir sıra QHT-lərin layihələri burada reallaşıb. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun ideya müəllifliyi ilə heç bir ixtisas təhsili olmayan gənclər üçün “Gənc təsərrüfatçılar məktəbi” təsis edilib, “İnnovasiya mərkəzi” yaradılıb. İdarəetməyə daha çox gənclərin cəlb edilməsinə diqqqət yetirilib. İsmayıllı gəncləri öz bayramlarını – Gənclər gününü qeyd etməyə bu və digər çoxsaylı uğurlarla gəliblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra Heydər Əliyev Mərkəzinin foyesində gənc rəssamların, bədii tikmə və tərtibatçıların, qrafika ustalarının, xalq sənətkarlarının, toxucuların əsərləri və əl işlərindən ibarət sərgiyə baxıblar. Gənc ifaçıların şeirlərini, musiqi nömrələrini və mahnılarını dinləyiblər.
Mərkəzin konfrans zalına toplaşan gəncləri rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov təbrik edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gənclər Forumunun 20 illiyi ilə əlaqədar ölkənin bir qrup gənci ilə görüşü zamanı qarşıya qoyduğu vəzifələrin rayon miqyasında həyata keçirilməsi yollarından danışıb.
İcra Hakimiyyətinin başçısı mövzuya uyğun fikri, təklifi, arzusu olan hər bir gənci dinləyib, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı ilə bağlı daha səmərəli təklifləri qəbul edib, həmin istəklərin həyata keçəməsi üçün lazımi dəsək veriləcəyini bildirib, gəncləri əmək və düşüncə fəallığına çağırıb.
Lahıc bələdiyyəsinin sədri, Əməkdar müəllim Rövşən Əliyev, İsmayılı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Sevda Qasımova, Sumağallı kəndindən gənc icma sədri İlkin Salahov, tələbə Aytac Mirzəliyeva, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov, şəhər 3 nömrəli lisey-məktəbin XI sinif şagirdi Toğrul Qasımov və başqaları son ildə əldə olunan uğurlardan danışıb, bundan sonrakı proseslərdə üzərlərinə düşən vəzifələrin nədən ibarət olduğu fikirlərini səsləndirməklə tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik ediblər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova fəallığı ilə fərqlənən bir qrup gəncə Fəxri fərmanları və hədiyyələr təqdim edib.
Ş.Soltanov

Şərh Yaz