Dil xətalarına yol verməyək

Dil xətalarına yol verməyək21 fevral beynəlxalq ana dili günüdür.

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.
Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini-dövlət dilini yaxşı bilsin. Bizim gözəl, zəngin, cazibədar dilimiz var”.
Heydər ƏliyevDil xətalarına yol verməyək

21 fevral beynəlxalq ana dili günüdür.

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.
Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini-dövlət dilini yaxşı bilsin. Bizim gözəl, zəngin, cazibədar dilimiz var”.
Heydər Əliyev
Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Nizami müdrikliyi, Füzuli məhəbbəti, Nəsimi üsyankarlığı, Üzeyir dühası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza hopmuşdur.
Dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, problemlərlə qarşılaşmışdır.
Məqalədə dil haqqında yox, daha çox bu gün televiziya verilişlərində, qəzet, jurnal səhifələrində daha çox buraxılan səhvlərdən danışmaq istərdik.
Bilavasitə yazılı informasiya vasitəsi olan qəzetlərimizdə, bəzən internet saytlarında orfoqrafiyanın prinsiplərinə və durğu işarələri qaydalarına, təəssüflər olsun ki, son dərəcə biganə bir münasibət bəslənilir. Belə sərt deməyə əlimizdə kifayət qədər dəlil vardır. Kütləvi informasiya vasitələrində orfoqrafiya qaydalarına və durğu işarələrinə qarşı bir növ, “özfəaliyyət” tendensiyası hökm sürür. Sözləri kim necə gəldi – səhv, düz yazır, lazımdır, lazım deyil durğu işarələrini işlədir. Orfoqrafiya fikrin yazılı formada düzgün ifadə edilməsi haqqında qaydalar toplusudur. Orfoqrafiyanın üç prinsipi içərisində ən geniş əhatə dairəsinə malik olanı fonetik prinsipdir. Fonetik prinsipə görə söz tələffüz olunduğu kimi yazılmamalıdır. Bəzən, etibar, nemət, möcüzə, mötəbər, qiraət, qənaət, şücaət, daima, təqaüd, stadion sözlərini tələffüz şəkilində yazırlar. Qoşasaitli mürəkkəb sözlərin yazılışında da səhvlərə yol verilir. Əliağa, əmioğlu, əliaçıq, bacıoğlu, dayıoğlu, xalaoğlu, başıaçıq, sözlərində də çox zaman qoşasaitli sözlərin birincisi yazılmır ki, bu da böyük səhvdir.
Azərbaycan dili dərsliyindən qoşmaların yazılışından bilirik ki, ilə qoşması saitlə bitən sözlərdən ayrı yazılır. Dək, tək, can, cən qoşmaları qoşulduğu sözlərə bitişik şəkildə yazılır. Bu qaydalara da əməl olunmur. Bu dil qaydasının pozulmasına ən çox “Münasibət”, “məqsəd” sözlərinin yazılışında da səhvlər edilir. Unutmayaq ki, münasibət və məqsəd sözləri mənsubiyyət şəkilçisi qəbul etdikdə (bayram münasibəti, çap məqsədi) sözünün sonu saitlə bitdiyindən ilə qoşması ayrı yazılmalıdır.
Bir çoxları durğu işarələrinin daşıdığı funksiyanı lazımınca dəyərləndirmirlər. Nöqtəni, vergülü xırda şey sayıb, durğu işarələrinə “əhəmiyyət daşımır, elə də vacib deyil, olmasa da olar” kimi yüngül meyarlarla (əslində belə bir meyar yoxdur) yanaşırlar. Dilin pozulmayan sərt qanunları yazı və oxu praktikasında bu cür məntiqsiz yanaşmaları asanlıqla alt-üst edir. Bu məqamda hələ uzun illər bundan əvvəl populyarlıq qazanmış bir nümunəni cüzi dəyişikliklə diqqətinizə çatdırmaq istərdim. Oxu dədən kimi, hambal olma. Oxu, dədən kimi hambal olma. Fikrimizcə, durğu işarələrini, xüsusən vergülü “heç zad” sayanlar üçün bu nümunə kifayət qədər tutarlı faktdır.
Durğu işarələri yalnız cümləyə məna və məzmun çaları yox, həm də cümlənin məna və məzmunu ilə birbaşa bağlıdır. Üç nöqtə, nida və sual işarəsi cümlənin məzmununu müəyyənləşdirir.
Son illər mətbuatımızda vergül işarəsinin bəzi məqamlarda işlədilməsi də diqqəti xüsusi ilə cəlb edir. Adətən, özündən əvvəlki sözü izah edən “yəni” aydınlaşdırıcı bağlayıcısından əvvəl vergülün qoyulması bir qayda kimi qəbul olunub. Ancaq üslub baxımından yəni sözü başqa çalarlar da qazanıb yəni sözü cümlənin əvvəlində işlənməklə fikrin izahı ilə yanaşı, ümumən fikrə münasibət də bildirir. Cümlənin əvvəlində işlənən yəni bağlayıcısı funksiyadan çox, fikrə münasibət bildirən bir məzmun da kəsb edir. Bu məqamda “yəni” sözündən sonra vergülün qoyulması yerinə düşür. Yəni ədat kimi işləndikdə vergül qoyulmur. məsələn; Yəni bu çox pis işdir?
Mürəkkəb cümlədə sa – sə, da – də, belə, hərçənd, hərçənd ki, düzü, doğrusu, düzdür, doğrudan sözləri varsa həmin sözlərdən sonra amma, ancaq, lakin, bağlayıcılarında isə əvvəl vergül qoyulur. Məsələn: Hərçənd ki, bir yerdə işləyirdilər, amma dostluq etmirlər.
Düzü, iyirmi faiz torpaqlarımız düşmən tapdağı altındadır, ancaq torpaqların geri qayıdacağına şübhə etmirik. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında iki nöqtə qoyulur. Tərkib hissələrin birində vergül qoyulduqda aydınlaşdırıcı hissənin arasında nöqtəli vergül də qoyula bilər. Məsələn: Gözəl bir yaz günü idi: çəmənlər yaşıl donunu geyinmiş, ağaclar çiçək açmışdı. Qızğın iş gedirdi: kimisi çala qazır, kimisi isə şitil əkirdi.
Mübtəda vəzifəsində işlənən o, bu əvəzliklərdən sonra fel və köməkçi nitq hissələrindən başqa, qalan nitq hissələri ilə ifadə olunan cümlə üzvü gəldikdə vergül qoyulur. O və bu işarə əvəzliklərindən sonra modal sözlər gələrsə, hər iki tərəfdən vergül qoyulur. Məsələn: O, əlbəttə (modal söz) sənə inanır. Bu, təəssüf ki, (modal söz) babamdan qalan son yadigardır. Bu, mənim dostumdur. O, çox çalışır. O və bu əvəzlikləri cümlədə təyin vəzifəsində işlənərkən (hansı sualına cavab verir) heç vaxt onlardan sonra vergül qoyulmur. Məsələn: O işi mən görməliyəm. Bu tapşırığı düz yazmamışam.
O, bu əvəzlikləri mübtəda vəzifəsində işlənərkən özündən sonra fel və köməkçi nitq hissələri (feli sifət və modal sözlərdən başqa) gələrsə vergül qoyulmaz. Məsələn O getdi. Bu həm də tələbədir. O nə yaxşı oğlandır?! O necə yaxşı cavab verdi?!
Qəzet və jurnallarda iki saitlə və qoşa yy ilə yazılan sözlərdə, xüsusi isimlərdə, o cümlədən idarə, müəssisə, təşkilat, yüksək dövlət vəzifələri və s. adlarının da yazılışında səhvə yol verilir.
məsələn qəbir, eyib, ətir, zehin, izin, səbir, ömür, nəsil, sətir, fəsil, fikir, heyif, meyil, şeir, əsil.
Əsil sifət kimi və ədat kimi işləndikdə əsl yazılır. Məsələn: Bu mövzu əsl sənin malındır. Şeir sözündə saitlə başlayan şəkilçi qoşulduqda son sait düşür. Məsələn: şerim, şerə. Bir saitlə yazılan sözlərdə də bəzən yanlışlığa yol verilir: qəbz, qəsr, əmr, zülm, nəbz, nəfs, hüzn, həsr, üzv, həbs, kəsr, sədr, mətn. Bu sözləri iki sait səslə yazmaq olmaz. Tərbiyə, heyət, tövsiyə, saniyə, təhkiyə, ehtiyac, ehtiyat, mərsiyə sözləri bir y ilə yazılır.
Г‡ox qəzetlərdə adətən, idarə, müəssisə və təşkilat adlarında yalnız birinci sözün baş hərfi böyük hərflə yazılır. Məsələn: İsmayıllı rayon təhsil şöbəsi, Şamaxı rayon mərkəzi xəstəxanası. Bu tamamilə səhvdir. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş Naziri, AR Milli Məclisinin Sədri və s. Bəzən baş nazir kiçik hərflə yazılır. Bu da yolverilməzdir.
Azərbaycanın müstəqillik tarixi ilə birbaşa bağlı olan və millətimizin şərəf və ləyaqətinə çevrilmiş Dövlət bayrağı, Dövlət gerbi, Dövlət bayrağı, Şəhidlər xiyabanı və. s. bu tipli birləşmələrdə hər iki söz, yoxsa birinci söz böyüklə yazılmalıdır? Əfsuslar olsun ki, nümunə gətirdiyimiz bu sözlərdən çoxu mətbuatda kiçik hərflə yazılır. Azərbaycan Respublikasının dövlət rəmzlərinin kiçik hərflə yazılması nə məntiq, nə də etika baxımından düzgün deyildir. Ən azından dövlət sözü xüsusiləşdiyi üçün fərqləndirilməlidir.
Tarixi hadisə, fəxri ad və günlərin adlarının düzgün yazılışına da olunmur. Vaxtaşırı rastlaşdığımız faktlara müraciət edək. Birinci və ikinci dünya müharibələri, adətən, birinci və ikinci sözləri böyük hərflə yazılması müşahidə olunur.
Tarixi günlərin yazılışında dırnaqarası bir sərbəstlik vardır. Bunlara da əməl olunmur. Bəzən Əməkdar müəllim, Bilik günü, birləşmələri dırnaqda yazılır. Unutmayaq ki, bu birləşmələr rəsmi təsdiq olunmuş və ictimaiyyətdə elan edilmiş ifadələrdir. Bu adların dırnaqla yazılması düzgün deyildir.
Bu geniş mövzu olduğundan biz bəzi dil xətalarından danışdıq. Bu xətaların qarşısı vaxtında alınmalıdır.
Hacıməmməd Məmmədov,
N. Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz