Candan əziz Azərbaycan

Candan əziz Azərbaycan
1988-ci il. Soyuq qış gecəsi. Ağakərim kişinin ailəsində oğul övladı dünyaya gəldi. Hərə uşağa bir ad söylədi. Bu körpənin gözlərindən sanki igidlik, qəhrəmanlıq duyulurdu. Böyüklər körpənin adını Mübariz qoydular ki, adı kimi, igid, mübariz olsun. Aylar keçir, yavaş-yavaş balaca Mübariz böyüyür. O güləndə ailədə sanki günəş doğur, kədərlənəndə qəmə qərq olurdu.
İllər keçir. Mübariz məktəbə gedir, dostları ilə oynayır. O, dostlarının sevimlisi idi. Kim savaşsaydı onu köməyə çağırar, imdad istəyərdi. Dostları ona arxalanardı. Mübariz kiçik olsa da heç vaxt haqsızlıq etməz, dostu olsa belə, səhvini ona başa salardı. Elə buna görə hamı onu çox sevərdi.
Bir gün dərs zamanı müəllim şagirdlərlə “Vətənimiz üçün nələr edərsiniz?” mövzusunda söhbət apardı. Hərə öz düşüncələrini, fikirlərini açıqladı. Müəllim hamını dinləyəndən sonra üzünü arxa partaya tutaraq sual etdi:
– İbrahimov, dur ayağa, sən nə düşünürsən? Vətənimiz üçün nə edərdin?
Cavab qısa və gözlənilməz oldu:
– Mən Vətənimiz üçün şəhid olacağam.
Bir anlıq sinfə sükut çökdü. Hamı çevrilərək Mübarizə baxdı. Onun simasından qəzəb və nifrət dolu ifadələr hiss olunurdu.
Bu zaman zəng çalındı. Hamı tənəffüsə çıxanda müəllim Mübarizə yaxınlaşıb, sənə nə olub? – deyə soruşdu:
– Müəllim, Vətənin onun uğrunda canından keçə bilən qəhrəmanlara ehtiyacı var!
Müəllim bu yeniyetmə uşağın qəlbində olan Vətən eşqinin nə qədər kövrək və əzmli olduğunu bir daha anladı.
Daha bir neçə il arxada qaldı. Mübariz ordu sıralarına hərbi xidmətə getdi. Bu xidmət zamanı o, yoldaşlarından casarəti və peşəkarlığı ilə fərqlənirdi. Mübariz dəfələrlə komandirləri tərəfindən yüksək qiymət almışdır.
Hərbi xidmətinin bitməsi barədə əmri eşidən Mübariz çox narahat idi. Axı o, arzusuna çatmamışdı. Nə etməli, xeyli fikirləşdi. Başqa çıxış yolu yox idi. Öz kəndinə, elinə, obasına qayıtmalı idi. Belə də oldu.
Kənddə ziyafət qurulub, hamı Mübarizin yolunu gözləyirdi. Qocalar, cavanlar – hamı onun ətrafına toplaşıb valideynlərinə gözaydınlığı verirdi. Qocalardan biri:
– Ağakərim kişi, gözün aydın olsun, şükür, oğlun salamat qayıdıb gəldi, qaldı bir evləndirmək.
Bunu eşidən Mübariz:
– Mən evlənməyəcəyəm, mənim yolum başqadır.
Adamların sevinc səsləri bir-birinə qarışdığından bu sözləri yalnız yaxındakılar eşitdi.
Mübariz kənddə iş-güclə bir xeyli məşğul olsa da, hər an Vətən onu səsləyir və o, orduya can atırdı. Valideynlərini çətinliklə də olsa razı saldı.
2010-cu il. Aprel ayı. Mübariz öz arzularının arxasınca hərbi hissəyə qayıdır. Г‡ətinliklə də olsa, ön cəbhədə xidmət etmək fürsəti qazanır. O, uzun illər həyata keçirmək istədiyi planının baş tutacağını hiss edirdi.
Namazını qıldı, əldə edə bildiyi kiçik kağız parçasında ailəsinə məktub yazdı. Heç kimin xəbəri olmadan ailəsinə zəng vuraraq atası ilə danışdı. O bilirdi ki, bu onun son danışığıdır. Atası oğlunun səsindəki həyəcanı hiss etsə də, Mübariz onu hər şeyin yaxşı olduğuna inandırdı.
2010-cu il. 19 iyun. Gecə saat 23:30. Mübariz hərbi hissədən xeyli silah götürərək minalanmış ərazini keçib düşmən postlarına tərəf irəlilədi. Bu yol onu arzularının arxasınca aparırdı. Bu Vətəni xilas etmək, düşməni məhv etmək arzusu idi.
Düşmən çoxlu sayda əsgər və zabitini itirdi. Düşmənə qarşı tək döyüşən Mübariz əsl qəhrəmanlıq göstərərək düşmənin döyüş əzmini qırdı. Düşmən hələ nə baş verdiyini anlamırdı. Mübarizin düşmənə qarşı nifrəti onun bu döyüşdəki gücünü daha da artırır, düşmənin necə aciz və qorxaq olduğunu onlara bir daha sübut etdi. Bu, Mübarizin ”Vətənə sevgi“ qələbəsi idi.
Zaman keçdikcə Mübarizin yazdığı bu məktub hər bir vətən oğlunun qürur və mərdlik nümunəsinə çevrilir. Mübarizin yazdığı məktub ünvanına yetişdi. Məktubu təkcə ailəsi yox, bütün dünya oxudu. Bu, Mübarizin Vətənə və ailəyə sevgi məktubu idi.
Nuri Nuranə Elşən,
İsmayıllı şəhər 2 nömrəli tam orta məktəb

Şərh Yaz