Mətbuatın 140 illik yubileyi qeyd olundu

Prezident İlham Əliyevin sərəncamına əsasən, Milli Mətbuatın yaranmasının 140 illiyi münasibətilə keçirilən tədbirlərə iyul ayının 22-də yekun vurulub. Bu silsilədən İsmayıllı rayonunda da “Milli mətbuatımızın 140 illik tarixi yolu” mövzusunda tədbir keçirilib. İsmayıllının 80 illik mətbuat tarixindən bəhs edən “Tarixi yaşadanlar” adlı kitabın təqdimat mərasiminin həmin gündə keçirilməsi də yubiley tədbirinə xüsusi ahəng qatıb.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun, rayonda “Zəhmətkeş”, “Cavanşir yurdu”, “Girdiman” adı ilə çıxan qəzet əməkdaşlarının, mətbuatla yaxın əlaqə saxlayan qurum nümayəndələrinin, “Dağ çiçəkləri”ədəbi məclisi və “İsmayıllı Yazarları” ictimai birliyi üzvlərinin, eləcə də “İsmayıllı xəbərləri” qəzetinin yaradıcı heyətinin iştirak etdiyi tədbirdə Milli Mətbuatın 140 illik yubileyinə həsr olunan məruzə ilə RİH-in baş məsləhətçisi Murad Məhərrəmov çıxış edib
Mətbuatın 140 illik yubileyi qeyd olundu
Mətbuatın 140 illik yubileyi qeyd olundu
Məruzə ətrafında çıxışlarda uzun müddət “Zəhmətkeş” və “Cavanşir yurdu” qəzetlərinin redaktoru olmuş, xalqın sevimli şairi Musa Yaqub, nəğməkar şair – Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, gənclik illərini “Zəhmətkeş” qəzetində redaktor işinə həsr etmiş jurnalist, dövlət qulluğu veteranı Valeh Salehov, hazırda “İsmayıllı xəbərləri” qəzetinin ictimai müxbiri kimi peşəsinə bağlılıq nümayiş etdirən, İsmayıllı rayonunun mətbuat tarixindən bəhs edən “Tarixi yaşadanlar” kitabının müəllifi, jurnalist Bəybala Babayev, yazıçı, veteran jurnalist Məmmədmirzə Rzayev, jurnalistikaya könül verdiyi gündən respublika mətbuatında, rayonun “Zəhmətkeş”, “Cavanşir yurdu”, “Girdiman”, “İsmayıllı xəbərləri” qəzetlərində ən oxunaqlı yazıların müəllifi kimi rəğbət qazanmış İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, Lətifə Əliyeva, “İsmayıllı xəbərləri” qəzetinin dizayneri Dönməz Abbasov, qəzetin baş redaktoru Şahməmməd Soltanov müasir mətbuatla, çapdan yeni çıxmış kitabla bağlı fikirlərini söyləyiblər.
Fürsətdən istifadə edən qəzet redaktoru İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunduğu gündən İsmayıllı mətbuatına, İsmayıllı yazarlarına, ümumiyyətlə jurnalistika sahəsinə şərəflə xidmət edən hər kəsə hörmət, diqqət və qayğı ilə yanaşan Mirdaməd müəllimə bu sahədə çalışanlar adından dərin minnətdarlığını bildirib.
RİH başçısı M.Sadıqov jurnalist adını uca tutanlara, qərəzsiz informasiya yayanlara, respublikadakı, bölgələrdəki gündəlik, dinamik inkişafı mətbuat səhifələrində, digər kütləvi informasiya vasitələrində obyektiv işıqlandıranlara dəyərli tövsiyələrini, xoş arzularını, təşəkkürünü çatdırıb.
Rayonun gündəlik həyatını kütləvi informasiya vasitələrində işıqlandırmaqda fərqlənənlərin bir qrupuna RİH-nin mükafatları və “İsmayıllı xəbərləri” qəzetinin Diplomları təqdim olunub.
Tədbirin bədii hissəsini İsmayıllı Mədəniyyət Mərkəzinin “Niyal” xalq çalğı alətləri ansamblı üzvlərinin –“ Sahibə Abdullayevanın, Rövşən Teyyubovun, Qalib Güləliyevin, Bəhruz Haşımovun və İntiqam İbrahimovun oxuduğu mahnılar təşkil edib.
Xalıq Xalıqov

Şərh Yaz