Sənan Mustafayev dünyasını dəyişib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Materialşünaslıq və Materialların texnologiyası kafedrasının professoru Sənan Mustafayev 87 yaşında dünyasını dəyişib. S.Mustafayev 1929-cu ildə İsmayıllıda müəllim ailəsində anadan olub.
Sənan Mustafayev dünyasını dəyişib
1946-cı ildə Tbilisi Dəmir Yol Mühəndisləri İnstitutunun Bakı filialına daxil olub, 1951-ci ildə Azərbaycan Politexnik İnstitutuna birləşdirilmiş və oranı Fərqlənmə diplomu ilə bitirərək institutda saxlanılıb, baş lobarant, assistent vəzifəsində işləyib.
1953-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun aspiranturasına daxil olub və 1956-cı ildə aspiranturanı bitirdikdən sonra assistent, baş müəllim, dosent vəzifələrində çalışıb. 1971-ci ildə professor elmi adını alıb.
S.Mustafayev 1961-1963-cü illərdə Ali və Orta İxtisas Təhsil Nazirliyində elm idarəsinin rəisi, 1963-1964-cü illərdə Ali məktəblər idarəsinin rəisi, 1964-1974-cü illərdə nazirin birinci müavini, 1975-ci ildə yeni yaradılmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun rektoru,1978-1983-cü illərdə Əfqanıstanda təhsil məsələləri üzrə müşavirlər qrupunun rəhbəri, 1983-1984-cü illərdə Ali və Orta İxtisas Təhsil Nazirinin beynəlxalq əlaqələr üzrə müavini, 1984-cü ildən 2005-ci ilə qədər Azərbaycan Dövlət Neft Akademiyasının “Materialşünaslıq və materialların texnologiyası” kafedrasının müdiri olub.
Sənan Mustafayev Əməkdar elm xadimi fəxri adına layiq görülüb, “Şöhrət” ordeni, SSRİ-nin medalları və Əfqanistanın “Dostluq” ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin. Qəbri nurla dolsun.

Şərh Yaz