Yerlərdə qəbullar keçirilir

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının yerlərdə qəbulların keçirilməsi qrafikinə uyğun olaraq 28 iyul 2015-ci il tarixdə II Yeniyol kənd sakinləri ilə səyyar qəbul-görüş keçirilib.
Qəbulda RİH başçısının şöbə müdirləri, xidmət təşkilatlarının rəhbərləri də iştirak ediblər.
Kənd sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi xüsusi diqqət və qayğıdan, respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışılıb.
Yerlərdə qəbullar keçirilir
Kənd sakinləri kəndin sürüşmə zonasına düşən evlərinin, kəndə gələn və kənddaxili elektrik xətlərinin qəzalı vəziyyətdə olması ilə bağlı fikir və xahişlərini diqqətə çatdırıblar. Elektrik transformatorunun mühafizə hasarına alınmaması narahatlıq yaradan hal kimi bildirilib.
Sakinlər bələdiyyənin perspektiv inkişaf fondu torpaqları olmaması səbəbinsdən fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi ala bilməmələrindən gileyləniblər, onlara bu sahədə köməklik göstərilməsini xahiş ediblər. Kənddə mövcud problemlərdən biri də məktəblilərin qonşu Təzəkənd kənd tam orta məktəbinə gedib-gəlməsində olan çətinliklərlə bağlı olub. Valideynlər şagirdlərin məktəbə avtobusla daşınması məsələsini vacib hesab ediblər.
Görüş-qəbul zamanı məlum olub ki, yeni dərs ilinədək kənddəki ibtidai məktəb istilik sistemi ilə təmin olunacaq.
Keçirilən səyyar qəbul-görüşdə sakinlər tərəfindən edilən müraciətlərlə bağlı müvafiq təşkilatların rəhbərlərinə, kəndin mənsub olduğu Təzəkənd bələdiyyəsinə lazımi tapşırıq və göstərişlər verilib.

**
Həmin gün II Yeniyol kəndində qəbul keçirən heyət Müdri kəndində də inzibati ərazi dairəsində yaşayan sakinlərlə görüş keçirib. Görüş zamanı yağmurlu havalarda enerji təchizatında yaranan fasilələrdən, çınqıl örtüyü olmayan kənd yollarının payız, qış aylarında keçilməzliyindən söz düşüb.
Kənd sakinlərinə yerli şəraitə uyğun heyvandarlıq, bağşılıq, kartof əkini kimi gəlirli iş sahələrini inkişaf etdirmək, bunun üçün dövlət tərəfindən sərfəli şərtlərlə verilən kreditlərin alınması tövsiyə olunub.
Kənd sakinləri rayonun ucqar kəndlərində diqqət və qayğıdan kənarda qalmadıqlarına görə ölkə və rayon rəhbərliyinə minnətdarlıq ifadə ediblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz