Kollecdə fərqli bir gün

İncəsənət güclü ideya və bacarıqları ifadə etmək üçün bir vasitədir. Gerçəkliyin bədii əksi kimi incəsənət rəssamlıqda, memarlıqda, musiqidə, ədəbiyyatda, teatr və kinoda özünü göstərir.
Dekabrın 16-da İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində (İDHTK) kollecin müəllim və tələbə heyətinin iştirakı ilə “Əl işləri” sərgisi keçirilib. İstedadlı tələbələr özlərinin hazırladıqları müxtəlif mövzulu rəsm əsərləri, Azərbaycanın milli, qədim atributlarını əks etdirdikləri əl işlərini nümayiş etdiriblər.
Kollecdə fərqli bir gün
Onlar əl işləri və rəsmlərində təbiətin gözəlliklərini, düşüncə və arzularını əks etdirməyə çalışıblar. Sərginin keçirilməsində əsas məqsəd milli dəyərlərin saxlanması və qorunmasından, tələbələrdə vətənə olan sevginin, hörmətin aşılanmasından ibarət olub. Tədbir istedadlı gənclərin üzə çıxarılmasında, onların bir araya gətirilməsində, aralarında ideya birliyi yaradılmasında mühüm rol oynayır. Sərgi həmçinin yaradıcı gənclərin milli irsimizi, dəyərlərimizi əl işləri vasitəsilə nümayiş etdiriliməsi üçün fürsət olub. Sərgidə tələbələrin biçmə, toxuma-tikmə, qələmlə, eləcə də yağlı boya ilə çəkilmiş rəsm əsərləri, pannolar, fiqurativ rəsmlər, güllərdən hazırlanan kompozisiyalar, muncuq, balıqqulağı, mərci, xırda daşlar, düyü, buğda və s. məmulatlardan ibarət əl işləri, stendlər nümayiş olunub.
Sərginin təşkilatçısı kollecin Tələbə Gənclər Təşkilatı –“ İctimaiyyətlə əlaqədar yaradıcılıq Departamentinin sədri, muhasibat uçotu qrupunun tələbəsi Tamara Səlimova olub. Sərgidə məktəbəqədər təlim tərbiyə qrupundan Turan Sayəddinli, turizm və onun təşkili qrupundan Nəzrin Bayramova, Aytac Mövlamova, Röyalə Allahverdiyeva, taxıl və taxıl məhsulları qrupundan Sarvan Səfərəliyev, informatika müəllimliyi qrupundan Aysu Əliyeva və digər qrupların əl işləri rəsm əsərləri, müxtəlif formalı kompozisiya və eksponatları nümayiş olunub.
Tələbələrin çəkdiyi rəsmlər sərgidə iştirak edən hər kəs tərəfindən böyük maraqla qarşılandı. Bu rəsmlərin hər birində real aləmin həcmi, rəngi, məkan, işıq və hava mühiti və s. kimi gözlə qavranıla bilən əlamətlər tam dolğunluğu ilə canlandırılmışdır.
Tələbələr həm də vətənpərvərlik, milli atributlarımız, milli kinomuz və s. mövzularda rəsm əsərləri ilə sərgiyə gəliblər.
Vətənpərvərlik, vətənə məhəbbət, düşmənə nifrət duyğularını çəkdikləri şəkillər vasitəsi ilə hər kəsə çatdırmağa çalışıblar. Həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Mühasibat uçotu qrupunun tələbəsi Səlmi Rüstəmova, məktəbəqədər təlim-tərbiyə qrupunun tələbəsi Ofelya Musayeva və digər tələbələrin çəkdikləri erməni zülmünün dayandırılması, Xocalı soyqırımı, müharibədə övladı ölmüş ananın fəryadı kimi rəsmlərində bunu aydın görmək olur.
Maraq oyadan rəsmlərdən biri də Şahin Əliyevin çəkdiyi qədim türklərin totemlərindən sayılan В«Boz qurdВ» rəsmi olub.
Dövrümüzün ən maraqlı və ən populyar incəsənət növlərindən hesab olunan kino xalqımızın həyatına nüfuz edib və onun tərkib hissəsinə çevrilib. Ofelya Musayeva tərəfindən “Ulduz”, “Qaraca qız” və “Gün keçdi” filmlərindən çəkilmiş fiqurativ rəsmlər milli kinomuza olan sevgi və maraqdan irəli gələn rəsmlərdəndir.
Tələbələrin bir neçəsinin hazırladığı əl işi sərgidə iştirak edən hər kəsdə yaxşı mənada təəccüb doğurub. Muncuq, balıqqulağı, düyü, mərci, daş, ağac və süni güllərdən istifadə edərək hazırladıqları əsərlər mükəmməl görünürdü. Bu əsərlərdəki fantaziya genişliyi baxanları heyrətə salıb.
Sərgidə tariximizin möhtəşəm abidələrindən hesab olunan Qız qalası həm qənddən hazırlanmış eksponat, həm də əl işi tərzində nümayiş olundu. Mühasibat uçotu 221-ci qrupun birgə səyi nəticəsində qənddən hazırladıqları eksponat tədbir iştirakçılarına qeyri-adi təsir bağışlayıb..
Son zamanlar nənələrimizin çarpaz toxuma ilə hazırladıqları işlər daha çox diqqət çəkməyə başlayıb. Bu məşğuliyyət insanın əsəblərini sakitləşdirir, xəyal dünyasını inkişaf etdirir. Turizm və onun təşkili qrupunda Röyalə Allahverdiyeva, mühasibat uçotu qrupunda Ruziyyə Əliyeva, Tamara Səlimova müxtəlif səpkili əl işləri toxuyublar. Bunlardan bir neçəsi rəngli saplarla bəzədilmiş “İDHTK” –“ kollecin adı ək olunmuş əl işi idi.
Sərginin açılışında iştirak edən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktor əvəzi Sevda Qasımova bu sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür edib. Belə tədbirlərin kollecin mədəni həyatında mühüm rol oynayacağını vurğulayıb.
Bill Qeyts deyib ki, həyatın çətinliklərinə yaradıcılıqla yanaşanda o, daha da maraqlı olur. Düşünürük ki, incəsənət hər yerdə onu dərk edən insanlarda maraq doğurur. Sərgidə iştirak edən hər kəs bu müxtəlif janrlı əsərlərə baxanda bir dinclik, rahatlıq tapıb.
Kollecdə fərqli bir gün
Vüsalə Qasımova,
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllimi

Şərh Yaz