İsmayıllını müasir məkana çevirmək yolları dərindən düşünülür

2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun məruzəsinin xülasəsi
İsmayıllını müasir məkana çevirmək yolları  dərindən düşünülür
2015-ci ilin 9 ayı rayonumuz üçün uğurlu olub. Hesabat dövründə rayonun büdcə gəlirləri və xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə qənaətbəxş hesab oluna bilər.2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun məruzəsinin xülasəsi
2015-ci ilin 9 ayı rayonumuz üçün uğurlu olub. Hesabat dövründə rayonun büdcə gəlirləri və xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə qənaətbəxş hesab oluna bilər.
Rayonumuzda tikinti-quruculuq işləri ilin üçüncü rübündə də davam etdirilib. Yaşayış evləri, inzibati binalar, yollar tikilib və ya əsaslı təmir olunub. İsmayıllını müasir bir məkana çevirmək yolları dərindən düşünülür. Hazırda şəhərin Heydər Əliyev prospektində müasir ticarət və xidmət obyektlərinin tikintisi başa çatmaq üzrədir. Qurunt sularının axıdılması üçün ərazidə diametri 1000 millimetrlik beton borularla drenaj xətti qurulub. Tədbirlərin icrası ilə prospektə şəhərin tələblərinə uyğun görkəm verilməkdədir.
Bazar ətrafında primitiv görkəmi ilə şəhərin ümumi mənzərəsinə xələl gətirən obyektlərin yenidən qurulması və nəqliyatın nizamsız hərəkətini sistemləşdirmək üçün ərazidə “Saat meydanı”nın inşasına başlanıb. Bu məqsədlə Rayon İcra Hakimiyyətində ictimaiyyətin iştirakı ilə “İsmayıllı şəhərinin arxitektura durumu, problemlər və vəzifələr” mövzusunda müzakirə keçirilib. Müzakirə iştirakçılarına “Saat meydanı”nın layihəsi təqdim olunub. Layihə Cavanşir, M.Ə.Rəsulzadə və Şirvanşahlar küçələrinin əhatəsində icra olunur. Meydanın ərazisi 0,17 hektar olmaqla, mərkəzi hissəsində 8 metr hündürülükdə metal saat qüllənin inşası nəzərdə tutulub. Burada əhalinin istirahətini təmin etmək üçün oturacaqların quraşdırılması, yaşıl örtüyün salınması, dekorativ gül və ağac kollarının əkilməsi də planlaşdırılıb. Bazar ətrafında fəaliyyət göstərən sənətkarlar üçün yeni sənətkarlıq bazarının yaradılması, meydanın ətrafında olan bütün obyektlərin müasirləşdirilməsi nəzərdə tutulub.
Rayonun sosial-iqtisadi həyatında mühüm rol oynayacaq bir sıra layihələrin icrası 2015-ci ildə də davam etdirilib. Diyallı kəndi ərazisində Velosiped zavodunun, Keyvəndi kəndində “AZZA Aqro” MMC tərəfindən inşa edilən 1500 başlıq iri heyvandarlıq təsərrüfatının, İsmayıllı şəhərində “Yaşıl market”in və Kənd Təsərrüfatı Nazirliyinin İsmayıllı Rayon Şöbəsinin inzibati binasının, Göyçay çayı üzərində inşa olunan “İsmayıllı SES-2”-nin, M.F.Axundov küçəsində iki 9 mərtəbəli yaşayış binasının tikintisi davam etdirilib. 2015-ci ildə dövlət vəsaiti və digər mənbələr hesabına sosial-infrastruktur layihələri icra edilir. Şəhərin Təbriz küçəsində 5 qrupluq uşaq bağçasının yenidən qurulması davam etdirilib, 3 saylı məktəb-liseyin yenidən qurulması isə başa çatdırılıb.
Rayonda sənayenin inkişafı diqqət mərkəzindədir. Bu məqsədlə yaxın vaxtlarda Velosiped zavodunun yaxınlığında, dövlət mülkiyyətində olan sahədə “Sənaye mərkəzi”nin yaradılması nəzərdə tutulub. İmkanlar nəzərdən keçirilir, sahibkarlar, iş adamları ilə müvafiq söhbətlər aparılır. Təşəbbüsün dəstəklənməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət olunub. 5 hektardan ibarət ərazinin sxemi və infrastrukturun mövcudluğu, həmçinin burada yaradılması nəzərdə tutulan obyektlər barədə ilkin məlumatlar nazirliyə təqdim olunub.
Təəssüf olunası haldır ki, hələlik iş adamları tərəfindən təşəbbüskarlıq zəifdir. Yeni təkliflərlə müraciət edənlər azdır. Bu da sənaye məhəllələrinin mahiyyəti barədə iş adamlarının kifayət qədər məlumatlı olmamasından irəli gəlir. Bu sahəyə xüsusi diqqət yetirilməlidir.
Yeni iş yerlərinin yaradılması baxımından sahibkarlarla müntəzəm iş aparılır. Yeni layihələrin gerçəkləşməsi üçün təkliflər verilir. İşsizliyin aradan qaldırılması məqsədilə 2013-cü ildə istifadəyə verilmiş İsmayıllı Tikiş fabrikinin istehsal gücü artırılmış, əhatəsi bir neçə kənd də daxil olmaqla genişləndirilmişdir.
Rayonda son 2 ildə 3 bağça binası inşa edilib. Hazırda şəhərin Cavanşir küçəsində yenidən qurulan bağça binasında və Xəlilli kəndindəki bağçada tikinti işləri davam etdirilir.
Hesabat dövründə İsmayıllı şəhərinin 13 küçəsinə, 3 yaşayış məhəlləsinə asfalt örtük vurulub. Kənd yollarının təmiri üçün İsmayıllı 10 saylı Yol İstismar İdarəsi tərəfindən 930 min manat vəsait xərclənib. Təmir işləri əsasən Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda və yerli əhəmiyyətli yollarda aparılıb. Cülyan-İsmayıllı yolunun 1,8 kilometr hissəsinə yeni asfalt örtük vurulub. Basqal-Sulut, Kürdüvan-Mücü, Sumağallı-Qalacıq, Tircan-Sərdəhar yollarında cari təmir işləri aparılıb.
Vətəndaşların müraciətləri əsasında 158 yeni fərdi yaşayış evinin tikintisinə razılıq sənədi verilib.
Cari il “Kənd təsərrüfatı ili” elan olunub. Bu səbəbdən rayonda aqrar sektorun inkişafına böyük diqqət yetirilir. Əkinə yararlı, istifadəsiz torpaqlar müəyyənləşdirilir, onlardan istifadə imkanları dəqiqləşdirilir.
Bu ilin 9 ayı ərzində rayonda kənd təsərrüfatında ümumi məhsul istehsalı 75 milyon 944 min manat təşkil edib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu, 12 milyon 460 min manat artıqdır. Rayonda 2014-cü ilin payızında əkilmiş 28212 hektar payızlıq taxıl bitkisi sahələrinə aqrotexniki qaydada qulluq olunduğu üçün normal bitiş alındı. Biçin mövsümünə ciddi hazırlıq işləri görüldü. Yanğın təhlükəsinin qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirildi. Biçin optimal müddətdə başa çatdırıldı. Nəticədə ilk dəfə olaraq rayon tarixində rekord səviyyədə, 103 min 282 ton taxıl istehsal olundu. Ümumiyyətlə, 2015-ci il məhsulu üçün torpağa səpilmiş 28 min 919 hektar dənli və dənli-paxlalı bitkidən 104 min 894 ton taxıl istehsal olunub. Dəmyə şəraitində hər hektardan 36,3 sentner məhsul alınıb. Bu, yüksək göstəricidir. Əkinçilərimizin nailiyyəti bizi sevindirir, onların uğurlari ilə fəxr edirik. Lakin bu heç də son nəticə deyildir. Əkin dövriyyəsinə cəlb olunmamış torpaq sahələri çoxdur. İntensiv metodlarla istehsalın artırılmasına diqqət yetirilməlidir. Eyni torpaq və iqlim şəraitinə malik yaxın kəndlər üzrə məhsuldarlıqda kəskin fərqlər meydana çıxır. Aydın olur ki, bəzi fermerlərin sahələrə lazımi aqrotexniki qulluq göstərmədiklərindən nəticə zəif olur. Bu hallar təhlil olunmalı və lazımi nəticə çıxarılmalıdır.
Rayonda 3618 hektar sahədə yazlıq, o cümlədən 684 hektarda dənli-paxlalılar, 370 hektarda günəbaxan, 1586 hektarda kartof, tərəvəz və bostan, 955 hektar sahədə isə yem bitkiləri əkilib.
Üzümçülük və meyvəçilik rayon iqtisadiyyatının gəlirli sahələrindəndir. Hazırda rayon üzrə 934 hektar üzüm, 1158 hektar meyvə bağı vardır.
Kənd təsərrüfatı üzrə çalışanlara layihələrinin icrası üçün müxtəlif təşkilatlar tərəfindən maliyyə dəstəyi göstərilir. Beş yüz aztəminatlı ailəyə gəlirlərinin artırılması. üçün müvafiq tədbirlər görülür. 7 kənddə 14 qrupdan ibarət 140 nəfər fermer layihəyə cəlb olunub. Layihə çərçivəsində pomidor, çiyələk becərilməsi, arıçılığın və heyvandarlığın inkişaf etdirilməsi nəzərdə tutulub, qruplara müvafiq avadanlıq və əkin materialı verilib.
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamının icrası ilə əlaqədar 2014-cü ilin payızında 17269 hektarda əkilmiş payızlıq buğdaya görə 5260 nəfər istehsalçıya 690,8 min manat kompensasiya ödənilib.
Bu il kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısı daha da gücləndirilib, ödəniləcək kompensasiya 25 faiz artırılıb.
Heyvandarlıq kənd təsərrüfatında aparıcı sahədir. Hesabat dövründə iribuynuzlu mal-qara 51 min 371 başa, xırda buynuzlu heyvanlar 178 min 473 başa çatdırılıb. Diri çəkidə 3947 ton ət, 25665 ton süd, 8 milyon 534 min ədəd yumurta istehsal olunub. Bütün göstəricilər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yüksəkdir.
Rayon Baytarlıq İdarəsi epizootik vəziyyətin sağlam saxlanılması üçün üzərinə düşən vəzifələri yerinə yetirib, yoluxucu xəstəliklərə qarşı profilaktiki tədbirlər vaxtında həyata keçirilib.
Ötən 9 ay ərzində Dövlət Baytarlıq Müfəttişliyinin nəzarəti səbəbindən mal-qara arasında yoluxucu xəstəliklər baş verməyib, rayon ərazisi epizootik sağlam olub.
İsmayıllı “Aqroservis” filialı və “Aqrokimya” MMC tərəfindən cari ildə 1504 ton mineral gübrə gətirilib və istehsalçılara güzəştli qiymətlərlə satılıb. Hazırda “Aqroservis” filialı tərəfindən gələn ilin məhsulu üçün 605 ton azotlu mineral gübrə gətirilib.
Hesabat dövründə Meşə Mühafizəsi və Bərpası Müəssisəsində 40 hektar sahədə bərpa tədbirləri aparılıb, müəssisənin tingçilik sahələri genişləndirilib, müşələrin mühafizəsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib, meşə qanunvericiliyini pozanlara qarşı cərimələr tətbiq olunub.
Ətraf mühitin mühafizəsi və digər ekoloji təhlükəsizlik tədbirləri 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən də həyata keçirilib.
12 saylı Yol Yaşıllaşdırma Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən bu ilin 9 ayı ərzində İsmayıllı-Muğanlı yolunun kənarlarında hərəkətə mane olan ağaclarda budama işi aparılıb, yol kənarlarında aparılan təmizlik işlərindən sonra 1500 ədəd müxtəlif növ ağac əkilib.
İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən hesabat dövründə daşqın və selə qarşı çay məcralarının lil və çınqıldan təmizlənməsi məqsədilə 269 min kubmetr iş görülüb. Г‡ay məcralarının təmizlənməsi prosesində 410 min kubmetr buldozer, 171 min kubmetr isə ekskovator işi görülüb.
Podratçı təşkilatçılar tərəfindən Lahıc qəsəbəsinin sel sularından mühafizəsi üçün 100 metr beton bəndin tikintisi başa çatıb, magistral beton kanalın Təzəkənd kəndi ərazisindən keçən 300 metr hissəsi “Azkampazit” beton kanalla əvəz olunub.
Rayonda ağac əkini, yeni yaşıllıqların salınması və mühafizəsi diqqət mərkəzində olub. Bu sahədə idarə və təşkilatlar könüllü iməciliklər keçiriblər. İsmayıllı-Muğanlı avtomobil yolu boyunca salınan yaşıllıq zolaqlarında təmir-bərpa işləri aparılıb, quruyan ağaclar yeniləri ilə əvəzlənib. Ümumilikdə yol kənarlarında, şəhər və bələdiyyə ərazilərində 18 mindən çox ağac əkilib. Əkilən ağaclar suvarılıb.
Süni qiymət artımının qarşısının alınması məqsədilə bayramlar ərəfəsində və şənbə-bazar günlərində kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilib. Yarmarkalarda əhaliyə bazar qiymətlərindən 20-25 faiz aşağı qiymətlərlə kənd təsərrüfatı məhsulları satılıb.
9 ay ərzində rayon üzrə ayrı-ayrı sahələrdə ümumi məhsul buraxılışı 129 milyon 508 min manat təşkil edib. Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 108,7 faiz artıqdır. Bunun 3 milyon 250 min manatı sənaye sahəsinin payına düşür.
İsmayıllını müasir məkana çevirmək yolları  dərindən düşünülür
Respublikamızda sənaye və kənd təsərrüfatının inkişafı günü-gündən yüksəlməkdədir. Buna verilən dəyər kimi, ölkə başçısının sahibkarlara göstərdiyi diqqət və qayğı daha da artıb. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Regionların sosial-iqtisadi inkişafına dair birinci, ikinci və üçüncü Dövlət Proqramları” çərçivəsində görülən işlər və layihələr rayonumuzda da yüksək səviyyədə həyata keçirilir. 9 avqust 2015-ci il tarixdə “Sahibkarlığın inkişafının prioritet istiqamətləri, ona iqtisadi və mənəvi dəstək göstərilməsi yolları” mövzusunda keçirilən konfransda rayonda sahibkarlığın və fermer təsərrüfatlarının inkişafı üçün yaradılan münbit şərait, onların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının tamamilə alınması, sahibkarlara və fermerlərə münasibətdə yalnız qanunların əsas götürülməsi, rayona investisiya qoyuluşunun, özəl sahəyə dövlət dəstəyinin artması barədə geniş konfrans keçirilib. 17 sentyabr 2015-ci il tarixdə isə İsmayıllıda keçirilən konfransda qeyri-neft sektorunun inkişafına töhfə, kiçik və orta sahibkarlığın inkişafına dəstək vermək, orta ixtisas və peşə təhsilindən kənarda qalan gənclərə köməklik göstərmək məqsədi ilə “Gənc təsərrüfatçılar məktəbi” yaradılıb .
Hesabat dövründə 60 nəfər sahibkara Sahibkarlığa Kömək Fondu tərəfindən bir milyon 374 min manat məbləğində güzəştli kredit verilib, yaradılan əmək sahələrində 140 nəfər işlə təmin olunub.
İsmayıllı Qaz İstismar Sahəsi 13950 abonentə xidmət göstərir ki, bunun da 13798-i əhali, 152-si qeyri-əhali abonentidir. Son 9 ay ərzində 496 abonent yeni qeydiyyata alınıb. Qaz təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilıb, şəhərin “Böyük mərc” və “Kökəltmə” məhəllələrində qazlaşdırılma başa çatdırılıb, təbii qaz sakinlərin istifadəsinə verilib. Basqal qəsəbəsi və Xanagah kəndlərinin qazlaşdırılması işləri başa çatdırılıb. 936 ədəd məişət qaz sayğacı quraşdırılıb, İstisu və Г‡ayqovuşan kəndlərinə 9518 metr müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xəttləri çəkilib. Bu ərazidə işlər hazırda davam etdirilir.
197 ədəd məişət qaz sayğacı yenisi ilə əvəz olunub, 278 ədəd sayğac isə yeni istismara qəbul edilib.
9 ay ərzində abonentlərə 20 milyon 969 min 163 kubmetr qaz satılıb. 21 milyon 259 min 23 manat ödəniş təmin olunub. Bu məbləğ yığımın 101,4 faizini təşkil edir. Rayonda qazlaşdırılmamış yaşayış məntəqələri hələ də çoxdur. Kənd yaşayış məntəqələrinin qazlaşmasını sürətləndirmək məqsədilə əsaslı tədbirlər həyata keçirilməlidir.
Cari ilin 9 ayı ərzində İsmayıllı Elektrik Şəbəkəsi tərəfindən 110 kilovoltluq İsmayıllı hava xəttinin Qubaxəlilli budaqlanmasında 9 ədəd, 35 kilovoltluq Basqal hava xəttində 23 ədəd dayaq, 2,3 kilometr məftil dəyişdirilib. Enerji təsərrüfatında cari təmir işləri aparılıb. Rayon ərazisində 20 yeni transformator quraşdırılıb. Belə ki, şəhər ərazisində 10 kilovoltluq hava xətlərində 106, 0,4 kilovoltluq hava xətlərində 470 ədəd yeni dəmir-beton dayaq basdırılıb, 21,5 kilometr SİP kabel xətti çəkilib. Abonentlər üçün 1020 ədəd smart-kart və 230 ədəd elektron tipli sayğac quraşdırılıb. Kəndlərdə 10 və 0,4 kilovoltluq hava xətlərində 390 ədəd dayaq və 6200 metr məftil dəyişdirilib.
9 ay ərzində istehlakçılara 43 milyon 268 min 750 kilovat/saat enerji verilib, 2 milyon 165 min 308 manat vəsait yığılıb.
Prezident bölgələrdə köhnəlmiş infrastrukturun kifayət qədər çox olduğunu qeyd edib. Yeni infrastruktur – ötürücü xətlər, transformatorlar, bölgələrdəki elektrik təsərrüfatı yüksək səviyyədə olmalı və müasir standartlara cavab verməlidir. İnanırıq ki, rayonumuzda da enerji təsərrüfatında olan nöqsanlar yaxın vaxtlarda aradan qaldırılacaq və əhali fasiləsiz elektrik enerjisi ilə təmin olunacaqdır.
İsmayıllı Sukanal İdarəsi 3353 əhali, 171 büdcə və kommersiya abonentinə xidmət göstərir. Bu ilin 9 ayı ərzində şəhərdaxili köhnə paylayıcı su xətlərində müəyyən təmir işləri aparılıb. Sudan çətinlik çəkən məhəllələrə suyun verilməsi təmin edilib. Şəhərin Heydər Əliyev prospektində 130 metr yeni su xətti çəkməklə 20 abonent daimi içməli su ilə təchiz olunub. M.Orucov küçəsində su xəttinin 50 metr hissəsi yenilənib.
Г‡oxmənzilli kommunal yaşayış binalarına yeni su xəttinin qoşulması başa çatdırılıb. Hazırda yaşayış evlərində və digər obyektlərdə sayğacların quraşdırılması işi davam edir. Abonentlər üçün nəzərdə tutulan 4832 sayğacdan 3200 ədədi quraşdırılıb. Sayğacların quraşdırılması ilin sonunadək tamamlanacaqdır. 9 ayda 141 min manat proqnoz tapşırığa qarşı abonentlərdən 134 min manat vəsait yığılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 9 ay ərzində 1159 ailənin 5353 nəfər üzvünə ünvanlı sosial yardım təyin olunub. Adambaşına düşən orta aylıq məbləğ 29 manat 45 qəpik, bir ailəyə düşən orta aylıq məbləğ 136 manat 03 qəpik təşkil edir. Ünvanlı sosial yardım almaq hüququ olanlara yardım təyin edilməsi davam etdirilir. Mərkəzin Sosial-məişət xidməti sektoru rayon ərazisində 224 nəfər ahıl və əlil vətəndaşa evlərində xidmət göstərir.
DSMF tərəfindən birinci yarımillikdə əmək pensiyalarının ödənilməsinə 19 milyon 115 min manat, digər müavinətlərin ödənilməsinə isə 293,4 min manat vəsait xərclənib. Vəsaitin 84,5 faizi Respublika fondundan, qalan 15,5 faizi isə yerli daxilolmalar hesabına həyata keçirilib. Pensiya və müavinətlər vaxtında ödənilib. Məcburi dövlət sosial sığorta haqları 3 milyon 553 min manata qarşı 2 milyon 989 min manat və ya 84,1 faiz icra olunub. Yığımın tam təmin olunması üçün DSMF tərəfindən təsirli tədbirlər görülməlidir.
Rayon Məşğulluq Mərkəzi tərəfindən əhalinin məşğulluğunun təmin olunması üçün müvafiq tədbirlər davam etdirilir. 25 iyul 2015-ci il tarixdə rayonda növbəti “Əmək yarmarkası” keçirilib. Yarmarkada müəssisə, təşkilat, iş adamları və 107 idarə tərəfindən 393 boş iş yeri təqdim olunmuşdu. Müraciəti əsasında 146 nəfər qeyri-məşğul vətəndaşa göndəriş verilib və işlə təmin olunub. 9 ay ərzində 468 nəfər işaxtaran vətəndaş rəsmi qeydiyyata alınıb, onlardan 382 nəfəri işlə təmin edilib. İşlə təmin olunanların 100 nəfəri qadın, 255 nəfəri gənc, 9 nəfəri isə qaçqın və məcburi köçkündür.
Hazırda 390 nəfər işsiz statusu olan vətəndaş qeydiyyatdadır. Onların 251 nəfəri ali və 139 nəfəri orta-ixtisas təhsilli mütəxəssislərdir. İdarə və təşkilatlar tərəfindən boş iş yerləri haqqında məlumatlar müntəzəm olaraq Mərkəzə təqdim edilir. Məşğulluq Mərkəzinin idarə və təşkilatlarla daha işgüzar əlaqə qurması vacibdir.
13 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən 35 sahibkarlıq obyektində aparılmış nəzarət zamanı aşkar edilmiş qanun pozuntularına görə cavabdeh şəxslər 3500 manat inzibati qaydada cərimə olunub. Aşkar olunan nöqsanlar müfəttişlik tərəfindən aradan qaldırılıb. Müfəttişlik əmək qanunvericiliyinin icrasına dair nəzarəti daha da gücləndirməli, bu sahədə yol verilən nöqsanların aradan qaldırılması üçün təsirli tədbirlər görməlidir.
Kommunal Müəssisələri Kombinatı, Mənzil İstismar Sahəsinin xidmətindən söz açan RİH başçısı bu müəssisələrdə görülən işlər baradə rəqəmlərin dili ilə fikrini açıqlasa da ümumilikdə nəticələrin heç də qənaətbəxş olmadığını bildirib.
İsmayıllı Poçt filialının 9 ayda tarif gəlirləri proqnozu 155.4 min manata qarşı 163.7 min manat və ya 105.3 faiz yerinə yetirilib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 21.6 min manat çoxdur. Bu il İvanovka, Qalagah, Ruşan və Qalacıq kəndlərində poçt şöbələri tikilib istifadəyə verilib. Nəticədə əhaliyə göstərilən xidmətin səviyyəsi xeyli yüksəlib. Filialın Xəlilli, Ruşan, Quşencə, Sumağallı, Qalacıq və Diyallı poçt şöbələrinə bank-maliyyə xidmətləri göstərilməsi üçün Mərkəzi Bankdan Lisenziya alınıb.
İsmayıllı Telekommunikasiya Qovşağı 9 ayda 659.5 min manat gəlir əldə edilib. 223 mənzilə yeni telefon çəkilib, 63 abunəçinin telefon xətt yenidən bərpa olunub. Hazırda qovşaqda yeni telefon xəttlərinin çəkilməsi üçün 2779 ədəd boş tutum mövcuddur. Hesabat dövründə ATS-ə 896 portluq genişzolaqlı internet avadanlığı və telefon abunəçilərinin sayının artırılması üçün 32 nömrəlik kart alınıb və quraşdırılıb. Hazırda 3598 abunəçi genişzolaqlı internet xidmətindən istifadə edir. İvanovka, Lahıc, Talıstan, Mücü, Qalınçaq kəndlərində qış mövsümünə hazırlıqla əlaqədar daxili xidmət xətlərində cari təmir işləri aparılır. Rayon ərazisində 17 ədəd paylayıcı şkaf əsaslı təmir olunub.
Rayonda əhaliyə göstərilən nəqliyyat xidməti əsasən “İsmayıllı-Avtonəqliyyat” ASC tərəfindən həyata keçirilir. Müəssisə tərəfindən sərnişindaşıma şəbəkəsi əvvəlki illərə nisbətən genişləndirilib.
9 ay ərzində rayonda fəaliyyət göstərən 12 bank və kredit təşkilatları tərəfindən 15 milyon 283 min manat kredit verilib. Təəssüf doğuran haldır ki, kreditin cəmi 3 milyon 344 min manatı kənd təsərrüfatı və digər təsərrüfat sahələrinin inkişafına yönəldilib. Kredit faizlərinin yüksək olması əhalinin aztəminatlı təbəqəsinə kreditdən istifadə zamanı onların maddi durumlarının daha da pisləşməsinə səbəb olur.
Hesabat dövründə təhsil sahəsində əsaslı işlər görülüb, təhsilin maddi-tədris bazası möhkəmləndirilib, şagirdlərin təlim-tərbiyəsində uğurlu nəticələr əldə edilib. Yeni texnologiyaların tətbiqi, təhsilin müasir standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilib. Rayonun ümumtəhsil məktəblərində 1044 ədəd kompüter, 100-dən çox proyektor, 40 ədəd elektron lövhə şagirdlərin istifadəsindədir. Rayon üzrə hər 9 şagirdə bir kompüter düşür. Cari ildə keçirilən respublika və rayon səviyyəli tədbirlərdə, bilik yarışlarında, fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə, idman yarışlarında şagirdlər yüksək uğurlar qazanıblar. İstedadlı şagirdlər fənn olimpiadalarında yüksək bilik nümayiş etdirib, olimpiadanın final mərhələsində 5 nəfər şagird qaliblər sırasında yer tutub.
Bu ilin noyabr ayında təhsildə əldə etdiyi uğurlarına görə seçilən 40 nəfər müəllim və şagird “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Quba rayonuna göndəriləcək.
Ümumtəhsil məktəblərinin yeni dərs ilinə hazırlıq vəziyyətini öyrənmək, təhsil müəssisələrinə lazımi köməklik göstərmək məqsədilə RİH başçısının 17 iyun 2015-ci il tarixli, 87 nömrəli sərəncamı ilə müvafiq komissiya yaradılıb, ümumtəhsil məktəblərində, uşaq bağçaları və körpələr evində monitorinqlər aparılıb, ümumiləşdirilən nəticələr Təhsil Nazirliyi nümayəndəsinin iştirakı ilə müzakirə edilib. Müəllim-şagird nisbətini tənzimləmək istiqamətində işlər davam etdirilib. İxtisası, elmi metodiki hazırlığı uyğun olmayan müəllimlər işdən azad edilib. Təhsil Nazirliyi tərəfindən 51 nəfər müəllim rayonda işlə təmin edilib. Rayonun bir sıra ucqar dağ kəndlərində bəzi ixtisaslar üzrə müəllim kadrlarına ehtiyac hələ də qalmaqdadır.
İsmayıllını müasir məkana çevirmək yolları  dərindən düşünülür
Ali məktəblərə qəbul imtahanlarında 310 nəfər məzunumuz tələbə adını qazanıb. Onlardan 20 nəfəri 600-dən yuxarı, 48 nəfəri isə 500-600 arasında bal toplayıb. Tələbə qəbulunda rayonun şəhər 1, 5 nömrəli, Təzəkənd, Qubaxəlilli kənd tam orta məktəblərinin nəticələri daha yüksək olub. Tələbə adını qazanmış məzunlar sentyabr ayında keçirilən təhsil bayramında Rayon İcra Hakimiyyəti tərəfindən diplom və qiymətli hədiyələrlə mükafatlandırılıblar. Təlim-tərbiyə sahəsində qazandıqları yüksək nəticələrə görə prezident İlham Əliyevin sərəncamı ilə şəhər 3 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Humay Əhmədovaya Əməkdar müəllim fəxri adı verilib. Lahıc qəsəbə tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Dadaş Əliyev “Tərəqqi” medalı ilə təltif olunub.
Hesabat dövründə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində təhsil və tərbiyə işi müasir təhsilin tələbləri əsasında qurulub. Kollecdə 2015-2016-cı tədris ilinin tələbə qəbulu da daxil olmaqla hal-hazırda 33 qrupda, 3-ü qiyabi, 30-u əyani olmaqla 475 tələbə təhsil alır. Kollecdə əsas baza olaraq aqrar ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Bu il kolleci bitirmək barədə 13 tələbə diplom alıb və əksəri də işlə təmin olunub. Kollecin beynəlxalq əlaqələrinin qurulması istiqamətində işlər görülüb. Artan kontingentlə Peşə Tədris Mərkəzində yerləşmə mümkün olmadığından rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçmiş uşaq xəstəxanasının binası təmir olunaraq kollecin istifadəsinə verilib. Kollec yerləşdiyi yeni binanın inzibati-təsərrüfat işlərinin qurulmasını davam etdirir.
İsmayıllı Peşə Tədris Mərkəzinin son bir neçə ildə maddi texniki bazası əsaslı şəkildə möhkəmləndirilib. Mərkəzi bitirən məzunların işlə təmin olunması üçün müvafiq tədbirlər görülür. Bu il məktəbi bitirən 154 nəfərdən 71 nəfəri işlə təmin olunub. Gənclər əsasən turizm və kənd təsərrüfatı üzrə peşələrə maraq göstərir, bu sahələri seçirlər. Bunu nəzərə alaraq Mərkəzdə bu il kənd təsərrüfatı, maşın və avadanlıqların təmirçi-çilingər ixtisası üzrə qruplar açılıb. Yerli bələdçi, aşpaz, avtomobil təmiri üzrə çilingər peşələrinin seçimində də üstünlük ildən-ilə artır. Bu il Peşə Tədris Mərkəzinə 200 nəfər şagird qəbul olunub. Peşə və ixtisaslar üzrə qəbul sayı ilbəil artırılır.
Rayonun tibbi xidmət şəbəkəsi 160 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasından, 15 çarpayılıq Lahıc qəsəbə və eyni yerlik İvanovka kənd xəstəxanalarından, 500 gəlişli RMX-nın poliklinika şöbəsindən, 50 gəlişli uşaq poliklinikasından, 11 kənd həkim və 24 tibb məntəqəsindən, Gigiyena və Epidemiologiya Mərkəzindən ibarətdir.
Rayonun səhiyyə sektorunda 119 nəfər həkim, 336 nəfər orta tibb işçisi çalışır. Əhalinin hər on min nəfərinə 14 həkim, 40 nəfər orta tibb işçisi və 22,6 çarpayı düşür. Rayon Mərkəzi Xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra tam gücü ilə işləyir. İlin 9 ayı ərzində əhaliyə göstərilən səhiyyə xidmətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib. Ölkə rəhbərinin tapşırığı əsasında 2015-ci ilin fevral ayından başlayaraq may ayının 1-nə qədər rayonda əhalinin tibbi müayinədən keçirilməsi uğurla aparılıb. 68645 nəfər tibbi müayinədən keçirilib. Onlardan 1477 nəfəri ambulator, 179 nəfəri stasionar müalicəyə cəlb olunub. Son statistikaya görə rayonda 532 nəfər ilkin onkoloji, 448 nəfər vərəm və 1242 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır. Təəssüfləndirici haldır ki, bu xəstəliklər uşaqlar arasında da mövcudur. Bir sıra xəstəliklər üzrə əhali pulsuz dərmanlarla təmin olunur.
Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən də 2015-ci ilin 9 ayında bir sıra tədbirlər həyata keçirilib. Rayonda difteriya, poliomielit, qızılca, məxmərək, göy öskürək, taun, malyariya kimi təhlükəli xəstəliklər qeydə alınmayıb. Gigiyena və Epidemiologiya Mərkəzinin sanitar-gigiyena şöbəsinin mütəxəssisləri tərəfindən yaşayış məntəqələrinin sanitar-gigenik rejiminin gözlənilməsi, həmçinin kommunal, ticarət, ictimai iaşə, təhsil və uşaq müəssisələrində sanitariya nəzarəti həyata keçirilib. Aşkarlanan çatışmazlıqlar barəsində tədbir görülüb. Şəhərin su təchizatı sisteminə sanitariya nəzarəti gücləndirilib.
Rayonda mədəniyyət və turizm sisteminə daxil olan müəssisələr, eləcə də Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən çoxsaylı mədəni-kütləvi tədbirlər keçirilib. Mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi üçün hər cür şərait yaradılıb.
Rayon mərkəzində regionun ən böyük monitoru quraşdırılaraq şöbəyə hədiyyə olunub. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən “İsmayıllı günü” hesabat dövründə görülmüş ən böyük və ən yaddaqalan nailiyyətlərdən biridir. Bakı şəhərində keçirilən digər respublika əhəmiyyətli sərgi və müsabiqələrdə Şöbə rayonumuzu yüksək səviyyədə təmsil edib. Dövlət tədbirlərinin, tarixi günlərin, əlamətdar hadisələrin, milli bayramların və digər tədbirlərin təşkili və keçirilməsində rayon Mədəniyyət və Turizm Şöbəsi yaxından iştirak edir.
Azsaylı xalqların, etnik qrupların milli-mədəni irsi daim diqqətdə saxlanılır, folklor qruplarının çıxışları təşkil edilir. Son illər rayona gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb. Sevindirici haldır ki, hesabat dövründə rayonumuzda Turizm İnformasiya Mərkəzi yaradılıb. 2015-ci ilin müvafiq dövrü ərzində 24500 nəfər turist rayonmuza səfər edib. Hər il təkcə Lahıca 50 mindən çox turist gəlir. Gələn turistlərin böyük əksəriyyəti tarixi abidələrimizə daha çox maraq göstərir. Rayonda 233 tarix və mədəniyyət abidələri mövcudur.
Bu sahədə görülmüş işlərlə yanaşı mədəni-maarif müəssisələrinin, turizm obyektlərinin fəaliyyətində problemlər, nöqsan və çatışmazlıqlar da mövcuddur. Rayonda fəaliyyət göstərən 33 klubdan 3-ü, 49 kitabxanadan 2-si xüsusi layihə əsasında tikilib. Kitabxana binalarının, klub və yaradıcılıq evlərinin tikilməsinə ciddi ehtiyac vardır. Kitabxanaların çoxu qəzalı vəziyyətdə olan binalarda yerləşir. Mədəniyyət obyektlərində müasir texnologiyanın tətbiqi, onlardan istifadə imkanları çox aşağıdır. İstirahət mərkəzlərinin bir çoxu müasir tələblərə cavab vermir. Rayon İncəsənət məktəbində tədrisin təşkili üçün normal şərait yoxdur, yeni, müasir tələblərə cavab verən binanın tikilməsi vacibdir. Kadrların çoxu orta-ixtisas təhsillidir.
Rayonda gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların düzgün həyat tərzi keçirməsi, zərərli vərdişlərdən uzaq olması, asudə vaxtlarının səmərəli keçirilməsi və intellekt səviyyəsinin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Gənclərin təşkilatlanması, onların intellektual səviyyəsinin yüksəldilməsi, rayonun sosial-iqtisadi inkişafında iştiraka cəlb edilməsi, məşğulluğunun artırılması, sosial şəbəkələrdə düşüncəli qaydada işləmələri, dil öyrənmələri, innovativ biliklərə yiyələnmələri ilə bağlı görülmüş işlər davam etdirilir, fərqlənən gənclərin irəli çəkilməsinə, onlara məsul işlərin həvalə edilməsinə, təhsilli və bilikli gənclərin işlə təmin olunmasına diqqət artırılır. Gənc kadrların irəli çəkilməsinə, dövlət idarəçiliyinə cəlb edilməsinə xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, İsmayıllı rayonu 2015-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilmişdir. Hesabat dövrü ərzində İsmayıllı Rayon Gənclər və İdman İdarəsi tərəfindən gənclərlə iş sahəsində 56 tədbir keçirilib. Onlardan 18-si respublika, 4-ü region, 34-ü isə rayon miqyaslı tədbirlərdir. İdman sahəsi üzrə keçirilmiş 92 tədbirdən 17-si respublika, 5-i beynəlxalq, 70-i isə rayon miqyaslı olub. İdmançılarımız regional, respublika və beynəlxalq turnirlərdə müvəffəqiyyətlə çıxış ediblər. Yanvar ayında Qazaxıstanda keçirilən Cüdo üzrə Dünya kuboku yarışında Fəridə Qurbanova II yerə, Bakı şəhərində keçirilmiş şahmat üzrə XI Beynəlxalq həlletmə yarışında Ramil Cavadov III yerə layiq görülmüşdür. Aprel ayında keçirilmiş Poverlifinq üzrə açıq Avropa çempionatında Kamil Qafarov 2 qızıl medala layiq görülüb, iyun ayında Riqa şəhərində keçirilmiş Avropa çempionatında, sentyabr ayında Bakı şəhərində keçirilən Azərbaycan çempionatında 1-ci yeri tutub.
Mart ayında cüdo döyüş növləri üzrə VII Azərbaycan çempionatında rayonumuzu təmsil edən Afiq Hüseynov və Ceyhun Ağamalıyev I yeri, Təbriz Babayev və Rəhman Cəbiyev II yeri qazanıblar. Digər idman növləri üzrə yarışlarda II-III yerlərə layiq görülmüş idmançılarımız da çox olub. Hesabat dövründə İsmayıllı Olimpiya-İdman Kompleksində velosiped idmanı üzrə bölmə fəaliyyətə başlayıb. Sentyabr ayında Gənclər və İdman Nazirliyi İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə İsmayıllı rayonun 2015-ci ilin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar ali məktəb tələbələrinin iştirakı ilə etno-irs günləri keçirilib. Rayonda 9 ay ərzində ictimai və qeyri-hökümət təşkilatlarının keçirdiyi seminar və treniqlərdə rayon gəncləri fəal iştirak ediblər.
Rayonumuzda dinlərə, milli və etnik qruplara münasibətdə əsl mənada tolerantlıq hökm sürür. “Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikası Qanununun pozulması hallarına yol verilməyib, milli və dini zəmində hər hansı konfilikt, qarşıdurma və ya ziddiyyət baş verməyib. Keçirilən dövlət və dini bayramlarda, tarixi günlərin qeyd edilməsində rayon rəhbərliyi müntəzəm iştirak edib.
İqtisadi inkişafın əsasını təşkil edən ictimai-siyasi mühitin sabitliyi, siyasi fəaliyyətin qanuni əsasda təşkili RİH-nin hər an diqqətində olub. Gündəlik ideya təbliğində, ictimai-siyasi fəaliyyətdə Azərbaycan Respublikası Konstitusiyası, Respublika Prezidentinin fərman, sərəncam və tapşırıqları, müvafiq qanunvericilik aktları əsas götürülüb.
Rayonda siyasi fəaliyyət Azərbaycan Respublikası Prezidenti Administrasiyasının göstəriş, tapşırıq və tövsiyələrinə uyğun aparılıb. Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin, aparılan məqsədyönlü xarici siyasətin nəticələri əhali arasında geniş təbliğ olunub. Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu, onları narahat edən problemlərin həllinə diqqət daha da artırılıb. Hesabat dövründə Rayon İcra Hakimiyyətində və yaşayış məntəqələtində çoxsaylı görüş-qəbullar keçirilib, əhalini narahat edən problemlər öyrənilib və aradan qaldırılıb. Problemlərin çevik öyrənilməsi və dərhal tədbir görülməsi məqsədilə Rayon İcra Hakimiyyətinin qaynar xətti fəaliyyət göstərib, səyyar qəbullara daha çox üstünlük verilib.
Məruzənin yekununda bildirilib ki, Azərbaycanın uğurlu gələcəyi naminə qarşımızda daha məsul və yerinə yetirilməsi vacib olan çox böyük vəzifələr durur. Möhtəşəm vəzifələrin həyata keçirilməsində, milli maraqlar üzərində qurulmuş iqtisadiyyatın inkişafında, özlərinin və digər insanların daha firavan yaşaması yolunda ismayıllılar həmişə öndə gedəcəklər. Rayonda ölkə rəhbərinin tövsiyə və tapşırıqları, Dövlət Proqramları uğurla icra olunacaq, əhalini narahat edən məsələlər qısa vaxtda öz həllini tapacaqdır. Bununla da İsmayıllı Respublikanın hərtərəfli inkişaf etmiş rayonlardan birinə çeviriləcəkdir.

Şərh Yaz