“Zəlimxan o qəbirə necə sığacaq?”

70-ci illərdə kitab satılan bir yerdə işləyirdi. İlk dəfə mən kitabımı ona hədiyyə apardım. O vaxtlar mənim “Bu məhəbbət yaşadar məni” adlı kitabım çap olunmuşdu. Gedib gördüm, bütün kitablarım satılıb. Bir kitabım qalmışdı, elə onu yazıb verdim ona.
Bu sözləri tanınmış şair Musa Yaqub bir neçə gün əvvəl vəfat edən dostu, xalq şairi Zəlimxan Yaqub haqda xatirələrini Axaz.az-a danışarkən deyib.
“Zəlimxan o qəbirə necə sığacaq?”
Şairin vəfatına görə böyük sarsıntı keçirdiyini bildirən Musa Yaqubun dediklərini “İsmayıllı xəbərləri”nin oxucularına təqdim edirik:
“Zəlimxana dedim ki, biz bir babanın nəvələriyik. Sən də Yaqublusan, mən də. Biz müxtəlif yerlərdə oxucularla görüşlərdə, xarici səfərlərdə olmuşuq. Milli Məclisin deputatı kimi çalışmışıq. Yəni isinişmişik bir-birimizə, o mənə şeirlər həsr edib, mən ona söhbətlər həsr etmişəm. Biz Zəlimxanla yol yoldaşı, ömür yoldaşı, gün yoldaşı olmuşuq. Poeziyada fikirlərimizi bölüşmüşük, mübahisələrimiz olub. Zəlimxanla aşıq ədəbiyyatını danışmışıq, dastanlarla bağlı mübahisələrimiz çox olub. O, saz-söz dastanlarını, bütün Azərbaycan şeirlərini əzbər bilən, bu sahədə əvəzi olmayan ziyalımız, böyük şairimiz idi. Onun 60 illik yubiley məclislərində iştirak etmişəm. Xəstəliyə tutulandan sonra təəssüf etdim, hələ cavan idi, hələ yaddaşı möhkəm idi, həm ədəbiyyatımız, həm aşıq ədəbiyyatının yayımı, həm də gələcəkdə yazacağı şeirlər üçün bizə çox lazım idi. Mən də, Məmməd Aslan da, o da xəstə idik. Bir dənə şeir yazmışdı, təqribən iki il bundan qabaq. Mən kənddə idim və mənə zəng edərək həmin şeiri oxudu. 7-8 bəndlik şeirdə bizim üçümüzün xəstəliyindən söhbət açmışdı. Axır vaxtlar o, İsmayıllıya tez-tez gəlirdi. Bizim son görüşümüz İsmayıllının Buynuz kəndində oldu. İstirahətə gəlmişdi. Biz o vaxtlar tez-tez görüşürdük. Bir bulaq var, biz ona “Qonaqbulaq” deyirik. “Qonaqbulaq” ona görə deyirik ki, bu bulaq ancaq yayda çağlayır, qışda quruyur. Zəlimxan Yaqub bizim kəndə gəldiyi zaman həmin bulağa gedərdik. Elə axırıncı görüşümüz də həmin bulağın altında oldu. Mən Zəlimxan Yaqub, Nəriman Göytəpəli və bir neçə başqa şəxslə oturub, orada xeyli söhbət etdik. Axır vaxtlar Zəlimxanın qələmi işləyirdi. O mənim haqqımda bir şeir yazıb:
“Zəlimxan o qəbirə necə sığacaq?”
Qardaşıma bir bənzətmə tapmışam,
Musa Yaqub dağ kəlinə bənzəyir.
Başı zirvə, döşü yamac, özü dağ,
Şeiriyyətin heykəlinə bənzəyir.
Zəlimxan xatirəsini yadına salıb, düşünmək mənim üçün çətindir. Dünən onun yasında iştirak etmişəm. Onun qəbiri başında dayanıb “Qəbir necə də dardır. Zəlimxan dünyaya, poeziyaya, şeirə sığmırdı, bu qəbirə necə sığacaq? Ancaq sığmayacaq. Sazın tellərində, dəftərdə, qələmdə, televiziyada, radioda, bütün deyimlərdə, məclislərdə, poeziyamızda onun şeiri göyərəcək. Zəlimxan şeiri min-min dəfə ayağa duracaq. O, poeziyamızda, könlümüzdə yaşayacaq”, – dedim”.
Xatırladaq ki, xalq şairi Zəlimxan Yaqub yanvarın 9-da uzun sürən xəstəlikdən sonra vəfat edib.
Allah rəhmət eləsin.

Şərh Yaz