Ümumilli lider Heydər Əliyev fenomenal tarixi şəxsiyyətdir

Filosoflar qeyd edirlər ki, xalqların taleyində mühüm rol oynamış şəxsiyyətlər, bir qayda olaraq, tarixin gedişinə təsir göstərir və xilaskar missiyaları ilə yeni bir tarix yaradırlar. XX əsrdə xalqımızın yetirdiyi qeyri-adi və fenomen şəxsiyyət –“ ümumilli liderimiz Heydər Əliyev də məhz hər zaman böyük rəğbət və ehtiramla xatırlanır. Xalqımızın qərinələr boyu qazandığı dövlətçilik ənənələrini məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına salıb, millət kimi mövcudluğunu, dövlət qumaq haqqını, özünü idarə etmək bacarığını ən yüksək həddə nümayiş etdirib. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol, əslində, məhz dahi öndərimizin hakimiyyətə gəlişindən sonra başlayıb. Etiraf etməliyik ki, Azərbaycanın son onilliklər ərzində qazandığı uğurlar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır.
Dərin zəkası, lider xarizması, milli ideallara sıx bağlılığı, unikal idarəçilik məharəti, zəngin mənəviyyatı ilə hər zaman xalqının sevimli şəxsiyyəti olmuş Ulu öndərimiz bu ucalığa hakimiyyət sükanının arxasına keçdiyi ilk gündən qanunsuzluğa, ədalətsizliyə və nihilizmə qarşı apardığı prinsipial mübarizə ilə yüksələ bilib. 1969-cu il iyulun 14-də Azərbaycana rəhbərliyə başlayan Heydər Əliyev hüquqi mexanizmləri gücləndirib,məmur özbaşınalığına, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizə aparıb, xalqımızın milli və iqtisadi inkişafını təmin edib. Ulu öndər Heydər Əliyev hələ o zaman sərt ideoeloji buxovlar şəraitində xalqımızın hüquqları uğrunda keçmiş ittifaq rəhbərliyi ilə mübarizə aparıb, milliləşdirmə siyasəti yeritməklə mütərəqqi fikirli ziyalıları amansız təqib və təzyiqlərdən qoruyub. Ulu öndər respublikamızın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə, onların həlli üçün lazımi idarə, qətiyyət və prinsipiallıq göstərib, hər cür riskə rəğmən, o dövrün naqisliklərini açıq deməkdən çəkinməyib.
Ümumilli liderimiz Heydər Əliyevin tarixi missiyası həm də o dövrdə xalqın daxilində toplanan milli ruhu və ideyaları keçmiş rejimin hücumlarından qoruyaraq Azərbaycan xalqının milli yüsəlişini təmin etmək, hüquqlarını qorumaq olub. Böyük strateq keçmiş ideologiyanın sərt qəlibləri çərçivəsində belə, Azərbaycanda milli ruhun tamamən sıxışdırılmasına yol verməyib, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarıb. Təsadüfi deyil ki, Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonrakı dövr həm də milli özünüdərk və özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Tarixi məhz bu dövrdən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyası istiqamətini də xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi, azərbaycanlı məfkurəsinin yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gərçəkləşdirilməsi təşkil edib.
Əgər Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə xalqımızın sosial-iqtisadi-mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik, heç bir dövlətdən asılı olmayan təsisat kimi mövcudluğu şübhə altında olardı. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın iqtisadi-siyasi, intellektual və hüquqi baza formalaşdırırdı. Bu addımlar respublikamızın müstəqilliyinin müvcutluğunun təmin edilməsinə yönəldiyindən, 1991-ci ildə müstəqillik qazanan Azərbaycanın iqtisadi potensialı bir sıra dövlətlərdə qibtə doğururdu. 1991-1993-cü illərdə Azərbaycanda iqtisadi tənəzzül güclənmiş, siyasi böhran dərinləşmiş, cəbhə bölgəsində hərbi uğursuzluqlar artmış, ölkə vətəndaş qarşıdurması, parçalanma həddinə çatmış,insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində acınacaqlı vəziyyət yaranmışdı.
1993-cü ilin məlum Gəncə hadisələrinin fonunda Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsini daha dərindən hiss edən müdrik xalqımız yaranmış acınacaqlı şəraitdən çıxış yolunu məhz ümummillin liderimiz Heydər Əliyevin şəxsində görmüşdü. 1993-cü ilin 9 iyununda xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn ulu öndərimiz Azərbaycanı iflasdan, fəlakətdən qurtarıb, dövlətçiliyi möhkəmlədib, onu xain əllərdən, çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəldib. Bu qayıdış əsrlərin sınağından keçə-keçə min bir əziyyətlə məqsədinə doğru addımlayan bir millətin özünə qayıdışına çevrilib, bununla da, Azərbaycan özünün müstəqillik tarixinin daha şərəfli və əzəmətli mərhələsinə qədəm qoyub. Böyük şəxsiyyət olaraq Heydər Əliyev cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafeylərinin etibarlı təminatında görərək bunun üçün bütün zəruri tədbirləri hayata keçirib. Məhz Ulu öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması,insanların azad, sərbəst yaşaması,qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ- hüuqi baza yaradılıb. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulub, onun təkminləşdirilməsi prosesi uğurla davam etdirilib.
Ulu öndərimizin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümümxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatı dövlətin ali məqsədi kimi ön plana çıxarıb. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəsini son dərəcə vacib sayaraq, ilk gündən yeni neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi üçün əzmlə çalışıb. Azərbaycanın məhdud maliyyə imkanları ilə zəngin neft-qaz yataqlarının mənimsənilməsinin, bu əvəzsiz təbii sərvətin qərb bazarlarına çıxarılması yollarını düzgün qiymətləndirən Heydər Əliyev çıxış yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görüb. Azərbaycan rəhbərliyi həmin illərdə, həqiqətəndə, heç bir səhvə yol vermədən iri Qərb şirkətləri ilə aparılan danışıqların məntiqi sonluqla yekunlaşmasına nail olub. Ümummilli liderimiz ölkədə içtimai-siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını uğurla həyata keçirib, bu siyasi kurs bütün istiqamətlərdə Azərbaycan dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi məqsədinə xidmət edib.
Hüquqi dövlət quruculuğu, ölkənin sosial iqtisadi inkişafı, vətəndaş cəmiyyətinin qurulması, milli təhlükəsizlik və xarici siyasət kursunun uğurla aparılması, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütövliklə müstəqilliyimizin möhkəmlənməsinə, əhalinin rifahının yüksəlməsinə yönəlib. Onuda etiraf edək ki, bütün xalqların həyatında dövlətin varislik tarixi ciddi əhəmiyyətə malikdir. Tarixin konkret məqamında ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin labüdlüyünü şərtləndirən amillər isə, heç şübhəsiz ki , bu kursun bütünlüklə Azərbaycanın dövlətçilik maraqlarının həyata keçirilməsinə yönəldilməsindən ibarət idi. Belə bir zamanda ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirmiş olduğu siyasi kursun, milli dövlətçilik konsepsiyasının varisliyinin təmin olunması zərurəti sosial sifariş kimi ortaya çıxıb.
Ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüş bütün ideyaların bu gün Prezident İlham Əliyev tərəfindən yaradıcı şəkildə reallığa çevrilməsi Azərbaycan həyatının sevindirici gerçəklikləridir. Müasir dövlətimizin memarı Heydər Əliyevin başladığı böyük işləri və taleyüklü məsələləri, planları, gənc dövlətimizin milli mənafeyinə tam uyğun müstəqil daxili və xarici siyasəti Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhərliyi altında uğurla davam etdirilir. Cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk günlərindən respublikanın müxtəlif regionlarında seçkiqabağı görüşlərində verdiyi vədlərinə əməl edərək, ölkə iqtisadiyyatının daha sürətlə inkişaf etdirilməsi və əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində çox mühüm tədbirlər həyata keçirib.
Dövlətimizin və xalqımızın gələcəyi naminə görülən bütün bu işlər isə insanlarımızın ulu öndər Heydər Əliyev kursuna inamını daha da artırır və bu kursun əbədiyaşarlığını təmin edir.
Ümumilli lider Heydər Əliyev fenomenal tarixi şəxsiyyətdir
Vasif Cabbarov,
İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi

Şərh Yaz