Xatirələr dilə gəlir (Gəraybəyli kənd sakini Məzahir Xəlilovun xatirələri)

Hər bir insanın dahiliyi onun şərəf və ləyaqətlə, yorulmadan vətəninə, xalqına xidmətləri ilə bağlıdır.
Ulu öndərimiz Heydər Əliyev məhz belə insanlardandır və o öz əməlləri ilə Azərbaycan xalqının taleyində və tarixində özünəməxsus izlər buraxıb. Bu gün hər bir vətən övladı onun xatirəsini dərin ehtiramla yad edir. Bu dahi şəxsiyyət, bənzərsiz lider haqqında saysız-hesabsız yazılar dərc olunsa, kitablar çapdan çıxsa da bunların ən dəyərlisi onunla görüşmüş, həmsöhbət olmuş, səfərlərinin canlı şahidi olmuş insanların xatirələridir. Ümummilli liderlə görüşünü xatırlayan hər bir şəxs əvvəlcə onun 1969-cu ildə Azərbaycan KP MK-ya I katib seçilərkən respublikanın acınacaqlı vəziyyətini nəzərə çatdırır. Demək olar ki, o dövrdə Azərbaycan bütün göstəricilərə görə Ümumittifaq göstəricilərindən geridə qalırdı.
Neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası sənayesində işlərin fasiləsiz aparılması pozulur, bir çox sahələrin texniki-iqtisadi göstəriciləri aşağı düşürdü.
Kənd təsərrüfatının istehsal səviyyəsi azalan xətt üzrə davam edirdi.
Əlbəttə, belə bir dövrdə köhnə post-sovet məkanının bir “parçası” olan respublikaya rəhbərlik etmək böyük hünər, savad, bacarıq tələb edirdi. Hamını narahat edən bu məsələlər H.Əliyevin respublikaya rəhbərliyi dövründə öz həllini tapdı və Azərbaycan qısa zaman kəsiyində nəyinki kənd təsərrüfatının, o cümlədən sənayenin də inkişafında nəzərə çarpacaq dəyişikliyə nail oldu. Respublikaya rəhbər təyin edilən Heydər Əliyev vəziyyəti təhlil edir və aşkar olunan nöqsan və çatışmazlıqlar vaxt itirilmədən aradan qaldırılırdı. Bu illər Azərbaycanın iqtisadi və ictimi-siyasi həyatında dönüş mərhələsi oldu. Respublikanın dinamik inkişafı üçün kompleks planların işlənib hazırlanmasında Ulu öndərin yorulmaz fəaliyyəti, misilsiz təşəbbüskarlığı və böyük təşkilatçılığı 1970-80-ci illərdə müvəffəqiyyətlərin rəhni oldu.
Bəli, bu dövrü xatırlayan şahidlər məhz belə vəziyyətdən respublikanın çıxarılmasını yalnız və yalnız Heydər Əliyev dühası ilə əlaqələndirirlər.
Bölgələrə təşkil olunan səfərlər, əməkçi insanlarla yerindəcə görüşlər bu işlərin mərkəzində dayanırdı.
Ulu öndərin 1981-ci ilin iyul ayında İsmayıllıya səfərinin şahidi olmuş Gəraybəyli kənd sakini Məzahir Xəlilov o günləri belə xatırlayır:
“1981-ci ilin iyul ayı idi. Mən, “Rusiya” üzümçülük sovxozunda 3 nömrəli briqadanın briqadiri işləyirdim. Bağlarda qızğın becərmə dövrü idi. Üzümə göz düşürdü. Hüseyn Səfərov yenicə sovxoz direktoru təyin olunmuşdu. Xəbər çıxdı ki, rayonda kənd təsərrüfatı üzrə zona müşavirəsi keçiriləcək. Azərbaycan KP MK-nın I katibi Heydər Əliyev həmin müşavirədə iştirak edəcək. Ən sevindiricisi o idi ki, o yolüstü bizim sovxozda da dayanacaq və əməkçilərlə görüş keçirəcəkdi. Bu, çox əlamətdar hadisə idi. Г‡ünki birinci dəfə idi ki, belə bir görkəmli şəxsiyyət bizim sovxozda dayanırdı. Biz çox səylə hazırlaşdıq. Xəlilli kəndində, yolun kənarında, düz üzüm bağının yanında talvar tikildi və sahə abadlaşdırıldı. Həmin gün səhər tezdən camaat ora yığışmışdı. Г‡ünki demişdilər ki, katib tez gələcək. Düz saat 9:00-da maşın karvanı həmin yerə çatdı. Heydər Əliyev maşından düşdü, camaatı salamladı və bir çox adamla əl-ələ görüşdü. O, şən və sadə görünürdü. Camaatla çox səmimi danışırdı. Sonra o düzəldilmiş tribunaya qalxdı. Qısa bir nitqdən sonra hamıya müraciət etdi. İlk olaraq dedi ki, hamınız yaxın gəlin, kimin nə sözü, problemi varsa müraciət eləsin. Kənd camaatından Yusif Mikayılov söz alaraq dedi ki, yoldaş Əliyev! Heç nədən çətinliyimiz yoxdur. Təkcə içməli sudan və qazın olmamasından çətinlik çəkirik. O, çox təəccübləndi. Yunis Rzayevə müraciət edib izahat istədi. Rzayev dedi ki, yoldaş Əliyev, hələ layihə yoxdur. Bu zaman Heydər Əliyev yolun altını göstərərək: “Qaz kəməri burdan keçmirmi? Bizdə qaz çoxdur. Təcili camaata qaz verin”. Su haqqında da göstəriş verəndən sonra yenə də təkidlə hansı çatışmazlıq olduğunu soruşdu. Heç kəs dillənmədikdə özü soruşdu ki, hamamınız varmı? “Yox” cavabını eşitdikdə göstəriş verdi ki, hamam binası da tikilsin və nəticə barədə məlumat verilsin. Sonra bir çox başqa məsələlərlə də maraqlandı. Həmin il sovxozun 550 ton üzüm planı var idi. Biz də əlavə olaraq 1000 ton da məhsul yetişdirməyə söz verdik və buna artıqlaması ilə əməl etdik.
Heydər Əliyevin o qısa görüşü bizim sovxozun həyatında çox böyük dönüş yaratdı. Olduqca qısa bir zamanda layihəçilər gəldi və kəndlərimizi qaz və içməli su ilə təmin etdilər. Hətta Gəraybəyli kəndində hamam binası tikildi. Kəndin baş planı tərtib olundu. Bu haqda çox danışmaq olar. Ən əsası isə odur ki, camaatımız bu görüşü heç zaman unutmayacaq. Heydər Əliyevin əziz xatirəsini daim minnətdarlıqla yad edəcəyik”.
Elçin Məmmədov

Şərh Yaz