Müasir dövr və kitabxana

İsmayıllıda Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə kitabxana işçilərinin Şirvan zonası üzrə müşavirəsi keçirilib. Tədbirdə Şirvan, Ağsu, İsmayıllı, Oğuz, Qəbələ, Göyçay, Şamaxı, Qobustan, Kürdəmir, Hacıqabul rayonlarının kitabxanaçıları iştirak edib.
Müasir dövr və kitabxana
Müasir dövr və kitabxana
Müşavirədə çıxış edən Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev ölkə prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çoxlu sayda yeni muzeylər, musiqi məktəbləri, mədəniyyət mərkəzləri və kitabxanaların istifadəyə verildiyini bildirib. Qeyd olunub ki, kitabxana sahəsinin inkişaf etdirilməsi dövlətimizin mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biridir. Bununla bağlı müvafiq Dövlət proqramı və layihələr həyata keçirilir. Eyni zamanda, yerlərdə kitabxanaların işinin müasir tələblər səviyyəsində qurulması ilə bağlı çatışmazlıqlar, problemlər qalmaqdadır.
Bildirilib ki, bu gün qloballaşan dünyada informasiya vasitələrinin inkişafı, məlumatların daha sürətlə yayılması ilə bağlı elektron kitabxana sistemləri formalaşır.
Vaqif Əliyev elektron informasiya vasitələrinin inkişaf etdiyi bir dövrdə kitabxanalara gələnlərin sayının azalmasının təkcə Azərbaycan kitabxanalarının deyil, ümumilikdə dünya kitabxanalarının üzləşdiyini reallıq olduğunu vurğulayıb. Qeyd edib ki, bu sahədə bir sıra işlər görülür. Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin vahid elektron şəbəkədə birləşdirilməsi və daha rahat, internet vasitəsi ilə istifadə üçün müvafiq proqram həyata keçirilir.
Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin kitabxana sektorunun müdiri Lətifə Məmmədova Şirvan zonasında yerləşən Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində görülən işlər, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib eyni zamanda, mövcud çatışmazlıqlar barədə danışıb.
Müşavirədə “Tələbə və gənclərə kitabxana xidmətinin yüksək səviyyədə göstərilməsi”, “Kitabxananın maddi-texniki bazasının möhkəmləndirilməsi vacib amillərdən biridir”, “Nağıl otağı – uşaqların sevimli məkanı”, “Kitabxana filiallarında oxuculara xidmət işinin təşkili”, “Kitabxanalar maraqlı tədbirlər məkanı kimi”, “Kitabxana xidmətində internet və elektron resursların rolu”, “Kənd kitabxana filiallarında oxucularla aparılan işin xüsusiyyətləri” mövzularında çıxışlar edilib, kitabxana mütəxəssisləri tərəfindən müvafiq sahəyə dair fikir və təcrübə mübadiləsi, müzakirələr aparılıb.
İsmayıllı rayon MKS-nin Uşaq şöbəsinin müdiri Rəna Əzimovanın çıxışı “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda olub.
Müşavirədə Azərbaycan kitabxanalarını vahid şəbəkədə birləşdirən Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sistemi (ALİSA) haqqında ətraflı məlumat verilib, bu sistemdən istifadə zamanı mütəxəssislər tərəfindən müşahidə edilən problemlər və onların həlli məsələləri nəzərdən keçirilib.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxışında ALİSA sisteminin tətbiqi, rayon və şəhər kitabxanalarının əməkdaşları üçün keçirilən silsilə treninqlər barədə danışıb.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova müşavirədə iştirak edib.
Səadət Rəhimova

Şərh Yaz