Dəm qazından ehtiyatlı olun !!!

Havaların soyuması ölkə əhalisinin qaza olan tələbatını xeyli artırmışdır. Yaşayış məntəqələrində, eləcə də müəssisə və obyektlərdə istiliyin təmin edilməsi məqsədilə insanlar qeyri-standart və müasir dövrün tələblərinə cavab verməyən qızdırıcılardan istifadə edirlər ki, bu da bir çox hallarda xoşagəlməz hadisələrin baş verməsinə səbəb olur. Əhali qaz sobalarından istifadə zamanı olduqca diqqətli olmalı və təhlükəsizlik qaydalarına riayət etməlidir. Əks təqdirdə dəm qazından zəhərlənmə halları müşahidə olunar, bu da faciəli sonluqla nəticələnə bilər.
Dəm qazından ehtiyatlı olun !!!
Soyuqların düşməsi ilə əlaqədar olaraq dəm qazından zəhərlənmə halları artmışdır. Bu səbəbdən Fövqəladə Hallar Nazirliyi, eləcə də aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq əhalinin təhlükəsizliyinin təmin edilməsi və bu sahədə nəzarətin gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Televiziyada, mətbuatda, reklam işlərində bununla bağlı xəbərdaredici və insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qaz sobaları və istilik sistemləri ilə davranış qaydaları haqqında məlumatlar mütəmadi olaraq əhalinin nəzərinə çatdırılır. Bu sahədə məqsədyönlü işlərin aparılmasına baxmayaraq, respublika ərazisində dəm qazından zəhərlənmə hallarının baş verməsi davam etməkdədir. Bunun da əsas səbəbi, qaz cihazlarının quraşdırılması və istismarı zamanı vətəndaşlar tərəfindən texniki və yanğın təhlükəsizliyi qaydalarına əməl etməmələridir.
Əhali tərəfindən kortəbii üsulla tüstü borularının yerləşdirilməsi, yaşayış binalarının damında havaçəkən kanalların üzərində qeyri-qanuni su çənlərinin və peyk antenalarının quraşdırması dəm qazının yaranması üçün şərait yaradır. Bununla yanaşı, bəzi sakinlər qaz borularının yerinə rezin borulardan istifadə edir və sobaların daha yaxşı yanması üçün sobada quraşdırılan avtomatik təhlükəsizlik qurğularını çıxardırlar. Bu da nəticədə, bədbəxt hadisələrin baş verməsinə səbəb olur. Belə hadisələrin baş verməməsi üçün hər bir vətəndaş təhlükəsizlik qaydalarını bilməli və onlara ciddi əməl etməlidir.
İstənilən satış mərkəzindən əldə edilən məişət cihazının müvafiq sənədləri (texniki pasportu, uyğunluq sertifikatı və s.) olmalı, alıcı isə ondan istifadə qaydalarını bilməlidir. Qaz cihazlarını istər obyektdə, istərsə də evdə quraşdırdıqda mütləq qaydada bu sahə üzrə ixtisaslaşmış mütəxəssislərə müraciət olunmalıdır. Mütəxəssis sobanı quraşdırdıqda tüstü borusunun hündürlüyünü və hansı istiqamətdə bayıra çıxacağını müəyyən etməlidir. Quraşdırılan qızdırıcı standarta uyğun olmalı, onun təhlükəsizlik qurğuları daima saz vəziyyətdə olmalı və istifadəsi zamanı müəyyən olunmuş təhlükəsizlik qaydalarına tam riayət edilməlidir. Qaz sobalarının borusu yalnız dəmirdən hazırlanmalı və binanın dam örtüyünün xarici səthindən azı 70 sm. hündürlükdə olmalıdır. Yaxşı olar ki, borunun bayırdan çıxan hissəsi düz yox, dirsək formasında olsun. Г‡ünki bu halda boruda sorma prosesi daha rahat gedir.
Dəm qazı orqanizmə əsasən nəfəsalma zamanı ağ ciyərlər vasitəsi ilə daxil olur. Orqanizmə daxil olmuş dəm qazı oksigenə nisbətən hemoqlobinlə daha möhkəm birləşmə əmələ gətirərək oksigenin üzv və toxumalara daşınmasının qarşısını alır. Nəticədə, üzv və toxumalarda oksigen aclığı baş verir. Güclü zəhərləyici xassəyə malik olan dəm qazı üzvi maddələrin, o cümlədən təbii qaz, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir, iysiz və rəngsiz olduğundan insan onu hiss etmir. Qeyd edək ki, yalnız qapalı şəraitdə dəm qazı yaranır və təhlükəli hesab olunur.
Dəm qazı ilə zəhərlənən insanda baş ağrıları, baş gicəllənmələri, ürək bulanma, qusma, qulaq batması, qəfil əzələ boşalması, şüurun dumanlanması və digər əlamətlər baş verir. Yüksək qatılıqlı dəm qazının təsiri nəticəsində isə kəskin zəhərlənmələr müşahidə olunur ki, bunlar da huşun itirilməsi, xüsusi ağır şəraitdə ölümlə nəticələnən uzun müddətli koma vəziyyəti ilə xarakterizə olunur. Bu zaman göz bəbəklərinin genişlənməsi və işığa zəif reaksiya vermə, qıcolma, əzələlərin kəskin gərginliyi, tənəffüsün və ürək döyüntülərinin sürətlənməsi müşahidə edilir.
İnsanlar yüksək konsentrasiyalı dəm qazı olan mühitdə çox qaldıqda zəhərlənmə bir o qədər də güclü olur. Dəm qazından boğulma halları təkcə qapalı şəraitdə olan yerlərdə (otaqlarda) deyil, eyni zamanda avtomobillərdə də baş verməsi mümkündür. Belə ki, avtomobilin qarajda 10 dəqiqə işləməsi şəraitində nəfəs alan adamın qanında karbon-monooksidin miqdarı ölümcül həddə çata bilər.
Dəm qazı ilə zəhərlənməyə: vanna və hamam otaqlarının qapısında nəfəsliyin və normal ventilyasiya sisteminin olmaması, qızdırıcının qapağının açıq qalması, sobanın və tüstü çəkən bacanın nasaz vəziyyətdə olması, zirzəmidə, qarajda, evlərdə və qapalı yerlərdə generatorun işlək vəziyyətdə olması və s. amillər səbəb olur. Bunun qarşısını almaq üçün vətəndaşlar ilk öncə müvafiq qurumlar tərəfindən onlara edilən xəbərdarlıqlara əməl etməli, özlərinin və yaxınlarının təhlükəsizliyini təmin etmək məqsədilə qabaqlayıcı tədbirlər görməlidirlər.
Binaların damındakı bacalar yağışdan və qardan sonra mütləq təmizlənməli, qış mövsümü başlanmazdan əvvəl mütəxəssislər tərəfindən sobalara baxış keçirilməli, tüstü bacalarının sazlığı və işə yararlılığı yoxlanılmalıdır. Nasaz sobalardan və tüstü borularından istifadə etmək olmaz.
Otaqda qaz iyi hiss etdikdə dərhal qazın verilməsi dayandırılmalı, otağın pəncərələrini açaraq havasını dəyişdirməli və qəza-təmir xidmətinə xəbər verilməlidir. Nasazlıq aradan qaldırılana qədər otaqda siqaret çəkmək, kibritdən, açıq alovdan, elektrik cihazlarından istifadə etmək olmaz. Dəm qazı ilə zəhərlənən insana həkim gələnə kimi ətrafdakılar ilk tibbi yardım göstərməlidir:
Dəm qazından ehtiyatlı olun !!!
– ilk öncə zərərçəkəni dərhal təmiz havaya (ilin isti vaxtında küçəyə, soyuq mövsümdə isə havalandırılan otağa) çıxarmalı və kürəyi üstə uzatmaq lazımdır;
– zərərçəkənin bədəni ovuşdurulmalı, başına və sinəsinə soyuq kompres qoyulmalıdır;
– zərərçəkmişin huşu özündədirsə ona çay içirtmək məsləhətdir, əgər huşunu artıq itiribsə, onun burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırılır;
– zərərçəkmişin tənəffüsü dayanıbsa, ona mütləq süni nəfəs vermək və təcili tibbi yardım çağırmaq lazımdır.
Mənzillərdə, idarə və müəssisələrdə dəm qazından qorunmağın ən asan yolu dəm qazı xəbərdaredici cihazlardan və avtonom detektorlardan istifadə etməkdir. Əgər dəm qazının konsentrasiyası buraxıla bilən hədd dozasını keçmişdirsə, bu halda elektrokimyəvi cihazlar vasitəsi ilə təyin olunaraq səs və işıq siqnalı xəbərdarlıq edir. Dəm qazı xəbərdaredici cihazlar döşəmədən 1,5 metr hündürlükdə, tavandan isə 15-20 santimetr aşağıda quraşdırılır.
Əhali arasında dəm qazından zəhərlənmə hadisələrinin qarşısını almaq üçün ilk növbədə vətəndaşlar qaz cihazlarından istifadədə müvafiq norma və qaydalara riayət etməli, soba boruları və bacalar mütəmadi olaraq yoxlanılmalı, qaz cihazları və istilik sistemlərinin sazlığına daim ciddi nəzarət edilməli, otağın havası tez-tez dəyişdirilməlidir.
Fövqəladə Hallar Nazirliyi gələcəkdə bu sahədə baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq üçün vətəndaşları diqqətli olmağa, səhlənkarlığa yol verməməyə, mütəxəssislərin məsləhətlərinə riayət etməyə, qaz cihazlarından və qızdırıcılardan istifadə zamanı təhlükəsizlik, texniki norma və qaydalara əməl etməyə çağırır. Unutmaq olmaz ki, yalnız təhlükəsizlik qaydalarına əməl etməklə dəm qazı ilə zəhərlənmə hallarının qarşısını almaq mümkündür.
FHN Şimal-Qərb Regional Mərkəzinin ictimaiyyətlə əlaqə və təbliğat sektoru

Şərh Yaz